Mikro sahibkarlar üçün vergi güzəştləri ləğv edilir?
Dövlət Vergi Xidmətinin açıqlaması
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Vergi Məcəlləsində mikro sahibkarlığa güzəştlərlə bağlı edilən dəyişikliklərə aydınlıq gətirib.
Bu barədə Dövlət Xidmətindən bildirilib.
Qeyd edilib ki, ötən dövr üzrə aparılan monitorinqlər, habelə risk yaradan proseslərin analizi çərçivəsində aparılan təhlillər nəticəsində mikro sahibkarlıq subyektlərinin fəaliyyətində risklərin mövcud olduğu müəyyən edilib. Monitorinqlər və vergi nəzarəti tədbirləri zamanı belə subyektlərdə bu kimi vergi güzəştlərindən sui-istifadə halları müşahidə olunub və əməliyyatların əhəmiyyətli hissəsindən süni xərclərin ötürülməsi məqsədilə istifadə edildiyi, dövlət büdcəsinə ödənilməli olan vergilərin azaldıldığı müəyyənləşdirilib.
Dəyişikliyə səbəb olan hallar:
Təhlillər göstərir ki, mikro sahibkarlıq subyektləri elektron qaimə fakturaların (yəni xərc sənədlərinin) 87,8 %-ini məhz mikro olmayan biznes subyektlərinə təqdim edirlər. Xərc sənədlərinin mütləq əksəriyyətinin məhz iş (xidmət) adı altında rəsmiləşdirildiyi, əməliyyatların işçi qüvvəsi və resursu olmadan baş verdiyi müşahidə olunur. Beləliklə, resursu və işçi qüvvəsi olmayan mikro sahibkarların digər biznes subyektlərinə irihəcmli əməliyyatlarla “iş, xidmət” göstərməsi nəticəsində dövlətin dəstək aləti hesab edilən vergi güzəştindən mikro olmayan sahibkarlar faydalanırlar.
Nəticədə, həmin güzəştdən müxtəlif formalarda sxemlər yaratmaqla vergidən yayınmağa çalışan vergi ödəyiciləri istifadə etdiyindən ədalətsiz rəqabət və vergi mühiti yaranır ki, bu da dövlət vergi orqanları ilə intizamlı vergi ödəyiciləri arasında qarşılıqlı etimad mühitinə mənfi təsir göstərir.
Dəyişikliyin məqsədi:
Mikro sahibkarlıq subyekti dedikdə dövriyyəsi 200 min manatadək olan, işçi sayı isə 10 nəfərdən çox olmayan şəxslər nəzərdə tutulur. Mikro sahibkar həm də işəgötürəndir və iş yeri yaradır. Vergi güzəşti sahibkarın təkcə mikro sahibkarlıq subyekti olmasına görə deyil, əsas hədəflərdən biri kimi həm də iş yerinin yaradılması ilə bağlıdır.
Bu baxımdan hədəfli vergi güzəşti mikro sahibkarlıq subyektinin işçi meyarının 30 %-inin (yəni 10 nəfər işçi meyarından 3 nəfər) ödənildiyi halda tətbiq olunur. Bu, həm mikro sahibkarları iş yeri yaratmağa təşviq edir, həm də qeyri-real və əmtəəsiz əməliyyatlar vasitəsilə pul vəsaitlərinin nağdlaşdırılmasında iştirak edən, habelə mikro sahibkarlıq subyekti olmayan biznesə “süni xərc” ötürən, onların vergidən yayınmasına şərait yaradan “mikro sahibkarlar”ın destimullaşması ilə nəticələnir.
Digər tərəfdən, dəyişikliklər rəsmiləşdirilməyən faktiki işçilərin rəsmiləşməsini təşviq edəcək.
