XƏBƏRLƏR / İctimaiyyət

Birinci Qarabağ müharibəsinin şəhidləri dəfn olunur

Onlar Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunurdular

Birinci Qarabağ müharibəsinin şəhidləri dəfn olunur
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 16:57

    Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Hümbətov Bəxtiyar Əliş oğlunun meyitinin qalıqları Yevlaxda dəfn olunub.

    Rayon sakinlərinin, şəhidin ailə üzvlərinin, Yevlax Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin və əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə vida mərasimi keçirilib.

    Cənazə namazından sonra şəhid Bəxtiyar Hümbətov yaylım atəşilə Yevlax şəhər Şəhidlər xiyabanında dəfn edilib.

    Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklil, gül dəstələri düzülüb. Tabuta bükülmüş Azərbaycanın üçrəngli Bayrağı şəhidin anası Səyyarə Hümbətovaya təqdim edilib.

    Qeyd edək ki, 1974-cü ildə Yevlax şəhərində anadan olan Bəxtiyar Hümbətov Birinci Qarabağ müharibəsində Kəlbəcər rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib. 1994-cü il fevral ayının 14-də Murovdağ istiqamətində itkin düşüb.

    ***

    15:45

    Birinci Qarabağ müharibəsində döyüşən oğlu Fəqan Vəliyevdən xəbər almaq üçün döyüş əməliyyatları olan əraziyə yollanan Vəliyev İbrahim Ələşrəf oğlu 1993-cü il avqustun 23-də Füzuli rayonu Alxanlı-Qaraxanbəyli kəndləri ərazisində itkin düşmüşdü.

    31 ildən sonra şəxsiyyəti dəqiqləşdirilən İbrahim Vəliyevin nəşinin qalıqları doğma yurdu İmişlidə torpağa tapşırılıb.

    İbrahim Vəliyevin nəşi İmişli sakinləri tərəfindən izdihamla qarşılanıb, Muradxanlı kəndində ailəsinin yaşadığı evə gətirilərək vida mərasimi təşkil olunub, cənazə namazı qılınıb.

    Mərasimdə ailə üzvləri ilə bərabər rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Daha sonra nəşin qalıqları dəfn üçün Muradxanlı kənd məzarlığına gətirilərək yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb.

    Qeyd edək ki, Vəliyev İbrahim Ələşrəf oğlu 1924-cü ildə İmişli rayonunda dünyaya göz açıb. Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edən oğlundan xəbər almaq məqsədi ilə döyüş əməliyyatlarının olduğu bölgəyə gedərkən Füzuli rayonu Alxanlı-Qaraxanbəyli kəndləri ərazisində itkin düşüb. Onun nəşinin qalıqları isə Ağdam rayonunun Əfətli kənd məzarlığında aşkar olunub.

    ***

    10:38

    Qalıqları Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Rəhim Əlyar oğlu Rəsulovun nəşi Sumqayıt şəhərinə gətirilib.

    Şəhidin nəşi Sumqayıtda ailəsinə təhvil verilib.

    Hazırda şəhidlə vida mərasimi keçirilir.

    Qeyd edək ki, Rəhim Əlyar oğlu Rəsulov 1967-ci il dekabrın 19-da anadan olub. O, 1991-ci il dekabrın 28-də Kərkicahan kəndində itkin düşüb.

    R.Rəsulov Sumqayıt Şəhidlər xiyabanında dəfn olunacaq.