Prokurorlar Assosiasiyasının Konfransı Bakıda keçirilir
Azərbaycan Respublikası Baş prokurorunun müavini II dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov müsahibə verib
- Hörmətli Heydər müəllim, ölkəmizin prokurorluq orqanlarının cinayətkarlığa qarşı effektiv mübarizə aparması və bu fəaliyyətin müsbət nəticələri ictimaiyyətə bəllidir. Təqsirli şəxslərin isti izlərlə cinayət başında yaxalanması, uzun illər bağlı qalmış cinayətlərin peşəkarlıqla açılması, məhkəmə mərhələsində prokurorlar tərəfindən dövlət ittihamının keyfiyyətli müdafiəsi kimi çoxsaylı müsbət nümunələr göstərmək olar ki, bu məlumatları hər birimiz media səhifələrində də izləyirik. Habelə prokurorluğun beynəlxalq əməkdaşlıq sahəsindəki fəal mövqeyi də diqqət cəlb edən məqamlar sırasındadır. Bir hüquq-mühafizə orqanı kimi Azərbaycan Respublikası Prokurorluğunun beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyəti cinayətkarlıqla mübarizəyə hansı töhfələr verməkdədir?
- Maraqlı sualınız üçün təşəkkür edirəm. Əvvəla onu qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq prokurorluq orqanlarının beynəlxalq sferada gördüyü işləri və qazandığı nailiyyətləri qurumun cinayətkarlıqla mübarizə sahəsində fəaliyyətinin məntiqi davamı hesab etmək olar.
Xüsusilə 2020-ci ildən etibarən Prokurorluqda aparılan kompleks islahat tədbirlərinin davamı kimi beynəlxalq əməkdaşlıq sahəsi də daha müasir və intensiv müstəviyə keçid edib. Fikrimcə, beynəlxalq əməkdaşlığın cinayətkarlıqla mübarizədə əhəmiyyətini üç başlıca istiqamət üzərindən əsaslandırmaq mümkündür.
Beynəlxalq əməkdaşlıq: üç istiqamət - vahid məqsəd
Birinci və ən əsas istiqamət ölkəmizin beynəlxalq hüququn ayrılmaz subyekti olmasıdır. Başqa sözlə, cinayətkarlığa qarşı mübarizə sahəsində normalar da daxil olmaqla, Azərbaycan Respublikasının milli hüquq sistemi beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərinə uyğun formada qurulub. Bu baxımdan Azərbaycan Respublikasının Prokurorluğu nəinki beynəlxalq hüququn inkişaf tendensiyasını daim izləyir, habelə mötəbər səviyyədə keçirilən müxtəlif beynəlxalq tədbirlərə qatılmaqla bu ali hüququn formalaşması təşəbbüslərində də fəal iştirak edir.
İkinci istiqamət müasir dövrdə cinayətkarlığın getdikcə daha çox transmilli xarakter almasıdır. Məhz bu amil digər dövlətlərlə daha sıx əməkdaşlıq əlaqələrinin qurulmasını labüd edir. Təmsil etdiyim qurumun qarşılıqlı hüquqi yardım və ekstradisiya məsələlərində müstəsna səlahiyyətlərə malik olması nəzərə alınaraq, bu xətt üzrə də digər dövlətlərin hüquq-mühafizə orqanları ilə intensiv işgüzar əlaqələri mövcuddur.
Sonuncu istiqamət xarici tərəfdaşlarla müsbət təcrübə mübadiləsinin aparılmasıdır ki, bu da özündə cinayətkarlıqla mübarizə sahəsində əldə olunmuş nailiyyətlərin, innovativ yeniliklərin, bilik və bacarıqlardan qarşılıqlı surətdə faydalanma imkanını ehtiva edir. Bu baxış bucağından yanaşdıqda da ölkəmizin prokurorluq orqanları ilə tərəfdaşları arasında müsbət təcrübənin öyrənilməsinə xidmət edən çoxsaylı əməkdaşlıq sazişlərinin bağlanmasının, qarşılıqlı təlim səfərlərinin reallaşdırılmasının şahidi olmaq mümkündür. Bir sözlə, beynəlxalq əməkdaşlığın sadaladığım hər üç istiqaməti cinayətkarlıqla mübarizəyə müxtəlif sahələrdə töhfələr verməklə bu fəaliyyəti bir növ tamamlamış olur.
