BLOQ

Balaca kreslo, böyük BMT və nəhəng alqoritm

... Və ya kresloda oturaraq yazdığım məqalə

Balaca kreslo, böyük BMT və nəhəng alqoritm
  • Oxuma müddəti:

    15 dəqiqə

  • I. Bir Kreslo Haqqında Əfsanə

    Nyu-Yorkda yaşayan bir dostum var, əvvəllər ANS-də proqramçı işləyirdi, ləqəbi də Eston idi... Sonralar, 2010-cu illərdə o, Azərbaycanın gələcəyinə inanmayaraq ailəsi ilə ABŞ-a köçdü və orada mebel fabrikində kreslo sexinin ustası vəzifəsinə işə düzəldi. Günlərin bir günü həmin fabrikə ciddi bir müştəri tərəfindən böyük həcmdə kreslo istehsalı sifariş olunur. Vaxt məhdud idi və bu səbəbdən ustalar iki növbə çalışırdılar. Sonuncu kreslonu da bizim bu Eston istehsal edirmiş. Belə ki, bu canıyanmış sonuncu kreslonun oturacağını tikəndə boz rəngli sap qurtarır və dostumuz azərbaycanlı məharəti ilə əlinin altında olan ağ sapdan istifadə edir. Tikiş daxili olduğundan ilk baxışdan həmin ağ sap görünmürdü, amma o, orada idi...
    Sabahı gün sifarişçi Birləşmiş Millətlər Təşkilatı kresloları aparıb Baş Assambleya zalında yerləşdirir. O taleyüklü gündə, 2026-cı il sentyabrın 24-də həmin kreslo zalda idi. Kreslo boz idi, rahat idi və içində olan ağ sap haqqında heç kimə heç nə demirdi. Kreslolar adətən danışmır. Həmin gün o kresloda Azərbaycan nümayəndəliyinin birinci katibi əyləşmişdi. Birinci katib — diplomatiyada elə vəzifədir ki, onu adətən qeydlər aparmaq üçün göndərirlər. Odur ki, o, qeyd aparırdı... Tribunada isə Benyamin Netanyahu danışırdı.
    İki gün sonra bu kreslo dünyanın ən güclü silahına çevrildi. Bilmirəm, bu ağ sapın bunda rolu var idi, ya yox, amma nə nüvə başlığı, nə dron — sadəcə bir kreslo və onun üstündə oturan bir adam regionda bir partlayış yaratdı. Bu silah əsrlik qardaşlığı vurmağa yönəldilmişdi. Hədəfə dəydimi? Gəlin. birlikdə araşdıraq…

    Bu, iki qardaşın hekayəsidir. Onları bir-birinə düşmən etmək üçün, görünür, 2026-cı ildə artıq tank lazım deyil — mobil telefon kifayətdir.

    II. “Hamı Yatıb, Tək Çirtdan Oyaq”

    Sosial şəbəkədə yayılan versiya belədir: bütün dünya zalı tərk etdi, yalnız Azərbaycan oturdu. Xüsusi xidmətlərin (CIA, MI6, "KQB" və s.) dili ilə desək, bu, klassik “aktivnoye meropriyatiye”dir (“aktiv tədbir”). Maraqlı və işləyən hekayədir.

    Baxın, BMT-də 193 üzv dövlət var. Ən yüksək hesablamalara görə, Netanyahu danışanda təxminən 70–77 nümayəndəlik zalı tərk edib və ya ümumiyyətlə həmin gün iclasa gəlməyib. Deməli, 110-dan çox ölkə yerində qalıb. Şübhəsiz ki, bu boyda tribunada çıxışa hazırlaşan hər hansı bir siyasətçiyə protest olaraq zalı 10 nəfər də tərk etsə, ən azı təhqirdir. Amma Netanyahu 70-dən çox nümayəndənin tribunaya yox, ona arxa çevirib — sözün həm siyasi, həm də anatomik mənasında — zalı tərk etməsini seyr edə-edə çıxışını davam etdirdi.

    Zalda qalanlar arasında kimlər vardı? ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Kanada, Çin, Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Yunanıstan, Kolumbiya, digər ölkələr və ağ saplı kresloda hay-küyün qəhrəmanı Azərbaycan. Zalı tərk edənlər əsasən Türkiyə, Qətər, İran, Səudiyyə, Malayziya, İndoneziya və başqaları idi.

