BQXK Ermənistanda saxlanılan iki hərbçimiz barədə YENİLƏNİB
BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova ANS Press-ə danışıb
Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin nümayəndələri hələ də Ermənistanda saxlanılan iki azərbaycanlı hərbçiyə baş çəkməyiblər, - Ermənistandakı nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni "Sputnik Armenia"ya bildirib.
O, həmçinin bildirib ki, BQXK-nın Ermənistandakı nümayəndə heyəti azərbaycanlıların ailələri ilə əlaqə saxlayır.
***
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanda saxlanılan iki Azərbaycan hərbçisinin məsələsi barədə məlumatlıdır.
Bunu ANS Press-ə BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
O bildirib ki, BQXK ailələr və müvafiq qurumlarla əlaqədədir: "Məqsədimiz saxlanılan şəxslərə mümkün qədər tez baş çəkməkdir.
Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır".
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən aprelin 10-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iki əsgəri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüb.
Onların Ermənistan ərazisinə keçdiyi və orada saxlandığı məlum olub.
Dünən Axundov Hüseyn Əhliman oğlunun Ermənistanda şiddətli şəkildə döyülməsi, işgəncələrə məruz qalmasını əks etdirən görüntülər yayılıb.