- Məlumdur ki, Azərbaycan Respublikası Prokurorluğunun sıx əməkdaşlıq etdiyi beynəlxalq təsisatlardan biri də Beynəlxalq Prokurorlar Assosiasiyasıdır (BPA). Təsadüfi deyil ki, cari ilin sentyabrında BPA-nın 29-cu İllik Konfransının və Ümumi Yığıncağının Bakı şəhərində keçirilməsinə hazırlıq işləri görülür. Ölkəmizin mötəbər tədbirinə ev sahibliyi edəcəyi bu təşkilatın inkişaf tarixi, missiyası və əhəmiyyəti barədə nə deyə bilərsiniz?
- Əlbəttə, bu, çox doğru müşahidədir – Beynəlxalq Prokurorlar Assosiasiyası ilə Azərbaycan Respublikası Prokurorluğunun dayanıqlı əməkdaşlıq əlaqələri mövcuddur ki, bu da hər iki tərəfə dəyərli töhfələr verməkdədir. Peşəkar səviyyədə gərgin iş və böyük zəhmət hesabına qurulan bu münasibətlər uzun illər ərzində formalaşaraq bugünkü yüksək səviyyəyə gəlib çatıb. Təşkilatın qeyd etdiyiniz İllik Konfransının Bakıda keçirilməsi məhz bu sağlam əməkdaşlığın məntiqi nəticəsidir.
Əvvəla onu deyim ki, fəaliyyəti beynəlxalq əməkdaşlığın daha əvvəl vurğuladığım hər üç istiqamətini əhatə edən BPA-nın başlıca məqsədi dünya prokurorları arasında əməkdaşlığın və təcrübə mübadiləsinin möhkəmlənməsinə xidmət etməkdir. Əsas prinsipləri ədalətlilik, qanunun aliliyi, qərəzsizlik və peşəkarlıq olan bu nəhəng təşkilatın fəaliyyət istiqamətləri arasında transmilli cinayətkarlığa qarşı mübarizə, prokurorların ixtisaslarının artırılması və cinayət prosesində ədalətliliyin təmin edilməsinə dəstək kimi vacib məsələlər yer alır.
Prokurorların əməkdaşlığı sahəsində qlobal platforma
Hesab edirəm ki, BPA-nı qısaca dünya prokurorlarının qlobal miqyasda ilk və yeganə geniş platforması kimi də təqdim etmək mümkündür. Mənzil-qərargahı Niderlandın Haaqa şəhərində yerləşən, 177 ölkə üzrə 350 mindən artıq üzvü olan bu təşkilat hüququn aliliyinin qorunması işində prokurorların dəstəklənməsinə və gücləndirilməsinə xidmət edən mütərəqqi beynəlxalq təşəbbüsdür.
Təşkilat 1995-ci il iyunun 6-da Birləşmiş Millətlər Təşkilatının (BMT) Vyanadakı ofisində 11 ölkənin prokurorluq orqanları təsis edilib və həmin dövrdən etibarən dinamik inkişaf yolu keçib. Belə ki, 1996-cı ildə Macarıstanın paytaxtı Budapeşt şəhərində ilk dəfə BPA-nın İllik Konfransı keçirilmiş, yaradılmasından qısa zaman keçməsinə baxmayaraq, həmin tədbirə artıq cəmi 49 ölkənin prokurorluq orqanlarını təmsil edən 134 nümayəndə qatılmışdı. Qeyd edim ki, Assosiasiyanın ilk prezidenti və qurumun idarəetmə orqanı olan İcraiyyə Komitəsinin üzvləri də məhz həmin Konfransda seçilmişdi.
