Bərdədə heyvan bazarı yaxın günlərdə fəaliyyətə başlayacaq

AQTA xəbər verir

  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ölkənin biotəhlükəsizliyinin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlərin icrasında dövlətlə bir yerdə sahibkarlar da yaxından iştirak edirlər.

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən heyvan bazarlarında həyata keçirilən qiymətləndirmənin nəticələrinə əsasən, Bərdə rayonunun Alpoud kəndindəki heyvan satışı bazarı biotəhlükəsizlik tələbləri təmin edilməklə yenidən qurulub.

    Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, hazırda bazarda son tamamlama işləri gedir. Yaxın günlərdə “Bərdə heyvan bazarı”nın fəaliyyətinə icazə veriləcək.

    Qeyd edək ki, bazarın girişində baytarlıq nəzarəti məntəqəsi tikilib, dezbaryer quraşdırılıb. Bundan başqa, heyvanlara baxış platformaları inşa edilib. Çardaqlar və satış pavilyonları qurulub. Ərazidə asfaltlama və betonlama işləri görülüb. Heyvan rifahı üçün su və yemlə təminat yaxşılaşdırılıb. Tullantıların daşınması və digər tələblərə uyğun şərait yaradılıb.

    Hazırda bir neçə heyvan bazarında da AQTA-nın Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq olunmuş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun olaraq yenidənqurma işləri son mərhələdədir. Yaxın günlərdə işləri yekunlaşan digər heyvan bazarlarının da yenidən fəaliyyətə başlaması məsələsinə baxılacaq.

    Agentlik bildirir ki, biotəhlükəsizlik tələblərinə uyğun qurulan heyvan bazarlarında baytarlıq nəzarəti ilə yanaşı, heyvanların qeydiyyatı aparılaraq, izləmə sistemi qurulacaq. Bütün görülən işlər insan və heyvan sağlamlığının qorunmasına, əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsinə xidmət edir.