Beləliklə, vergi güzəşti yanaşması baxımından əldə etdiklərimiz:
- Vergi güzəştləri məşğulluq yaradan mikro sahibkarlara tətbiq edilir;
- Rəsmiləşdirilməmiş faktiki işçilərin rəsmiləşməsi baş verir;
- Pul vəsaitlərini qeyri-real və əmtəəsiz əməliyyatlar vasitəsilə nağdlaşdıran, süni xərc ötürən “mikro sahibkarlar” destimullaşdırılır.
Reallıqda işçisi olmayan, yaxud 3-dən az işçisi olan mikro sahibkarlıq subyektlərinin vergi güzəşti ləğv edilirmi?
3-dən az işçi sayı olan mikro sahibkarların vergi güzəştləri ləğv edilmir, təxirə salınır. Vergi siyasətindəki 3 yanaşmadan biri də məhz biznes subyektlərinin böyüməsini təşviq etməkdir. 3 işçi sayı ilə bağlı meyara cavab verməyən, fərdi qaydada fəaliyyət göstərən sahibkarlara bizneslərini böyütməsi müqabilində, istifadə etmədikləri 75 %-lik vergi güzəştinin yenidən tətbiqi nəzərdə tutulur. Mikro sahibkar fəaliyyətini böyüdərək kiçik sahibkarlıq subyektinə (yaxud orta və ya iri) çevrildikdə, onun əldə etmədiyi vergi güzəştləri son 3 il üzrə cəmlənməklə dövlət büdcəsinə ödəməli olduğu vergilərdən çıxılacaq.
Bu isə güzəştlərin ləğv olunduğunu deyil, cəmlənməklə “hədəfli şəkildə təxirə salındığını” göstərir.
Əldə ediləcək nəticələr:
- mikro sahibkarlıq subyektlərindən kiçik sahibkarlıq subyektlərinə keçid edənlərə güzəştlərin verilməsi biznesin böyüməsini təşviq edir;
- mikro biznesin davamlı fəaliyyət göstərməsi və biznesin “süni şəkildə” bir müddətdən sonra yeni sahibkarlıq kateqoriyasına (kiçik, orta və s) adi edilməməsi məqsədilə bir şəxsin adından başqa şəxsin adına dəyişməsinin və real olmayan “yeni sahibkarların” yaradılmasının qarşısı alınır.
Qeyd edilib ki, ölkədə aparılan sosial-iqtisadi siyasət çərçivəsində vergi sistemində həyata keçirilmiş islahatlar biznesdə şəffaflığın təmin edilməsi, dövlət-biznes münasibətlərinin aydın şəkildə qurulmasına hədəflənib. Vergi qanunvericiliyi və vergi inzibatçılığı sahəsində ciddi dəyişikliklər aparılıb, “kölgə iqtisadiyyatı” ilə mübarizə çərçivəsində vergi nəzarəti mexanizmləri təkmilləşdirilib və biznesin fəaliyyətinə effektiv vergi nəzarətin qurulmasında rəqəmsallaşma genişləndirilib, vergi təşviq alətlərindən fəal istifadə edilib.
Mövcud vergi siyasəti təkcə fiskal deyil, eyni zamanda, mühüm iqtisadi tənzimləmə aləti rolunda çıxış edir. Bu baxımdan dövlət vergi siyasətinin əsas istiqamətləri biznes subyektlərinin böyüməsini təşviq etməklə dayanıqlı vergi mühitinin formalaşması, rəqabət mühitinin qorunması üçün vergi intizamına əməl etməyən şəxslərə qarşı ciddi mübarizənin aparılması və biznesə təşviqlərin verilməsindən ibarətdir.
Bu xüsusda Vergi Məcəlləsinə bir sıra təşviqedici və tənzimləyici müddəalar daxil edilib ki, onlardan biri də mikro sahibkarlıq subyektlərinə tətbiq olunan vergi güzəştlərinə hədəfli yanaşmadır və bu güzəştlərdən məhz mikro sahibkarların faydalanmasıdır.