Bu nüfuzlu təsisatın formalaşması prosesi bundan sonra da davam etmiş, 1997-ci və 1999-cu illərdə keçirilmiş növbəti illik konfranslar çərçivəsində BPA-nın əsas fəaliyyət istiqamətləri və prokurorların xidməti fəaliyyətinə dair vahid beynəlxalq Standartlar qəbul edilib. Vacib əhəmiyyətinə və aktuallığına görə bu Standartlara hətta BMT-nin müvafiq qətnaməsində də istinad edilməklə onların tətbiqi üzv dövlətlərə tövsiyə edilib.
Təşkilatın tarixində digər diqqətəlayiq məqam isə 2011-ci il mayın 21-də ona BMT-də xüsusi məşvərətçi statusun verilməsinə dair qərarın yekdilliklə qəbul edilməsi olub.
- Heydər müəllim, BPA-nın üzvlərinin say çoxluğuna nəzər yetirdikdə, bu təşkilatın fəaliyyət coğrafiyasının nə qədər geniş olması barədə asanlıqla ilkin təəssürat formalaşdırmaq mümkündür. Belə funksional müxtəlifliyə malik bir beynəlxalq qurumun idarəetmə və təşkilati strukturu barədə məlumat verərdiniz.
- Qeyd etdiyiniz kimi, BPA idarəetmə arxitekturası baxımından çox mürəkkəb struktura malikdir. Bununla belə, Assosiasiyanın işinin qlobal miqyasda səmərəli təşkilini məhz qurumun inzibati sisteminin nizamlı şəkildə quruluşu və idarəetmə orqanlarının funksiyaları arasındakı ahəngdarlıq təmin edir. Təşkilatın strukturunda ən yüksək səlahiyyət orqanı hər il üzvlərin iştirakı ilə keçirilən Ümumi Yığıncaqdır. Qurumun Əsasnaməsinə dəyişikliklərin olunması, İcraiyyə Komitəsinə nümayəndələrin seçilməsi və digər mühüm məsələlər üzrə qərarların qəbul edilməsi yalnız bu tərkibdə mümkündür.
BPA-nın strateji rəhbərlik orqanı olan İcraiyyə Komitəsi isə Ümumi Yığıncağın qəbul etdiyi qərarlara uyğun olaraq Assosiasiyanın siyasətini və ümumi istiqamətini müəyyənləşdirir. Komitə üç il müddətinə seçilən prezident, doqquzadək vitse-prezident və ondan iyirmi birə qədər üzvdən ibarətdir. Komitənin üzvləri dünyanın müxtəlif bölgələrini təmsil edirlər. İcraiyyə Komitəsi altı il müddətinə BPA-nın Baş katibi, icraçı direktoru və baş konsulu kimi əsas vəzifəli şəxslərini təyin edir.
Baş katibin rəhbərliyi və icraçı direktorun idarəçiliyi ilə ümumi fəaliyyətin səmərəliliyini təmin edən orqan olan Assosiasiyanın Katibliyi maliyyə, kommunikasiya, üzvlük məsələləri və bu kimi digər funksiyaları yerinə yetirir
Assosiasiyanın Senatı isə məşvərətçi orqan olmaqla, İcraiyyə Komitəsinin keçmiş təcrübəli üzvlərdən ibarətdir. Senatın üzvləri BPA-nın məqsədlərinin və strategiyasının davamlılığını təmin etmək üçün zəruri məsləhət və dəstəyi təmin edirlər.
2024-cü il Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclası, Makao, Çin Xalq Respublikası
İdarəçilikdə Azərbaycan təmsilçiliyi
Yeri gəlmişkən, onu da xüsusi vurğulamaq istərdim ki, Assosiasiyanın strateji qərar qəbuletmə səlahiyyətlərinə malik ali idarəçilik orqanlarında ölkəmizin nümayəndələri daim yüksək səviyyədə təmsil olunub.
