"BBC News" Azərbaycandakı ofisini bağladı YENİLƏNİB
Bu barədə BBC-nin açıqlamasında deyilir

19:36
BBC-nin ölkəmizdəki nümayəndəliyinin fəaliyyətinə xitam verilməsi məsələsinin siyasiləşdirilməsi, məsələnin mahiyyətinin BBC tərəfindən təhrif olunması, ümumilikdə ikili standartlar yanaşması nəzərə alınaraq media azadlığı məsələsinə dair ölkəmizə qarşı BBC-nin açıqlaması təəssüf doğurur və qəbuledilməzdir.
Bunu XİN sözçüsü Ayxan Hacızadə BBC tərəfindən 20 fevral tarixində verilmiş bəyanata əsasən, Azərbaycan tərəfi BBC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin fəaliyyətinə xitam verilməsi barədə qərarını şərh edərkən deyib.
O bildirib ki, BBC-nin ölkəmizdəki nümayəndəliyinin bağlanması ilə bağlı qərar müvafiq şəkildə 13 fevral tarixində Xarici İşlər Nazirliyi tərəfindən BBC-nin ölkəmizdəki nümayəndələri ilə görüş zamanı rəsmi şəkildə çatdırılıb və mövqeyimiz tam şəkildə qarşı tərəfə izah olunub: "Azərbaycan Respublikasının bütün xarici ölkələrin media qurumları ilə münasibətlərdə və qərarlarda hər zaman qarşılılıq prinsipini əsas götürdüyü qarşı tərəfə bildirilib. Bu çərçivədə aparılımış təhlillər nəticəsində, eləcə də ölkə qanunvericiliyi, xüsusilə Media haqqında qanunun 11.2 maddəsi əsas götürülməklə BBC-nin ölkəmizdə nümayəndəlik qismində fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı diqqətə çatdırılıb.
Qeyd edək ki, nümayəndəliyin bağlanması qərarının BBC yayım şirkətinin ölkəmizdə müxbir fəaliyyətinə aidiyyəti yoxdur və 1 nəfər müxbir üçün akkreditasiya verilməsi nəzərdə tutulub.
Xatırlatmaq istərdik ki, oxşar qərarlar bəzi digər xarici media qurumları ilə bağlı da verilib".
***
17:27
"BBC News" Azərbaycandakı ofisini bağladı.
Bu barədə BBC-nin açıqlamasında deyilir.
Qeyd edilir ki, "BBC News" Azərbaycan Xarici İşlər Nazirliyindən şifahi bildiriş aldıqdan sonra ölkədəki ofisini bağlamaq barədə “məcburi qərar” verib.
Bildirilir ki, "BBC News"un Bakıdakı jurnalistlər komandası fəaliyyətini dayandırıb.
BBC vurğulayıb ki, korporasiyanın Bakıdakı jurnalistləri vəziyyət aydınlaşana qədər fəaliyyətlərini dayandırıblar, lakin nəşr Azərbaycan dilində reportajları davam etdirmək niyyətindədir.
Qeyd edək ki, media korporasiyası Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir.