BLOQ

Bir hicab, iki qardaş və böyük siyasətin kiçik sirləri

Müasir siyasətdə bəzən bir hicab bütöv diplomatik münasibətin üzərini örtməyə kifayət edir

Bir hicab, iki qardaş və böyük siyasətin kiçik sirləri
  • Oxuma müddəti:

    16 dəqiqə

  • Yenə münaqişə, yenə ANS yada düşdü. Yəqin həmişə belə olacaq. İnsanlar səbəb, məlumat və çıxış yolu axtarır, tapa bilməyəndə ANS-in “Dəqiq, Qərəzsiz və Vicdanlı” araşdırmalarını xatırlayırlar. Mənə də müraciət edirlər: iki ayrılmaz qardaş dövlətin münasibətlərində bu soyuqluq haradan yarandı? Dünən çiyin-çiyinə dayanan müttəfiqlər bu gün nəyi bölüşə bilmirlər?

    Mən nə fala baxan jurnalistlərdənəm, nə də “ingilis bayrağı” kimi "müstəqil", hər küləyə uyğun dəyişənlərdən. Buna görə hay-küyə qoşulmaq əvəzinə, hadisələrin tarixini, səbəblərini və mümkün nəticələrini araşdırdım.

    Maraqlı mənzərə yarandı: balaca bir məktəbli qızın hicabının arxasında onun dini mənsubiyyətindən başqa İranın təhlükəsizlik siyasəti, İsrailin regional maraqları, Türkiyənin strateji mövqeyi, Rusiyanın imperiya ambisiyaları və Azərbaycanın yeni geosiyasi iddiaları görünür. Müasir siyasətdə bəzən bir hicab bütöv diplomatik münasibətin üzərini örtməyə kifayət edir.

    BƏS HƏR ŞEY NECƏ BAŞLADI?

    Sentyabrın 21-də Nazirlər Kabineti məktəbli geyimi qaydalarını dəyişdi, oktyabrın 6-da müəllimlərin geyiminə dair tələbləri təsdiqlədi. Sənədlərdə “hicab” sözü yazılmasa da, dünyəvi təhsil prinsipinə uyğun sayılmayan geyim elementləri məhdudlaşdırıldı. Bəzi hicablı şagirdlərin dərsə buraxılmadığı, müəllimələrdən baş örtüyünü çıxarmağın tələb edildiyi bildirildi. Etirazlar başladı.

    İlk paradoks: dünyəvi təhsili qorumaq naminə bəzi uşaqlar təhsildən kənarda qaldılar. Belə çıxır ki, məktəbi dünyəvi saxlamağın bir yolu da başıbağlı şagirdi ora buraxmamaqdır. Dünyəvilik dini məcburiyyətin yoxluğudur, dini etiqadın yoxluğu deyil.

    Sual verilir ki, bəs niyə bu qərarlar məktəb başlanandan sonra verilib? Bu belə deyil - qərarlar ani verilməyib: müəllimlərlə bağlı hüquqi hazırlıq parlamentdə iyunun 19-dan başlanıb, iyulun 7-də qanun qəbul edilib, 22-də Prezident onun tətbiqinə dair fərman imzalayıb. Bəs aylardır hazırlanan qərarın sosial və diplomatik nəticələri niyə əvvəlcədən hesablanmadı? Axı oxşar hicab qarşıdurması Azərbaycanda 2010-cu ildə də yaşanmışdı.

    HİCABIN ALTINDA NƏLƏR VAR?

    Martda Dövlət Təhlükəsizliyi Xidməti İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqələndirdiyi terror planlarının qarşısını aldığını açıqladı. İddia edilən hədəflər arasında Bakı–Tbilisi–Ceyhan kəməri, İsrail səfirliyi və yəhudi icmasına aid obyektlər vardı. Azərbaycan–İsrail hərbi-texniki və təhlükəsizlik əməkdaşlığı məlumdur. İsrailin Bakıya İran, hətta Türkiyə barədə kəşfiyyat məlumatı ötürməsi də mümkündür. Lakin mümkün olan hər hadisə baş vermiş hadisə deyil. Hicab qərarının belə məlumatın nəticəsi olduğunu sübut edən sənəd tapa bilmədim. 
    Başqa ehtimal: Azərbaycanın xüsusi xidmətləri qərarla radikal şəbəkələrin reaksiyasını yoxlamaq istəyiblər. Amma təcrübəli gizli şəbəkələrin məktəbli forması mübahisəsinə qoşularaq özlərini könüllü ifşa edəcəyini düşünmək sadəlövhlük olardı. Belə ki, oktyabrın 20-də İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai keçirdiyi brifinqdə rəsmi Tehranın məsələni mahiyyət etibarilə Azərbaycanın daxili işi hesab etdiyini dedi.

    Digər mənbələr Azərbaycanla Türkiyənin arasını vurmaq istəyən qüvvə kimi İsraili göstərirlər. Amma unutmayaq ki, İsrail üçün də Azərbaycan–Türkiyə münasibətlərinin zəifləməsi mütləq sərfəli deyil: Bakı iki ölkə arasında dialoq platforması rolunu oynayır. Bu iki qardaş ölkə arasında gərginlik həmin imkanı azalda bilər.

    Hər bir halda, mən düşünürəm ki, məktəb qapısında ağlayan şagird hər hansı məxfi əməliyyatının uğur göstəricisi sayıla bilməz.

    TÜRKİYƏ İLƏ NƏ BAŞ VERİR?

    Türkiyənin hicab məsələsinə həssaslığı öz siyasi tarixindən gəlir. Ankaradan səslənən tənqidlərin Bakıda narazılıq doğurması anlaşılandır: müttəfiqlik daxili işlərə müdaxilə hüququ vermir. Amma YAP-ın oktyabrın 13-də AKP-yə sərt cavabı məktəbli geyimi mübahisəsini dövlətlərarası siyasətə daşıdı.

    Bu arada Türkiyənin xarici işlər naziri Fidan Hakan Bakıya gəldi. Hava limanında onu gənclər və idman naziri qarşıladı və bu Türkiyədə adekvat qarşılanmadı. Lakin qonağın kimin tərəfindən qarşılanması mütləq diplomatik təhqir sayıla bilməz; hərçənd cənab Hakanı xarici işlər nazirimizin qarşılaması daha münasib görünərdi. Diplomatiyada qonağı kimin qarşıladığından vacibi qapılar bağlanandan sonra nəyin müzakirə edilməsidir.

    Baxın, sentyabrın 30-da — məktəbli geyimi qərarından doqquz gün sonra — Türkiyə ilə Azərbaycan müdafiə sənayesi sahəsində 500 milyon dollardan artıq müqavilə imzalayıb. Oktyabrın 15-də isə İlham Əliyev Fidanı şəxsən qəbul edib. Fidan da fikir ayrılıqlarının strateji münasibətləri zəiflətməməli olduğunu bildirib. Sözlər sərtləşir, hərbi əməkdaşlıq davam edir. Bu, həqiqi böhrandır, yoxsa idarə olunan qarşıdurma?

    Oktyabrın 15-də daha bir hadisə baş verdi - Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında İsrail Prezidenti İsxak Hersoq çıxış edərkən Hakan Fidan və 10-dan çox ölkənin nümayəndəsi zalı tərk etdi. Bu, sammitə ev sahibliyi edən Azərbaycana deyil, İsrailin siyasətinə yönəlmiş etiraz idi. İsrail tədbirin üzv ölkələrindən biri idi. 
    Eyni zamanda onu da qeyd etmək lazımdır ki, Hersoqun AZAL-ın adi kommersiya reysi ilə uçmasını ona Azərbaycanın xüsusi dövlət təyyarəsi ayrılması kimi təqdim etmək də düzgün deyil. Bu daha çox AZAL reklamlarının faydasından danışır. 

    MOSKVA İLƏ YAŞANANLAR NƏYİ XATIRLADIR?

    2024-cü ilin dekabrında AZAL-ın Bakı–Qroznı təyyarəsi Rusiya hava hücumundan müdafiəsinin fəaliyyəti nəticəsində zədələnərək Aktau yaxınlığında qəzaya uğradı. 38 insan — 25 Azərbaycan, 7 Rusiya, 6 Qazaxıstan vətəndaşı həlak oldu. Ardınca həbslər, diplomatik demarşlar, qarşılıqlı ittihamlar və media falçılarının “ingilis bayrağı”nı gözlərə soxduğu dövr gəldi. Münasibətlər sanki həmişəlik dağılmışdı.
    Amma 2025-ci ilin oktyabrında Putin Düşənbədə Rusiya raketlərinin təyyarənin yaxınlığında partladığını etiraf etdi, üzrxahlığını təkrarladı, kompensasiya vəd etdi. Münasibətlər yumşaldı. 

    2026-cı ilin oktyabrın 2-də, YAP-ın VIII Qurultayında partiya lideri İlham Əliyev Çin və Amerikanı dünyanın iki supergücü adlandırdı və əlavə etdi ki üçüncü supergüc yoxdur. Buna baxmayaraq həmin ayın 10-da özünü “Putinin ən sadiq əsgəri” adlandıran Ramzan Kadırov Bakıda yüksək səviyyədə qarşılandı.