Bunun bariz nümunəsi kimi Baş prokuror Kamran Əliyevin ilk dəfə 2010-cu ildən etibarən ardıcıl olaraq üç dəfə İcraiyyə Komitəsinin üzvü, 2018-ci ildə Assosiasiyanın vitse-prezidenti vəzifəsinə seçildiyini göstərmək olar. Sevindirici haldır ki, ölkəmizin Assosiasiyanın fəaliyyətinə verdiyi zəngin töhfələrin növbəti nəticəsi kimi Azərbaycan Respublikasının Baş prokuroru İcraiyyə Komitəsinin cari ilin aprelində Çin Xalq Respublikasının Honkonq Xüsusi İnzibati Bölgəsində keçirilmiş 57-ci iclasında növbəti müddətə həmin vəzifəyə seçilib və hazırda vəzifələrinin icrasını davam etdirir.
- Növbəti sualım isə BPA-nın tədbir və digər platformaları ilə bağlıdır. Təşkilat öz üzvlərini hansı formada bir araya toplayır? Ümumiyyətlə, üzvlərlə iş və əlaqələndirmə necə qurulur?
- Qurumun üzvlərlə birgə fəaliyyəti və əlaqələndirmə işi müxtəlif tədbir və platformalar vasitəsilə həyata keçirilir. Bu baxımdan cari il ölkəmizdə də keçiriləcək BPA-nın illik konfransları Assosiasiyanın iştirakçı sayı etibarilə ən böyük tədbiri və əlaqələndirmə platforması hesab olunur. Hər illik tədbirin cinayətkarlığa qarşı mübarizənin müxtəlif aspektləri üzrə ayrıca mövzusu müəyyən edilir. Bu konfranslar rəhbər heyətlər daxil olmaqla, dünya üzrə yüzlərlə prokuror və tanınmış hüquqşünasları bir araya gətirərək cinayətkarlığa qarşı mübarizə sahəsində peşəkar məsələləri müzakirə etmək, yeni norma və təcrübələri öyrənmək üçün geniş imkanlar yaradır.
İllik konfranslar zamanı, həmçinin daha əvvəl adını çəkdiyim ümumi yığıncaqlar da təşkil olunmaqla Assosiasiyanın idarəetmə orqanlarına seçkilərin keçirilməsi və təşkilati qərarların qəbulu təmin edilir. 1996-cı ildən bu vaxtadək BPA-nın iyirmi səkkiz illik konfransı keçirilib. Onlardan 2020-ci və 2021-ci illərdə keçirilməli olan iki tədbir isə COVID-19 pandemiyası səbəbindən hər hansı bir ölkənin ev sahibliyi olmadan videoformatda keçirilib.
Beynəlxalq etimadın növbəti təzahürü
Eləcə də dövri olaraq BPA-nın İcraiyyə Komitəsinin iclasları da keçirilir ki, bunlardan ikisi Azərbaycanın Assosiasiyasının fəaliyyətində müsbət təmsilçiliyini nəzərə alaraq 2002-ci və 2018-ci illərdə Bakı şəhərində təşkil olunub. Onu da qeyd etmək yerinə düşər ki, cari ildə Bakıda keçiriləcək 29-cu İllik Konfrans çərçivəsində Ümumi Yığıncaqla yanaşı, İcraiyyə Komitəsinin də iclasının üçüncü dəfə ölkəmizdə təşkili nəzərdə tutulur. Bu təşkilatın yüksək səviyyəli hər üç tədbirinə eyni anda ev sahibliyi etməyimiz Azərbaycana beynəlxalq səviyyədə göstərilən böyük etimadın növbəti təcəssümüdür.
Onu da əlavə edim ki, Bakı Konfransından sonra 30-cu belə tədbirə ev sahibliyi hüququ 2025-ci il üçün Sinqapura ötürüləcək.
