“Berlinale” Killian Mörfinin rol aldığı dramla açılacaq
Ekran əsəri Ben Afflek və Mett Deymonun “Artists Equity” adlı kino şirkəti tərəfindən hazırlanıb
Berlin kinofestivalı (“Berlinale”) baş rolunu “Oppenheymer”in ulduzu Killian Mörfinin oynadığı “Belə xırda şeylər” (Small Things Like These) tarixi dramı ilə açıq elan ediləcək.
Ekran əsəri Ben Afflek və Mett Deymonun “Artists Equity” adlı kino şirkəti tərəfindən hazırlanıb. K.Mörfi özü layihənin prodüseri qismində çıxış edib. Festival rəsmilərinin məlumatına əsasən, film həm də “Berlinale”nin əsas mükafatı uğrunda mübarizə aparacaq.
Tim Milantsın Enda Uolşun ssenarisi əsasında çəkdiyi film İrlandiya haqqında həqiqətləri və yolunu azmış gənc qadınların islah edilməsi üçün 1820-1996-cı illərdə Roma-katolik müəssisələrinin rəhbərliyi altındakı dəhşət saçan sığınacaqlar barədə gerçəkləri tamaşaçılara çatdıracaq. Ekran əsəri Kler Kiqanın 2021-ci ildə dərc edilmiş və siyasi məzmununa görə Oruell mükafatına layiq görülmüş eyniadlı romanı əsasında lentə alınıb.
Müqəddəs Maqdalena camaşırxanaları onların himayəsinə verilmiş gənc qadınlarla kölə kimi rəftar etməkdə, o cümlədən onları guya nikahdankənar əlaqələrə görə daşıdıqları günahlarını yuya bilmək üçün qorxu içində dua etmək rejimində saxlamaqda ittiham olunurlar. Halbuki, qızların özləri həmin müəssisələrdə zorakılığa məruz qalırdılar. Tarixi sənədlərə əsasən, həmin islah yerlərində 10 məhbusdan biri məhvə məhkum idi.
K.Mörfi ekran əsərində kömür satmaqla məşğul olan sadiq atanın – Bill Ferlonqun rolunu canlandırır. O, 1985-ci ilin Milad bayramı ərəfəsində yaşadığı şəhərin monastırında gizli saxlanılan dəhşətli sirlərin və hətta özü haqqında bir sıra şokedici həqiqətlərin üstünü açır. Filmdə, həmçinin Kiran Haynds, Emili Uotson, Mişel Ferli və Eylin Uolş çəkiliblər.