    Bəlkə əvvəl təzyiq yaradılır, sonra güzəşt alınır, axırda dostluq masasına qayıdılır? Mümkündür. Amma Rusiya böhranının əvvəlcədən qurulmuş tamaşa olduğuna sübut yoxdur. Üstəlik, diplomatik barışıq 38 insanın ölümünə görə hüquqi məsuliyyət məsələsini avtomatik həll etmir.

    Daha böyük təhlükə başqa yerdədir: dövlətlər barışır, xalqların yaddaşındakı təhqirlər isə qalır. Oktyabrın 17-də Hakan Fidanın guya gizli görüşləri barədə yayılan və Türkiyə səfirliyinin təkzib etdiyi iddialar bunu xatırlatdı. Jurnalistin işi müstəqil araşdırmadır, "propaqanda prezervativi" olmaq deyil. Diplomatik mövsümə uyğun dostu düşmən, düşməni dost elan etmək jurnalistikanın vəzifəsi deyil; bu sahədə parlament üzvləri onsuz da kifayət qədər fəaldırlar.
    Rusiya–Ukrayna faciəsini sadəcə iki xalqın bir-birinə qarşı qızışdırılması ilə izah etmək olmaz: 2014-cü ilin ərazi münaqişəsi və Rusiyanın 2022-ci il hərbi müdaxiləsi var. Azərbaycan–Türkiyə arasında belə qarşıdurma yoxdur. Amma peşə etikasını reytinqə satan lümpen-medianın opportunist kollaborasionistləri düşmənçilik alovunu böyütsələr, qardaşlıq da zərər görə bilər. Ekstremal jurnalistika mənə öyrədib: tarixi qardaşlıq xalqları gələcək düşmənçilikdən avtomatik sığortalamır.

    AZƏRBAYCANIN YENİ STRATEJİ HESABI

    Yuxarıda haqqında danışdığım YAP-ın VIII qurultayında İlham Əliyev ideoloji təhlükəsizlikdən, xarici təsirlərə müqavimətdən və heç bir geosiyasi düşərgəyə qoşulmamaqdan danışdı.
    Qarabağdan sonra Azərbaycanın daha müstəqil xarici siyasət aparmaq istəyi anlaşılandır. Eyni zamanda, Türkiyə Azərbaycan təhlükəsizliyinin mühüm sütunudur; İsrail hərbi texnologiya və enerji tərəfdaşı, Rusiya böyük qonşu, milyonlarla soydaşımızın yaşadığı, İran isə mürəkkəb regional tərəfdaşdır. Heç biri digərini tam əvəz etmir. Özü də siyasi tribunada sərtləşən münasibətlər ticarət masasında bəzən yumşalır.

    Belə ki, 2025-ci ildə Rusiya ilə ticarət dövriyyəmiz 4,92 milyard dollar olub, baxmayaraq ki, 2026-cı ilin ilk yarısında azalıb. İranla terror planları barədə ittihamların səsləndiyi ildə iqtisadi əməkdaşlıq sənədləri imzalanıb, Ağbənd–Kəlalə körpüsü və Astara terminalı müzakirə olunub; ilk yeddi ayda ticarət 360 milyon dolları keçib. SOCAR 2025-ci ildə İsrailin "Tamar" qaz yatağında 10% pay alıb. "Reuters"ə görə, İsrailin həmin il idxal etdiyi neftin 46,4%-i Azərbaycandan, təxminən 28%-i Rusiyadan gəlib. Maraqlı fakt budur ki Azərbaycan nefti İsrailə Türkiyənin Ceyhan limanından daşınır, Ankara isə İsraillə birbaşa ticarətə qadağa qoyduğunu bildirir. Görünür, dövlətlərin küsülü olaraq danışmadığı günlərdə belə neft, qaz və pul öz aralarında ünsiyyəti kəsmir. Bəs xalqlar niyə bir-biri ilə danışmağı dayandırmalıdır?

    Hicab məsələsində də türk dünyası yekdil deyil: Qazaxıstanda dini geyim elementlərinə məktəb məhdudiyyəti 2016-cı ildən tətbiq olunur, Özbəkistanda 2018-ci ildə sərt qaydalar qəbul edilib, 2021-ci ildə müəyyən baş örtüklərinə icazə verilib. Şimali Kipr Cümhuriyyətində isə 2025-ci ildən məktəblərdə hicab qadağan edilib. Deməli, ziddiyyət yalnız dövlətlər arasında deyil, hər dövlətin öz daxilində də yaşanır.

    BÖYÜK SİYASƏT ÜÇÜN BÖYÜK DÖVLƏT LAZIMDIRMI?