Bundan başqa, təşkilat tərəfindən dünya prokurorlarının bilik və bacarıqlarının artırılması məqsədilə regional konfranslar, müxtəlif mövzulara həsr edilmiş təlim və seminarlar da təşkil olunur.
Habelə əyani təmaslara xüsusi diqqət yetirən BPA nümayəndələri Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələrə mütəmadi şəkildə səfərlər edərək təşkilatın üzvləri ilə görüşlər keçirir, yeni üzvlərlə bilavasitə tanış olmaqla onları qurumun fəaliyyəti ilə bağlı məlumatlandırır və maraq doğuran məsələlər üzrə suallarını cavablandırırlar.
Bundan başqa, BPA-nın üzvlərini müxtəlif peşəkar aspektlərdə dəstəkləmək üçün səkkiz ixtisaslaşmış şəbəkəsi də mövcuddur. Bu platformalar ayrı-ayrı ölkələrdə çalışan prokurorlar arasında məlumat, müsbət təcrübə mübadiləsini və əməkdaşlığı təşviq edir, onlara öz işlərində həm ənənəvi, həm də yeni problemlərin öhdəsindən gəlməkdə kömək göstərir:
• Prokurorların Elektron Cinayətkarlığa qarşı Qlobal Mübarizə Şəbəkəsi (GPEN)
• Beynəlxalq Ədalət Mühakiməsi Forumu (FICJ)
• İnsan Alverinə qarşı Mübarizə Platforması (TIPP)
• Terrorizmə qarşı Mübarizə üzrə Prokurorlar Şəbəkəsi (CTPN)
• Korrupsiyaya qarşı Mübarizə üzrə Prokurorlar Şəbəkəsi (NACP)
• Cinsi Zorakılıq Cinayətlərinin araşdırılması üzrə Prokurorlar Şəbəkəsi (PSV)
• Hərbi Prokurorlar Şəbəkəsi (NMP)
• Prokurorların İstehlakçı Hüquqlarının Müdafiəsi Şəbəkəsi (PCPN).
Bu şəbəkələrin hər biri ixtisaslaşdığı sahə üzrə müzakirələr, təlim materialları, iş təcrübələri və hüquqi resurslardan faydalanmaq üçün etibarlı mühit təmin edir. Şəbəkə prokurorların kibercinayətkarlığın sürətlə dəyişən çətinliklərinə qarşı gəlməyə və beynəlxalq əməkdaşlığın güclənməsinə kömək edir. İllik konfranslarda, həmçinin bu şəbəkələrə üzv olan nümayəndələrin də ayrıca sessiyaları təşkil edilir. Misal üçün göstərə bilərəm ki, 2017-ci il oktyabrın 10-11-də Bakı şəhərində Azərbaycan Respublikası Prokurorluğu və BPA-nın GPEN Şəbəkəsi tərəfindən Avropa İttifaqının, Avropa Şurasının birgə təşkilatçılığı ilə keçirilmiş “Kibercinayətkarlıqla mübarizəyə dair konfrans” Assosiasiya tərəfindən Şəbəkənin uğurlu layihələrindən biri kimi qiymətləndirilib.
Eləcə də ölkəmizin növbəti nailiyyəti kimi 2015-ci ildən başlayaraq Baş prokuror Kamran Əliyevin sədrliyi ilə BPA-ya üzv olan dövlətlərin hüquq-mühafizə orqanlarının nümayəndələri üçün mütəmadi şəkildə NACP-ın korrupsiyaya qarşı mübarizə ilə bağlı sessiyaları keçirilməkdədir. Sessiyalar zamanı prokurorlar korrupsiyaya qarşı mübarizə sahəsində qarşılaşdıqları çətinliklər, yeni alətlərin milli qanunvericiliyə implementasiyası istiqamətində ortaya çıxan suallar, korrupsiya cinayətləri nəticəsində dəymiş ziyanın bərpasında prokurorun rolu, qarşılıqlı hüquqi yardımın effektivliyi və bu kimi digər məsələlərin ətrafında fikir mübadiləsi aparılır. Bununla bağlı, həmçinin qeyd etmək istərdim ki, BPA-nın rəsmi internet səhifəsinin NACP-nin fəaliyyətinə dair bölməsinin idarəçiliyi Azərbaycan tərəfindən həyata keçirilir.
