BMT-nin nümayəndəsi 16 bölgəyə səfər edəcək VİDEO
Bu barədə BMT-nin Azərbaycan nümayəndəliyindən xəbər verilib
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva 25 noyabr Qadınlara qarşı zorakılıqla beynəlxalq mübarizə günü və gender-əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası ilə əlaqədar videomüraciət ünvanlayıb. BMT-nin Azərbaycan nümayəndəliyindən verilən xəbərə görə, müraciətdə deyilir: “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq 25 noyabr Qadın və Qızlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günündə başlayan və 10 dekabr Ümumdünya İnsan Hüquqları Gününə qədər davam edən illik kampaniyadır. Qadınlara və qızlara qarşı zorakılıq dünyada ən geniş yayılmış insan hüquqları pozuntusu kimi qalır və hər 3 qadından 1-i bundan əziyyət çəkir. Bu rəqəm son on il ərzində əsasən dəyişməz qalıb. 2022-ci il kampaniyasının mövzusu isə belədir: “Birləşin! Qadın və qızlara qarşı zorakılığa son qoymaq üçün fəallıq!”
BMT-nin Azərbaycandakı ailəsi bu kampaniyada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, inkişaf tərəfdaşları, akademik dairələr və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edəcək.
Bu 16 gün ərzində biz Azərbaycanın 16 bölgəsinə səfər edəcəyik. Qadın və qızlara qarşı zorakılığa son qoymaq üçün məlumatlılığı artıracağıq, zorakılıqdan əziyyət çəkənləri dəstəkləyəcəyik, qadınlara qarşı nifrətə yox deyəcəyik və dəyişikliyə aparan fəaliyyət üçün bütün imkanları səfərbər edəcəyik.
Gəlin, qadınların hüquqlarını müdafiə etmək üçün mövqe tutaq və səsimizi ucaldaq. Gəlin, qadın və qızlara qarşı zorakılığa son qoyaq”.