    Azərbaycanın geosiyasi çəkisi ərazisinin ölçüsündən böyükdür. Amma zəif yerlərimizi görmədən böyük siyasət aparmaq çətinləşə bilər. Məsələn, Dövlət Statistika Komitəsinə görə, 2025-ci ildə 24,53 milyard dollarlıq mal ixracımızın cəmi 3,63 milyardı, yəni 14,8%-i qeyri-neft-qaz məhsulları olub. Qalan 85,2% neft-qazın payına düşüb. Tükənən sərvətlər bizə böyük siyasət üçün pul verir. Bəs onlar tükənəndə həmin masada qalmağımızı təmin edəcək iqtisadiyyatı qura bilmişikmi?

    OECD-nin (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) PISA-2022 (məktəblilərin riyaziyyat, oxu və təbiət elmləri üzrə bilik və bacarıqlarını qiymətləndirən beynəlxalq tədqiqatı) qiymətləndirməsində Bakı üzrə 15 yaşlıların minimum bacarıq səviyyəsinə çatan hissəsi riyaziyyatda 38%, oxuda 31%, təbiət elmlərində 34% olub; OECD ortalaması müvafiq olaraq 69%, 74%, 76%. Başqa sözlə, Bakı şagirdlərinin minimum bacarıq göstəricisi OECD ortalamasının yarısından da aşağıdır. Bu ciddi problemlərə işarə edir. Amma bu xalqın qabiliyyətsizliyi deyil, təhsil və insan kapitalına sərmayə problemidir. Dövlətin gücü yalnız silahında deyil, daha çox vətəndaşının beynindədir. Yaxın gələcəyimizdə əldə edilən və qazanılan nailiyyətlərimizi qoruyub çoxaltmaq üçün yüksək səviyyəli mühəndislər, analitiklər, diplomatlar, hüquqşünaslar, iqtisadçılar, alimlər və müstəqil düşünən vətəndaşlar lazımdır.

    BƏS ƏSL SƏBƏB NƏDİR?

    Araşdırma bir məxfi əməliyyatın yox, bir neçə prosesin eyni vaxtda kəsişdiyini göstərir: dünyəvilik siyasətinin sərtləşməsi, İranla bağlı təhlükəsizlik narahatlıqları, İsrail narahatlığı, Türkiyə ziddiyyətləri və Azərbaycanın artan geosiyasi iddiaları. Bunları vahid gizli plan kimi təqdim etməyə sübut yoxdur.

    Başqa ehtimal, Türkiyənin daxilindəki hadisələrlə bağlıdır. Sentyabrdan ölkənin investisiya fondları sahəsində qalmaqal yaşanır: 131 fondun ləğvi, təxminən 20 milyard dollarlıq aktivlər, yüz minlərlə investor, bazar manipulyasiyası ilə bağlı istintaqlar; siyasi fiqurların, keçmiş məclis üzvləri, nazirlər və məmurların da adı bu prosesdə hallanır. Bəzi Türkiyə dairələri Azərbaycan hicab mübahisəsini böyüdərək diqqəti bu qalmaqaldan yayındırmağa çalışıblarmı? Belə əlaqəni təsdiqləyən dəlil yoxdur. Amma siyasətdə bəzən öz həyətindəki yanğından diqqəti yayındırmaq üçün qonşunun tüstüsünü göstərirlər.

    Cavablandırmalı olan sual qalır: bu qədər siyasi və diplomatik nəticə yaradan qərarın Azərbaycanın təhlükəsizliyinə konkret faydası nədir? Məxfi məlumatlar açıqlanmaya bilər, lakin qərarın hüquqi və ictimai məntiqi izah olunmalıdır. Məqsəd məktəbli geyimidirsə, mübahisə niyə müttəfiqlər arasında böhrana çevrildi? Məqsəd müstəqillik və dünyəvilikdirsə, niyə onun qiyməti vətəndaş və müttəfiq etimadı ilə ölçülsün? 

    Lakin artıq son 1 həftə ərzində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə iki dəfə zəng edib, onu bayram münasibəti ilə təbrik edib, regionda siyasi vəziyyətlə əlaqədar fikir mübadiləsi aparıb. Bu yaxşı haldır, müsbət dinamika və Türkiyənin böyüklüyünü nümayiş etdirir. Azərbaycanın böyüklüyü isə böyük dövlətlərlə eyni masada oturmasında və onlarla oturarkən öz milli maraqlarını unutmaması və qorumasındadır. Böyük siyasətdə bütün kartları xalqa göstərmək mümkün deyil. Lakin hesabı xalqa ödətməzdən əvvəl oyunun nəyə xidmət etdiyini izah etmək lazımdır.

    Çünki siyasətçi qərarının istiqamətini sabah dəyişə bilər. Məlumatsız xalq isə ilkin yolla getməyə davam edə bilər.