- Siz Azərbaycanla BPA arasında peşəkar əməkdaşlıq əlaqələrinin dərin köklərinin olmasından bəhs etdiniz. Bu barədə daha geniş məlumat verə bilərsinizmi? Ümumiyyətlə, təşkilatla Azərbaycan Respublikasının Prokurorluğu arasında mövcud əlaqələrin tərəflərə başqa nə kimi faydaları olub?
- Bu sualınızı bir qədər geniş cavablandırmaq istərdim. Çünki əməkdaşlıq əlaqələrimizin inkişaf tarixinə baxdıqda bu yolun qarşılıqlı töhfələrə dair nümunələrlə zəngin olduğunu bir daha anlamış olarıq.
İlk növbədə, qeyd etməliyik ki, Azərbaycanın Assosiasiya ilə əməkdaşlığı 1997-ci ildə Kanadanın paytaxtı Ottava şəhərində keçirilən 2-ci İllik Konfransında iştirakla başlanıb.
1998-ci ilin mayında Çin Xalq Respublikasının paytaxtı Pekində keçirilən İcraiyyə Komitəsinin yaz iclası zamanı ölkəmizin Baş Prokurorluğunun və Azərbaycan Respublikası Prokurorluğunun sisteminə daxil olan Respublika Hərbi Prokurorluğunun Assosiasiyaya təşkilati üzv kimi qəbul edilməsi məsələsinə baxılıb. Həmin ilin sentyabrında İrlandiyanın Dublin şəhərində keçirilmiş 3-cü Ümumi Yığıncaqda isə artıq təşkilata üzv qəbul edildik.
Sarsılmaz əməkdaşlığın bünövrəsində Heydər Əliyev fenomeni
Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 2002-ci ilin mayında Bakı şəhərində keçirilmiş növbəti iclası BPA-nın fəaliyyəti dövründə baş tutmuş ən uğurlu tədbirlərdən biri kimi xatırlanır. Həmin tədbirə xüsusi status verən məqam isə mayın 17-də Komitənin nümayəndə heyətinin Ümummilli Lider Heydər Əliyev tərəfindən qəbul edilməsi idi.
Bundan başqa, BPA-nın daha əvvəl qeyd etdiyim Korrupsiyaya qarşı Mübarizə üzrə Prokurorlar Şəbəkəsi (NACP) 2015-ci ildə məhz Azərbaycan Respublikası Prokurorluğu ilə İngiltərə və Uelsin Kral Prokurorluğu Xidmətinin təşəbbüsü ilə korrupsiyaya qarşı mübarizədə prokurorların mühüm rolu nəzərə alınmaqla yaradılıb. Həmçinin Şəbəkənin fəaliyyətinin təmin edilməsi də Azərbaycan və Birləşmiş Krallığın prokurorluq orqanlarına həvalə edilib. Hazırda bu platformanın əhatə etdiyi sahələri genişləndirmək məqsədilə adının İqtisadi Cinayətkarlıq və Əmlakın Bərpası Şəbəkəsi olaraq dəyişdirilməsi nəzərdə tutulur.
Ümumiyyətlə, qeyd edim ki, bu gün üçün Azərbaycan Respublikasının Prokurorluğu üzrə BPA-nın 300-dən çox üzvü var və bu say daim artmaqdadır. Çünki milli prokurorluq orqanları əməkdaşlarının beynəlxalq təcrübəni daha dərindən öyrənməsi, xarici ölkədəki həmkarları ilə işgüzar əlaqələr qurması baxımından BPA-nın çox geniş peşəkar imkanları var. BPA-nın mütəmadi təşkil etdiyi təlim və seminarlara qatılmaqla hüququn müxtəlif istiqamətlərinə həsr olunmuş materialları, dünya üzrə təcrübəli prokurorların müxtəlif mövzularla bağlı çıxış və məqalələri ilə tanış olmaq xüsusilə gənc əməkdaşların bilik və bacarıqlarının artırılmasında müsbət rol oynayır.
