Bir şəklə üç tərəfdən baxış - səhər, günorta, axşam
Nə vaxtsa biz həyatda bütün baş verənlərə yumorla baxacağıq
Səhər tezdən oyandım bu gün. Xəbərlərə baxdığım twitter və anspress saytında maraqlı bir foto ilə rastlaşdım.
Ermənistanın baş naziri Azərbaycan Prezidenti İlham Əliyevə nəsə gülməli bir əhvalat danışır... və ya danışdığı hansısa əhvalat Prezidentimizin gülşünə səbəb olur... Səhər bu şəkli görəndə ağlıma belə bir fikir gəldi - nə vaxtsa biz həyatda bütün baş verənlərə yumorla baxacağıq, bəlkə elə indidən gülməyə başlayaq?
Günorta naharımı edəndə qarşımdakı kompüterdə bu şəkil yenə də gözümə dəydi. Bu dəfə həmin şəkilə baxanda məndə elə təəssürat yarandı ki, sanki bunu ilk dəfə görürəm. Bu dəfə də Nikol Paşinyanın üzünü görməsəm də, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi ziyafətdə Azərbaycan Prezidenti İlham Əliyevə nəsə ciddi bir şey deməli olduğunu düşündüm. Sonra bir də düşündüm ki, Paşinyan zarafat edirsə və onu ciddi bir ifadənin arxasında gizlədirsə - bu yumordur, yox, əksinə, ciddi bir fikrini zarafatın arxasında gizlədirsə - bu artıq ironiyadır...
Necəsə oldu, bu fotoya axşam da baxdım. Ağır bazar günündən sonra yorğun idim və bu dəfə belə bir fikir gəldi ağlıma - həyatda yalnız üç qayda var:
1. Paradoks. Həyat bir sirdir. Onu anlamaq üçün vaxt itirmək əfəllikdir;
2. Yumor. Əslində yumor hər bir davanın dərmanıdır; Və çox vaxt biz onu bint və ya sarğı kimi də istifadə edirik. Əgər insan zarafat edirsə, onun həyatı asanlaşır və ağrı geri çəkilir.
3. Dəyişkənlik. Dünyada hər şey dəyişir, heç bir şey əvvəlki kimi qalmır.