    III. Kreslonun Ağ Sapı və Qardaşlıq İpləri
    Gəlin, məlumat, şişirdilmiş xəbər və statistika üçlüyünün sonuncusuna dəqiq, qərəzsiz və vicdanla müraciət edək. Bir tərəfdə içində lənətə gəlmiş ağ saplı kreslo, Azərbaycanın birinci katibi və Netanyahunun bir saatlıq çıxışı. Digər tərəfdə isə bunlar:
    1918 — Nuru Paşanın Qafqaz İslam Ordusu Bakının köməyinə gəldi. Minə yaxın türk əsgəri bu torpaqda əbədi qalaraq şəhid oldu.
    1921 — Bu dəfə yardım istəyən Ankara idi. Mustafa Kamalın müraciətindən sonra N. Nərimanovun rəhbərlik etdiyi Sovet Azərbaycanı Türkiyənin İstiqlal savaşına 500 kiloqram qızıl, neft məhsulları və silah-sursat göndərdi. Azərbaycanlılar da qardaş Türkiyənin dar günündə onun yanında oldular: 1200 nəfərlik Azərbaycan hərbi birliyi, aralarında 56 zabit olmaqla, Türkiyə ordusunun sıralarında döyüşdü və şəhidlər verdi. “Qardaş qardaşa borc verməz” deyən Nərimanov 1918-də Bakının əlindən tutan Türkiyənin 1921-də əlini buraxmadı. Ümumiyyətlə, həmin dövrdə Sovetlər Ankara hökumətinə təxminən 11 milyon qızıl rubl, 40 minə yaxın tüfəng, milyonlarla patron, yüzlərlə pulemyot və top göndərdilər.

    1990 - Heydər Əliyev: “Bir millət, iki dövlət” şüarı ilə millətlərin taleyini ismarlayır.
    2006 - Bakı–Tbilisi–Ceyhan neft kəməri işə düşür: 1 768 km.
    2018 - TANAP qaz kəməri açılır; SOCAR-ın İzmirdəki STAR emal zavodu işə düşür.
    2020 - 44 günlük müharibə - Türkiyə Azərbaycanın yanındadır - siyasi, media və hərbi dəstəklə.
    2021 - Şuşa Bəyannaməsi: qarşılıqlı yardım öhdəliyi olan müttəfiqlik.
    2023 - Zəlzələ: Azərbaycan Türkiyəyə 725 xilasedici göndərir - ən böyük qrup.
    2025 - Ticarət dövriyyəsi: 5,7 milyard dollar.
    2026 - Azərbaycanın Türkiyədəki investisiyaları: 20 milyard dollar; Türkiyənin Azərbaycandakı investisiyaları: 18 milyard dollar; Azərbaycanda 4000-dən çox türk şirkəti.

    İndi bunları tərəziyə qoyaq. Bir gözündə bir ağ saplı boz kreslo, o biri gözündə 38 milyard dollar, 1 768 km neft və qaz kəmərləri, 725 xilasedici, Bakı və Ankara torpağında yatan türk və azərbaycanlı şəhidləri. Zuckerberg, Musk, Zhang və digərlərinin qurduğu sosial şəbəkə alqoritmlərinə görə isə tərəzidə kreslo daha ağır gəlir. Çünki alqoritm tarix bilmir, qardaşlıq bilmir — o, yalnız əsəbi ölçür.
    Atatürk demişdi: “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir.” Biz isə, heç olmasa, eyni hərflə başlasalar da, “kədər”lə “kreslo”nun fərqini anlamalıyıq.

    IV. Ayrıca Fəsil: Ceyhan Paradoksu və ya Ceyran Parovozu
    2024-cü il mayın 2-də Türkiyə İsraillə idxal, ixrac və tranzit ticarəti tam dayandırdığını elan etdi. Amma Azərbaycan nefti Ceyhan üzərindən İsrail bazarına getməyə davam etdi. 2025-ci ildə bu axın orta hesabla gündə 94 min barrelə çatdı və Azərbaycan nefti İsrailin ümumi xam neft idxalının 46,4 faizini təşkil etdi. BTC-nin Türkiyə hissəsini BOTAŞ International idarə etsə də, rəsmi Ankara bildirir ki, operator neftin alqı-satqısına və son təyinat məntəqəsinə qərar vermir. Maraqlıdır…

    Ümumiyyətlə, “satqın” sözünü daha da dramatik edən onun kökündə olan “satmaq” feili nəticə etibarilə qazancı da nəzərdə tutur. Bir var ceyranı meşədə görürsən, bir də var ceyranları parovozla düz evinə gətirirlər — kim imtina edər? Hər halda, bu, xainlik deyil — bu, Yaxın Şərqdə dövlət idarəçiliyidir. “Şərq çox incə məfhumdur, Petruxa…” və Instagramdan mürəkkəbdir — bilmirsən nəyi like edəsən.