Eləcə də tərəfdaş ölkələrdə fəaliyyət göstərən prokurorluq orqanları da bu platforma vasitəsilə Azərbaycan Prokurorluğunun iş təcrübəsinə böyük maraq göstərirlər.
- Son olaraq BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağının bu il Bakıda keçirilməsi zərurətindən, ev sahibliyi edən tərəf olaraq görülən hazırlıq işlərindən danışmaq istərdik. Həmçinin bu beynəlxalq tədbirin formatı və müzakirə mövzularının nədən ibarət olacağını da eşitmək faydalı olardı.
Məlumdur ki, Azərbaycan Respublikası 2020-ci ildə aparılmış 44 günlük Vətən müharibəsindən sonra yeni inkişaf yoluna qədəm qoydu. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi və müzəffər Ordumuzun yüksək şücaəti ilə əldə edilmiş böyük Zəfərin çoxsaylı müsbət nəticələrindən biri də ölkəmizin sülh və quruculuq istiqamətində beynəlxalq təşəbbüslərinin irəli sürüldüyü etibarlı məkan kimi mövcud olan statusunu daha da gücləndirdi. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın nəcib təşəbbüslərindən qaynaqlanan ahəngdar fəaliyyət nəticəsində bu nailiyyətlər humanitar-mədəni sferanı da tam əhatə edib. Aparılan müdrik siyasətin verdiyi töhfələrdən biri kimi Azərbaycan bir çox siyasi və iqtisadi xarakterli beynəlxalq tədbirlərlə yanaşı, cinayətkarlığa qarşı mübarizə sahəsində də qlobal səyləri birləşdirməyə müvəffəq olub.
Məhz bu siyasi xəttə uyğun olaraq Baş prokuror Kamran Əliyev tərəfindən 2021-ci il mayın 4-5-də Niderlandın Haaqa şəhərində keçirilmiş BPA-nın İcraiyyə Komitəsinin 51-ci iclasında 2024-cü ilin sentyabr ayında BPA-nın 29-cu İllik Konfransının və Ümumi Yığıncağının Bakı şəhərində keçirilməsinə dair ilkin təklif irəli sürülmüşdü. Təkliflə bağlı iclasda geniş təqdimatla çıxış edən Baş prokuror ölkəmizdə, o cümlədən paytaxt Bakıda həyata keçirilən dayanıqlı sosial-iqtisadi tədbirlər nəticəsində infrastrukturun ən yüksək standartlar səviyyəsinə çatdırılması, nəticədə Azərbaycanın son illər bir çox mötəbər beynəlxalq tədbirlərə yüksəksəviyyəli ev sahibliyi etməsi və bu sahədə qazandığı zəngin təcrübə barədə məlumat vermişdi. Müzakirə olunan məsələ ilə əlaqədar iclasda çıxış edən BPA-nın rəhbər şəxsləri Azərbaycanın Assosiasiyanın işinə verdiyi önəmli töhfələri, onun fəaliyyətində göstərdiyi təşəbbüskarlıq və mühüm dəstəyi xüsusi vurğulamaqla, bu tədbirin ölkəmizdə keçirilməsi barədə yekdilliklə ilkin qərar qəbul etmişdilər.
Hazırda İllik Konfransa hazırlıq işləri yüksək intensivliklə davam etdirilir. Bununla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən yaradılmaqla bu dövlət qurumunun rəhbər vəzifəli şəxslərindən ibarət Yerli Təşkilat Komitəsi BPA nümayəndələri ilə koordinasiyalı şəkildə kommunikasiya, tədbirin protokolu, iştirakçıların qeydiyyatı və digər təşkilati işləri yerinə yetirir. Bu işdə ölkəmizin digər dövlət qurumları da Prokurorluğa lazımi dəstəyi göstərir.
