
15:18
İşğaldan azad olunmuş torpaqlara “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Xocalı rayonunun Ballıca kəndinə çatan ailələrə mənzillərin açarları təqdim olunub. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Bu mərhələdə Xocalı rayonunun Ballıca kəndinə 17 ailə - 62 nəfər köçürülüb. Xocalıya köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Ailələrə evlərinin açarlarının təqdimatı mərasimində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov sakinləri doğma yurdlarına qayıtmaları münasibətilə təbrik edib, onlara evlərin açarlarını verib. Bildirib ki, bu, yalnız evin açarı deyil, illərlə həsrətini çəkdiyimiz doğma yurda dönüşün, əziz xatirələrin və gələcək nəsillərin sabit yaşayışının rəmzidir. "Böyük Qayıdış" Proqramı çərçivəsində bu gün Xocalının kəndlərinə həyat yenidən qayıdır. Artıq Xocalı şəhərində, Ballıca, Təzəbinə və Xanyurdu kəndlərində 327 ailə - 1433 nəfər yaşayır.
Açarın təqdim edilməsi mərasimindən sonra ailələr yeni evlərində yerləşiblər.
***
13:40
Yola salınan növbəti köç karvanı Ballıca kəndinə çatıb.
Bu mərhələdə Xocalı rayonu Ballıca kəndinə 62 nəfərdən ibarət 17 ailənin köçürülməsi həyata keçirilib.
Sakinlər Ballıca kəndində dövlətin dəstəyi ilə inşa edilən tam təmirli evlərə yerləşdiriləcək. Burada onlar üçün hər cür şərait yaradılıb - su, işıq, qaz, internet bağlantısı, məktəb, tibb məntəqəsi və digər sosial infrastruktur artıq istifadəyə verilib.
***
12:18
Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb.
Bu mərhələdə doğma yurdlarına 62 nəfərdən ibarət 17 ailə qayıdıb.
Kəndə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:
Laçın - 2090 nəfər (570 ailə)
Zabux (Laçın rayonu) - 823 nəfər (217 ailə)
Sus (Laçın rayonu) - 215 nəfər (59 ailə)
Bəylik (Laçın rayonu) - 316 nəfər (79 ailə)
Füzuli - 3136 nəfər (823 ailə)
Ağalı (Zəngilan rayonu) - 871 nəfər (175 ailə)
Suqovuşan (Ağdərə) - 591 nəfər (180 ailə)
Talış (Ağdərə rayonu) - 90 nəfər (20 ailə)
Həsənriz (Ağdərə rayonu) - 566 nəfər (159 ailə)
Şuşa - 1396 nəfər (371 ailə)
Xocalı (Xocalı rayonu) — 347 nəfər (86 ailə)
Ballıca (Xocalı rayonu) - 892 nəfər (195 ailə)
Cəbrayıl — 2700 nəfər (615 ailə)
Sarıcalı (Ağdam rayonu) - 771 nəfər (185 ailə)
Kəngərli (Ağdam) - 1128 nəfər (267 ailə)
Xanyurdu (Xocalı) - 122 nəfər (33 ailə)
Təzəbinə (Xocalı) - 125 nəfər (28 ailə)
Xıdırlı (Ağdam) - 235 nəfər (60 ailə)
Cəmi: 16 414 nəfər
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır.