XƏBƏRLƏR / Siyasət

BMT-dən Qazaxın kəndləri ilə bağlı razılaşmaya reaksiya

Bu barədə Stefan Düjarrik danışıb

BMT-dən Qazaxın kəndləri ilə bağlı razılaşmaya reaksiya
  • Oxuma müddəti:

    1 dəqiqə

  • BMT-nin Baş katibi Antonio Quterreş aprelin 19-da Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə müvafiq dövlət komissiyaları arasında əldə olunmuş razılaşmanı alqışlayır. Bu barədə onun rəsmi nümayəndəsi Stefan Düjarrik danışıb.

    Onun sözlərinə görə, Baş katib Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesini diqqətlə izləyib.

    “Baş katib tərəfləri sərhədin qalan hissələrinin delimitasiyası və demarkasiyasını davam etdirməyə və münasibətlərin tam normallaşması üçün bütün həll olunmamış ikitərəfli məsələləri həll etməyə çağırır”, - açıqlamada deyilir.

    Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.