    V. Cahillərin Nifrət Nazirliyi
    Təsəvvür edin ki, haradasa bir ofis var. Qapısında “Cahillərin Nifrət Nazirliyi” yazılıb. İçəridə iki şöbə çalışır. Birinci şöbə türk istifadəçiləri üçün yazır: “Azərbaycan bizi satdı.” İkinci şöbə azərbaycanlı istifadəçilər üçün yazır: “Türkiyə bizə minnət qoyur.” Hər iki şöbənin müdiri eyni adamdır və o, nə türk, nə də azərbaycanlıdır. Bu ofis uydurmadır. Amma suala baxın: bu dava kimə sərf edir?

    - Zəngəzur dəhlizinin və Türk dövlətləri birliyinin güclənməsini istəməyən hər kəsə;
    - Türkiyənin Qafqazda dayaq nöqtəsini və Xəzərə qapısını itirməsini istəyən hər kəsə;
    - Azərbaycanın tək, müttəfiqsiz qalmasını istəyən hər kəsə;
    - Və əlbəttə, "klik" və əsəbdən pul qazanan reklam platformalarına.

    Siyahıda Türkiyə yoxdur. Azərbaycan da yoxdur. Fələstin də yoxdur — Bakı ilə Ankaranın söyüşü Qəzzəyə bir loxma da göndərmir. Ümumiyyətlə, siyasi dil yalanı doğru kimi səsləndirmək üçün qurulub. Sosial şəbəkə dili isə daha irəliyə gedib: o, bir kreslonu xainlik, bir TikTok videosunu “millətin rəyi”, anonim bir hesabı “bütün Türkiyə” kimi səsləndirir.

    Demokratiyanın böyük bağırsağından ifraz olunan sosial şəbəkələr hamıya danışmaq və yazmaq imkanı verib və insanlar bu imkandan məharətlə istifadə edirlər. Sosial şəbəkənin problemi hamıya söz verməsi deyil. Problem odur ki, alqoritm ən ağıllı fikri yox, ən güclü emosiyanı mükafatlandırır. Ona görə bir professorun sakit arqumenti yüz nəfərə çatır, bir avamın qəzəbli videosu isə yüz min nəfərə. Avam adamın ən böyük problemi odur ki, çox vaxt avam olduğunu dərk etmir. Proseslərdə iştirak edir, özünü ağıllı hesab edir və səhv edən çoxluğun bir hissəsi olaraq özünü haqlı sayır.
    Rasim Balayev (Nəsimi" filmində) burada deyərdi: “Bədbəxt, sənin gözündə tor var.” Amma bu gün bu ifadənin özü də təhlükəlidir — çünki tor artıq cəhalətin yox, superqəhrəmanın atributudur. Spider-Man isə bədbəxt deyil — dünyanın xilaskarıdır. Və bütün bu avam insanlar “Cahillərin Nifrət Nazirliyi”nin, qısa desək, CNN-in əvvəlcədən yazılmış ssenarisinin pulsuz aktyorlarıdır. Bir avam istifadəçi “paylaş” düyməsini basır və həmin an vacib adama çevrilir: onunla razılaşırlar, ona "like" verirlər — bir sözlə, o nazirliyin ən səmərəli məmuruna, “müdirinə” çevrilir. Maaşsız, məzuniyyətsiz və təqaüdsüz.

    VI. Belə Şeylər Olur. Amma Olmamalıdır
    Vonnequtun "Sallaqxana-5" romanında yadplanetlilər zamanı bütöv görürdülər: keçmişi, indini və gələcəyi bir anda. Gəlin, bir dəqiqəlik onlar kimi baxaq.

    1918-ci ildə Bakı qəbiristanlığında bir türk əsgəri dəfn olunur. 1921-ci ildə Ankara döyüşündə bir azərbaycanlı əsgər şəhid olur. 2020-ci ildə Şuşada türk bayrağı Azərbaycan bayrağının yanında dalğalanır. 2023-cü ildə Hatayda bir azərbaycanlı xilasedici dağıntıların altından bir türk uşağının səsini eşidir. 2026-cı ildə isə kimsə Türkiyə və ya Azərbaycanda telefonunu götürüb yazır: “Onlar bizim qardaşımız deyil!”, “Yerlərini bilsinlər!”, “Bizə hörmət etməlidirlər!”.

