BMT-də Fələstinlə bağlı səsvermə: Azərbaycan lehinə olub
ABŞ, İsrail, Macarıstan, Çexiya və bir sıra digər dövlətlər isə sənədin əleyhinə səs verib
Mayın 10-da BMT Baş Assambleyası Yaxın Şərqdəki vəziyyət, xüsusən də "İsrailin işğal olunmuş Fələstin ərazilərində qanunsuz hərəkətləri" ilə bağlı fövqəladə sessiyada toplaşıb.
İclasda Fələstinin BMT-yə üzvlüyü ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin təklif etdiyi qətnamə qəbul edilib.
Səsvermədə iştirak edən 143 dövlətdən 9-u qətnamənin əleyhinə çıxıb. 25 dövlət isə səsvermədə bitərəf qalıb.
BMT-dəki səsvermə zamanı Azərbaycan sənədin qəbuluna - Fələstinin lehinə səs verib.
Ermənistan da oxşar şəkildə səs verib.
Gürcüstan, Böyük Britaniya, Ukrayna və bir sıra digər dövlətlər bitərəf qalıb.
ABŞ, İsrail, Macarıstan, Çexiya və bir sıra digər dövlətlər isə sənədin əleyhinə səs verib.
Sənəd Fələstin Dövlətinin Baş Assambleyada hüquqlarını genişləndirir, lakin ona səs vermək və ya Birləşmiş Millətlər Təşkilatının orqanlarına namizəd kimi çıxış etmək hüququ vermir.
Nizamnaməyə görə, Baş Assambleya BMT-də tamhüquqlu üzv statusu verə bilməz - bu, Təhlükəsizlik Şurasının tövsiyəsini tələb edir. Xatırladaq ki, Təhlükəsizlik Şurasə aprel iclasında ABŞ-ın vetosuna görə belə bir tövsiyə verə bilmədi.
Ötən gün qəbul edilən qətnamədə Baş Assambleya Fələstin Dövlətinin üzvlük tələblərinə cavab verdiyini qeyd edir və Təhlükəsizlik Şurasına “bu məsələyə müsbət baxmağı” tövsiyə edir.
Birləşmiş Millətlər Təşkilatına daxil olan sonuncu dövlət Cənubi Sudan olub (2011-ci il).