Biz yenilənmiş 5-ci sülh sazişini Ermənistana təqdim etmişik
Lakin onlar iki aydır ki, reaksiya vermirlər
Ermənistanın Qarabağdakı qanunsuz rejimi tərksilah edilib və Azərbaycandan çıxarılıb.
“Euroreporter" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə jurnalistlərə açıqlamasında bildirib.
O, vurğulayıb ki, bu, Ermənistan-Azərbaycan sülh sazişi üçün maneələri aradan qaldırır.
“Biz bunun iki ölkə arasında antaqonizmə və düşmənçiliyə son qoyulması və Azərbaycanın Ermənistana təqdim etdiyi 5 prinsip əsasında dayanıqlı sülh inşası üçün tarixi fürsət olduğuna inanırıq”.
Hikmət Hacıyev Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu tərəfindən həll edilməli olduğunu, lakin bunun baş vermədiyini xatırladıb: “Məqsədi Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalını saxlamaq olduğundan Minsk Qrupu Həmsədrlik İnstitutu uğursuzluğa düçar oldu. Biz hərbi işğala və təcavüzə son verdik. Ona görə də, Azərbaycan indi Ermənistanla sülh və normallaşma əlaqələrini prioritet götürür. Lakin istənilən sülh prosesi iki tərəfin iştirakını tələb edir. Ermənistan pozitiv və yaxşı niyyət nümayiş etdirməlidir. Biz yenilənmiş 5-ci sülh sazişini Ermənistana təqdim etmişik, lakin onlar iki aydır ki, reaksiya vermirlər”.
Hikmət Hacıyev regionda yeni reallıqla ortaya çıxdığını vurğulayıb.