XƏBƏRLƏR / Hava

Bölgələrdə leysan fəsadlar yaradır YENİLƏNİR

Milli Hidrometeorologiya Xidmətinin məlumatı Gəncədə yağışdan sonra gələn sel suları evlərə dolub.

Bölgələrdə leysan fəsadlar yaradır YENİLƏNİR
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 16:30

    Şimal-qərb küləyi güclənərək sarı xəbərdarlığa uyğun olaraq Hacıqabulda 15 m/s, narıncı xəbərdarlığa uyğun olaraq isə Bakıda və Abşeron yarımadasında 21 m/s-yə çatıb

    ***

    15:00

    Lənkəran şəhərinin mərkəzi küçələri yağış suları ilə dolub.

    Səhər saatlarında Lənkəranda yağan intensiv yağışdan sonra kanallar daşaraq həyətyanı sahələrə dolub.

    Şəhərin əsas mərkəzi küçələri, eləcə də 2 və 3 saylı məktəblərinə gedən yollar, bazar küçələri sel suları ilə dolub.

    Rayonun Sütəmurdov kəndi ərazisindən keçən Lənkərançay daşıb.

    Hazırda Lənkəranda yağış dayanıb. Rayonda buludlu hava şəraiti müşahidə olunur.

    ***

    13:00

    Gəncədə güclü yağışın fəsadları davam edir.

    Gecə saatlarında şəhərin bir çox hissəsində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

    Hal-hazırda elektrik enerjisinin verilməsi bərpa edilməyib.

    ***

    İyulun 28-i saat 11:30-a olan məlumata əsasən, bölgələrdə qeyri-sabit hava şəraiti davam edir, bəzi yerlərdə leysan xarakterli güclü yağış yağır.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yağan leysan xarakterli yağışlar nəticəsində isə Qəbələ rayonu ərazisindən axan Dəmiraparançaydan, Şəki rayonu ərazisindən axan Kişçaydan, Zaqatala rayonu ərazisindən axan Talaçaydan, Qax rayonu ərazisindən axan Kürmükçaydan, Quba rayonu ərazisindən axan Xınalıqçaydan, Samux rayonu ərazisindən axan Qabırrıçaydan, Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçaydan, Gəncəçaydan, Astara rayonu ərazisindən axan Təngərüdçaydan, Tovuz rayonu ərazisindən axan Zəyəmçaydan sel keçib.

    Gəncədə yağışdan sonra gələn sel suları evlərə dolub.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 27, Aran rayonlarında 28, dağlıq rayonlarda isə 16 dərəcəyədək isti qeydə alınıb.

    Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti iyulun 29-u axşamadək davam edəcək.