BQXK-dən azərbaycanlı əsirlərlə bağlı yeni açıqlama
Sonuncu dəfə 13 iyun tarixində Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Ermənistanda saxlanılan iki Azərbaycan vətəndaşına baş çəkiblər
Ermənistanda saxlanılan azərbaycanlı hərbçilər Aqşin Bəbirov və Hüseyn Axundovla hələ də görüş keçirilməyib.
Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı ofisindən məlumat verilib.
“Bu ay ərzində BQXK azərbaycanlı əsirlərlə görüş keçirməyib. Əlavə məlumat olduqca ictimaiyyətə veriləcək”, - deyə bildirilib.
Sonuncu dəfə 13 iyun tarixində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Ermənistanda saxlanılan iki Azərbaycan vətəndaşına baş çəkiblər.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.
Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunurlar, onlar həbs edilib. Qondarma məhkəmə prosesində Aqşin Bəbirova 11,5 il, Hüseyn Axundova isə 20 il müddətinə həbs cəzası verilib.