Məlumat üçün qeyd edim ki, BPA-nın İcraiyyə Komitəsinin 58-ci iclası sentyabrın 27-28-də Bakı şəhərindəki Heydər Əliyev Mərkəzində, 29-cu İllik Konfransı və Ümumi Yığıncağı isə sentyabrın 29-dan oktyabrın 2-dək Bakı Konqres Mərkəzində keçiriləcək. Onu da əlavə edim ki, hazırda müxtəlif ölkələrin Baş prokurorları və digər yüksəkvəzifəli şəxsləri də daxil olmaqla, 95 ölkədən 465-dən artıq iştirakçı və onları müşayiət edən 40 nəfərdən çox ailə üzvləri qeydiyyatdan keçib.
Qlobal səylərin ahəngdarlıq təşkil etdiyi məkan
Tədbir zamanı müxtəlif plenar sessiyalar, xüsusi maraq sessiyaları, işçi qrup və şəbəkə iclasları, habelə ikitərəfli və çoxtərəfli görüşləri təşkil olunacaq. Həmçinin müxtəlif ölkələri təmsil edən prokurorlar və hüquqşünaslar arasında peşəkar əlaqələrin qurulması üçün bir sıra sosial tədbirlər də nəzərdə tutulub. Əsas mövzusu “Hüququn aliliyinin qorunmasında prokurorun rolu” olacaq Konfransda cinayət təqibində rəqəmsal sübutlar və süni intellektin cinayət prosesində istifadəsi, cinayət mühakimə sistemində şəffaflığın artırılması və ictimai etimadın gücləndirilməsi, gender əsaslı zorakılıq cinayətlərinin istintaqı, iqtisadi cinayətkarlıq və əmlakın bərpası və bu kimi digər altmövzular olacaq.
Tədbir çərçivəsində keçiriləcək Ümumi Yığıncaqda və İcraiyyə Komitəsinin iclasında isə BPA-nın strategiyası və gələcək fəaliyyəti ilə bağlı bir sıra mühüm əhəmiyyətli qərarların qəbulu nəzərdə tutulur.
Xüsusi toxunmaq istərdim ki, oktyabrın 1-də Azərbaycan Respublikası milli prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümünün qeyd ediləcəyi nəzərə alınmaqla beynəlxalq tədbirdə bu qurumun keçdiyi tarixi inkişaf yolu və zəngin təcrübəsi də iştirakçıların diqqətinə çatdırılacaq.
Tədbirin əsas müzakirə mövzularından biri olacaq ekoloji cinayətkarlıqla mübarizə məsələləri ölkəmiz üçün “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmiş cari ildə xüsusi əhəmiyyət daşıyır. Xüsusi vurğulamaq istərdim ki, dünyanın diqqətini iqlim dəyişikliyi ilə mübarizə və ekoloji ədalətin təmin edilməsinə yönəldiyi hazırkı dövrdə Bakıda təşkil olunacaq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP 29) ilə eyni ildə və eyni şəhərdə BPA-nın İllik Konfransının da keçirilməsi Azərbaycanın qlobal hüquqi və ekoloji məsələlərdə mühüm rolunu bir daha təsdiqləyir. Hesab edirəm ki, hər iki tədbirin əsas hədəfi ədalətli və dayanıqlı gələcək naminə milli səylərin beynəlxalq müstəvidə birləşdirilməsindən ibarətdir. Fürsətdən istifadə edərək vurğulamaq istərdim ki, COP29 çərçivəsində Baş Prokurorluq tərəfindən “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” mövzusunda da tədbirin keçirilməsi nəzərdə tutulub. İnanıram ki, ölkəmizin prokurorluq orqanlarının keçirdiyi tədbir beynəlxalq hüquq ictimaiyyətinin bu sahədə biliklərinə öz töhfəsini verəcək.