XƏBƏRLƏR / İctimaiyyət

BDYPİ: Azərbaycanda kvadrosiklların istifadəsi halları artıb

Xəbərdarlıq

BDYPİ: Azərbaycanda kvadrosiklların istifadəsi halları artıb
Arxiv
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) kvadrosikllarla bağlı xəbərdarlıq edib.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Məlumata əsasən, son dövrlərdə Azərbaycanda, xüsusilə turizm və istirahət zonalarında kvadrosiklların istifadəsi hallarında artım müşahidə olunur:

    "Təəssüf ki, bəzi hallarda bu nəqliyyat vasitələri yol hərəkəti qaydaları pozularaq təhlükəli formada idarə olunur. Nəticədə, konstruktiv quruluşuna görə passiv təhlükəsizlik elementləri ilə təmin olunmayan bu növ nəqliyyat vasitələri ilə törədilən qəzalar daha ağır və faciəvi nəticələrə səbəb olur".

    Bildirilib ki, kvadrosikllar istər ümumi istifadədə olan yollarda, istərsə də mürəkkəb relyefə malik ərazilərdə idarə edilərkən tarazlığın asanlıqla itirilməsi və açıq quruluşu səbəbindən ciddi təhlükə yaradır və bu nəqliyyat vasitələri ilə baş verən qəzalar zamanı ağır bədən xəsarətləri, travmalar və ölüm halları müşahidə olunur.

    Baş Dövlət Yol Polisi İdarəsi bu növ nəqliyyat vasitələrindən istifadə edən hərəkət iştirakçılarına müraciət edərək, yol hərəkəti qaydalarına və təhlükəsizlik tələblərinə ciddi şəkildə əməl olunmasının vacibliyini xatırladır, azyaşlıların bu növ nəqliyyat vasitələri ilə hərəkət etməsinə isə heç bir halda imkan verilməməsini valideynlərin diqqətinə çatdırıb.