XƏBƏRLƏR / Mədəniyyət

Xalq artisti Arif Babayev 1-ci Fəxri xiyabanda dəfn olunub

Mərhum sənətkarla vida mərasimi Beynəlxalq Muğam Mərkəzində keçirilib FOTO

Xalq artisti Arif Babayev 1-ci Fəxri xiyabanda dəfn olunub
  • Oxuma müddəti:

    9 dəqiqə

  • 14:44

    Xalq artisti Arif Babayev I Fəxri xiyabanda dəfn olunub.

    Əvvəlcə mərhumla Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilib.

    Ardınca cənazə dəfn olunmaq üçün Fəxri xiyabana aparılıb.

    Dəfn mərasimində mədəniyyət naziri Adil Kərimli, nazir müavinləri, mərhumun sənət yoldaşları, ailə üzvləri, mədəni-ictimai xadimlər iştirak ediblər.

    ***

    13:56

    Xalq artisti Arif Babayevlə Beynəlxalq Muğam Mərkəzində keçirilən vida mərasimi başa çatıb.

    Mərasimdə mədəniyyət naziri Adil Kərimli və müavinləri, ölkənin mədəni-ictimai xadimləri, mərhumun ailə üzvləri və sənət dostları iştirak ediblər.

    ***

    13:04


    Xalq artisti Arif Babayevlə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilir.

    Mərasimdə mədəniyyət naziri Adil Kərimli və müavinləri, ölkənin mədəni-ictimai xadimləri, mərhumun ailə üzvləri və sənət yoldaşları iştirak edirlər.

    Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva Xalq artisti Arif Babayevin vida mərasiminə əklil göndərib.

    ***

    12:45

    Prezident İlham Əliyev Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıb:

    "Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Milli muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, Heydər Əliyev Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Milli Konservatoriyasının professoru Arif İmran oğlu Babayev 2025-ci il avqustun 1-də ömrünün 88-ci ilində vəfat etmişdir.

    Arif Babayev 1938-ci il fevralın 20-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1962-1968-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsil almışdır.

    Əmək fəaliyyətinə hələ tələbə ikən – 1966-cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında solist olaraq başlayan Arif Babayev 1981-ci ildən Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim işləmiş, 1984-2000-ci illərdə indiki Bakı Musiqi Akademiyasında muğam ixtisası üzrə dərs demiş, 2002-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Konservatoriyasında professor və kafedra müdiri vəzifələrində çalışmışdır.

    Qarabağ xanəndəlik məktəbinin parlaq simalarından olan Arif Babayev Azərbaycanın musiqi mədəniyyəti xəzinəsinə dəyərli töhfələr vermişdir. O, sələflərinin sənət ənənələrini yaradıcılıqla davam etdirərək, özünəməxsus ifaçılıq dəst-xəti formalaşdırmış və bütün fəaliyyəti ərzində muğamın klassik ifa tərzinin qorunub saxlanmasında təqdirəlayiq xidmətlər göstərmişdir. Məlahətli və zəngin çalarlı səs tembrinə malik sənətkar milli muğam sənətinin vokal formasına yeni nəfəs gətirməklə dinləyicilərin məhəbbətini qazanmışdır.

    Arif Babayevin yüksək məharətlə ifa etdiyi “Qarabağ şikəstəsi”, “Segah”, “Çahargah”, “Rast”, “Şur”, “Bayatı-Şiraz” və digər muğamlar milli muğam sənətinin qızıl fonduna daxil olaraq Azərbaycanın musiqi sərvətləri xəzinəsini daha da zənginləşdirmişdir. Xanəndənin xüsusi zövq və ustalıqla oxuduğu təsniflər və xalq mahnıları Azərbaycanın musiqi mədəniyyəti inciləri sırasında layiqli yer tutur. Arif Babayev uzun illər muğam operalarında əsas partiyaların ifaçısı kimi canlandırdığı yaddaqalan obrazlarla musiqi salnaməmizdə dərin iz qoymuşdur. Onun dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” əsərində yaratdığı Məcnun obrazı opera tariximizdəki ən unudulmaz ifalardandır.

    Arif Babayev dünyanın müxtəlif ölkələrinə qastrol səfərləri zamanı Azərbaycan mədəniyyəti günlərində və beynəlxalq musiqi festivallarında milli mədəniyyətimizi uğurla təmsil etmiş, çıxışları ilə musiqimizi müxtəlif xalqların nümayəndələrinə sevdirməyi bacarmışdır. Uzun müddət pedaqoji fəaliyyət göstərən ustad xanəndə keçdiyi həyat və sənət yolu ilə örnək olmuş, ifaçıların bir neçə nəslinin mənsub olduğu böyük məktəb yaratmışdır. Muğamla bağlı gerçəkləşdirilən layihə və proqramlarda yaxından iştirakı Arif Babayevin ölkədə muğam ifaçılığı ənənələrinin yaşadılması istiqamətində apardığı səmərəli işlərlə vəhdət təşkil edirdi.

