Bitkoinin qiyməti tarixi rekordu yeniləyib
Analitiklərin fikrincə, bu, kriptovalyuta bazarının inkişafında yeni mərhələ açır
Bitkoinin məzənnəsi rekordunu yeniləyərək tarixdə ilk dəfə 100 min dollar həddini keçib.
Günün əvvəlində bitkoinin dəyəri yüksək sıçrayışla 103 min 387 dollara çatıb. Hazırda “Binance” platformasında kriptovalyutanın qiyməti 101 min dollar ətrafında sabitləşib. Analitiklərin fikrincə, bu, kriptovalyuta bazarının inkişafında yeni mərhələ açır.
Qiymət artımında əsas amil kriptovalyutaya inflyasiyadan qorunma vasitəsi və qızıl kimi ənənəvi aktivlərə alternativ kimi baxan böyük şirkətlərin və institusional sərmayəçilərin bitkoinə marağının artmasıdır.
İqtisadi qeyri-sabitlik kriptovalyutanın qiymətinə təsir edən ikinci ən böyük amildir. Valyuta məzənnəsinin tez-tez dəyişməsi və qlobal inflyasiya sərmayədarları kapitallarını qorumaq üçün alternativ aktivlər axtarmağa vadar edib. Əvvəllər belə vəziyyətlərdə əsas seçim ənənəvi olaraq qızıl olub. Lakin kriptovalyuta texnologiyalarının inkişafı və bitkoinin artan populyarlığı səbəbindən sərmayədarlar onları alternativ vasitə kimi nəzərdən keçirməyə başlayıblar.
Üçüncü amil tənzimləyici dəyişikliklərdir. 2024-cü ildə bir çox ölkə kriptovalyutalar üçün aydın hüquqi çərçivələr hazırlamağa başladı ki, bu da bazara inamı artırdı. 2023-cü ilin iyun ayında Avropa İttifaqı kriptovalyuta sektoru üçün ümumi qaydaları müəyyən edən “MiCA” (Markets in Crypto-Assets) tənzimləmə çərçivəsini tətbiq etdi. Bu, sərmayədarların müdafiəsini təmin etməyə və maliyyə cinayətlərinə qarşı mübarizəni gücləndirməyə yardımçı olacaq.
Qeyd edək ki, bitkoin uzunmüddətli reputasiyasına və likvidliyinə görə ən populyar kriptovalyuta olaraq qalır. Onun orta gündəlik ticarət həcmi 111,19 milyard dollara, maksimum bazar kapitallaşması isə 2,05 trilyon dollara çatır. Bitkoinin qiyməti eyni zamanda məhdud emissiya ilə də dəstəklənir - cəmi 21 milyon sikkə. İndiyədək dövriyyəyə cəmi 19,79 milyon bitkoin buraxılıb ki, bu da onun qıt aktiv kimi cəlbediciliyini artırır.
Analitiklər artan institusional tələb və blokçeyn texnologiyalarının real iqtisadiyyata inteqrasiyası fonunda məzənnənin daha da artacağını gözləyirlər.