    İndi isə Vonnequtvari bir antiutopiya təsəvvür edək:
    2031-ci ildə Hindistan, Ermənistan və bir sıra Avropa dövlətləri HAES adlı hərbi-siyasi koalisiya yaradır və Qarabağın statusunu yenidən silahlı müzakirə mövzusuna çevirməyə çalışırlar. İran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxaraq qondarma “Talış-Muğan Respublikası” layihəsini maliyyələşdirir və HAES-lə yaxınlaşır. Rusiya isə “Bütöv Ləzgistan” kartını yenidən xəritəyə atır, yerli narazı qrupları və xüsusi xidmət şəbəkələrini hərəkətə gətirərək Azərbaycanın şimalında ciddi provokasiyalar yaradır. Ardınca "ODKB" (KTMT) HAES ilə hərbi-siyasi əməkdaşlıq memorandumu imzalayır və regiondakı fəaliyyətlərini koordinasiya etməyə başlayır.
    Bütün bu anlar Vonnequtun dünyasında eyni vaxtda mövcuddur. Və uzaqdan baxanda 2026-cı ildə bir kreslo üstündə başlayan isterika gələcək bəlaların qapısını açan ən mənasız hadisələrdən biri kimi görünür. Avamlığın dərmanı tindəki aptekdə satılmasa da, onun müalicəsi mövcuddur. Zamanı bütöv şəkildə görmək çətin olsa, müalicənin bir az aşağı büdcəli versiyasını mən təklif edə bilərəm. Hər şeydən əvvəl, hər hansı bir video görəndə əsəbləşməyin. Ona qədər sayın və bu müddətdə yoxlayın:

    - Post kimə məxsusdur? Hesab nə zaman açılıb? Adı və üzü, dostları və oxucuları varmı?
    - “Hamı”, “bütün” sözlərindən istifadə edirsə - izləyicilərin sayına baxın. Adətən o çox azdır.
    - Bir diplomatın hərəkətini xalqın rəyi, bir blogerin sözünü dövlətin mövqeyi saymayın.
    - “Paylaş” düyməsini basmazdan əvvəl özünüzdən soruşun: bunu bir-birinin uğrunda həlak olan Türkiyə və Azərbaycan şəhidlərinin gözünə baxa-baxa edə bilərəmmi?

    Türkiyə ilə Azərbaycan hər məsələdə eyni fikirdə olmayacaq. İsrail məsələsində artıq eyni deyillər və bunu bir-birindən gizlətmirlər. Amma qardaşlıq fikir birliyi deyil; qardaşlıq fərqli fikirdə olanda da masadan durub getməməkdir, daim bir-birini müdafiə etməkdir.

    Bu hekayənin ən gülünc tərəfi budur:
    Netanyahu çıxışını edib getdi və hamı kimi əvvəl-axır layiq olduğu kresloda oturacaq.
    Azərbaycanın birinci katibi çoxdan başqa bir iclasda, başqa bir kresloda yeni qeydlər aparır.
    Arada dostumun ustalıqla düzəltdiyi kreslo qaldı — gözü ilə gördüyü yanlardan bezmiş və artıq bütün sapları ağarmış kreslo…


    Mənbələr:
    • Inside the UN walkout: Who left and who stayed — Express Tribune
    • An Israeli diplomat documents the list of countries that walked out — Voice of Emirates
    • Azerbaijan faces backlash in Turkey after representative stayed — Newdosh
    • Netanyahu konuşurken salonda kalmak — Substack
    • Azerbaijan sends largest rescue team to Türkiye — Caliber
    • Turkey trade ban fails to halt Azerbaijani oil flows to Israel — Baird Maritime
    • Azərbaycan–Türkiyə qardaşlığı: Nəriman Nərimanovun 500 kq qızıl və silah-sursat yardımı; “Qardaş qardaşa borc verməz” — Azərbaycan Respublikası Müdafiə Nazirliyi
    • Türkiyənin İstiqlal savaşında 1200 nəfərlik Azərbaycan hərbi birliyi və 56 zabit — Azərbaycan Respublikası Müdafiə Nazirliyi
    • FM Bayramov: More than 4,000 Turkish companies operate in Azerbaijan; investments exceed $18 billion — Trend”