    Arif Babayev milli musiqi mədəniyyətinin inkişafı sahəsində qazandığı mühüm nailiyyətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət”, 2008-ci ildə “İstiqlal” və 2018-ci ildə “Şərəf” ordenləri, 2023-cü ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” və 2025-ci ildə Heydər Əliyev Mükafatı ilə təltif edilmişdir.

    Görkəmli xanəndə, mahir pedaqoq və səmimi insan Arif İmran oğlu Babayevin xatirəsi sənətsevərlərin qəlbində həmişə yaşayacaqdır.

    Allah rəhmət eləsin!

     

    İlham Əliyev

    Mehriban Əliyeva

    Əli Əsədov

    Sahibə Qafarova

    Samir Nuriyev

    Eldar Əzizov

    Fərəh Əliyeva

    Adil Kərimli

    Emin Əmrullayev

    Polad Bülbüloğlu

    Zeynəb Xanlarova

    Alim Qasımov

    Səkinə İsmayılova

    Mənsum İbrahimov".

    ***

    10:50

    Bu səhər saatlarında dünyasını dəyişən Xalq artisti Arif Babayevin dəfn yeri məlum olub.

    Mədəniyyət Nazirliyindən aldığımız xəbərə görə, mərhum sənətkar I Fəxri xiyabanda torpağa tapşırılacaq.

    Mərhum xanəndə ilə son görüş isə Muğam Mərkəzində olacaq.

    Qeyd edək ki, Arif Babayev 1938-ci il fevralın 20-də Ağdamın Sarıhacılı kəndində anadan olub. O, iyulun 23-də Qax rayonunda istirahətdə olan zaman səhhəti ağırlaşıb və Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Burada Xalq artistinə kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulub, ilkin tibbi yardım göstərilib. O, iyulun 24-də Bakıdakı Mərkəzi Klinik Xəstəxanasına təxliyə olunub və bu gün səhər 6:30 radələrində vəfat edib.

    ***

    10:33

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artisti Arif Babayevin vəfatı ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib:

    “Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayevin vəfatı mədəniyyətimiz, bütün xalqımız üçün əvəzsiz itkidir. O, yaşından asılı olmayaraq hər kəsin sevdiyi əsl Xalq artisti idi. Onun məharətlə ifa etdiyi muğamlar milli musiqi irsimizi daha da zənginləşdirmişdir. Arif Babayevin xoş, nurlu xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Allah rəhmət eləsin”.

    ***

    09:10


    Mədəniyyət Nazirliyi Xalq artisti, muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayevin ölümü ilə bağlı nekroloq yayıb.

    Nekroloqda deyilir:

    "Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Xalq artisti, muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayev vəfat etmişdir.

    Arif Babayev uzun illər ərzində milli musiqi sənətimizin inkişafında, muğam məktəbinin qorunub saxlanılmasında və yeni nəsil ifaçıların yetişdirilməsində böyük xidmətlər göstərmişdir. Onun zəngin yaradıcılığı, pedaqoji fəaliyyəti və sənətə verdiyi töhfələr xalqımızın mədəni irsində daim yaşayacaqdır.

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi mərhum sənətkarın ailəsinə, yaxınlarına və bütün mədəniyyət ictimaiyyətinə dərin hüznlə başsağlığı verir.

    Allah rəhmət eləsin!".

    ***

    08:57

    Xalq artisti Arif Babayev vəfat edib.

    Bu barədə xanəndənin oğlu Yaşar Babayev məlumat verib.

    O bildirib ki, atası bu gün səhər saatlarında vəfat edib.

    Qeyd edək ki, Xalq artisti iyulun 23-də kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti kritik ağır olduğundan paytaxtdakı tibb müəssisəsinə təxliyə edilib və vəfat etməsinə qədər burada müalicəsi davam etdirilib.

    Arif Babayev 20 fevral 1938-ci ildə Ağdamın Sarıcalı kəndində anadan olub. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bitirdikdən sonra Azərbaycan Dövlət Filarmoniyasında və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışıb.

    Arif Babayev muğam operalarında Məcnun, Kərəm (Ü.Hacıbəyov "Leyli və Məcnun", "Əsli və Kərəm"), Aşıq Qərib (Z. Hacıbəyov "Aşıq Qərib"), Camal (Ş. Axundova "Gəlin qayası") kimi yaddaqalan obrazlar yaradıb, eləcə də onun ifasında bütün muğam dəstgahları səslənmiş və lentə alınaraq Azərbaycan Dövlət Televiziyasının "Qızıl fond"una daxil olub.

    1984-cü ildə ilk muğam müəllimi kimi Azərbaycan Dövlət Konservatoriyasına işə qəbul olunan xanəndə 1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb və üzun müddət Milli Konnservatoriyanın Muğam kafedrasına rəhbərlik edib.

    "Şöhrət", "Şərəf", "İstiqlal" ordenli Xalq artisti 2 fevral 2024-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı, 8 may 2025-ci ildə isə Heydər Əliyev Mükafatı ilə təltif olunub.

    Allah rəhmət eləsin!