BLOQ

Brukinqs İnstitutunun lal mesajları A.Blinkenin ifasında

Yeni, yoxsa köhnə "Pol Qobl planı"? Ərazi, yoxsa əhali mübadiləsi?

Brukinqs İnstitutunun lal mesajları A.Blinkenin ifasında
Antoni Blinken
  • Oxuma müddəti:

    5 dəqiqə

  • ABŞ Dövlət katibi Antoni Blinken neçə vaxtdır Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalatmaq istəyir. Demokrat Partiyası vaxti ilə bir Qordi düyününü - İsrail ilə Misir arasındakı qarşıdurmanı, məlum və məşhur Kemp Devid anlaşması ilə həll etmişdi.

    İndi də oxşar bir qələbəni demokratlar Güney Qafqazda qazanmaq arzusundadırlar. Ukraynada, iki Koreya, iki Çin, yəni Teybey ilə Pekin arasında sülh göyərçinini havaya uçurtmaq alınmır axı.

    Ümüd bizim bölgəyədir. Bizim göylərədir.

    ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi Ceyms O'brayn iyunda bu sazişin qara "keys"ini İrəvana da, Bakıya da təqdim etmişdi. “Strateji müttəfiqlik, Quzey-Güney, Doğu-Batı istiqamətlərində tranzit dəhlizlər” mövzusunda mətbuata sızıntılar da ötürülsə də...

    O qara "keys"in məzmunu hələ ki, tam açılmır. Vaşinqtonda NATO sammiti çərçivəsində görüşən Azərbaycan və Ermənistan XİN rəhbərləri hələ ki, ümumi sözlərlə kifayətlənirlər. Ancaq.

    “Qara otaqda qara pişiyi... üzr istəyirəm, qara "keys"i necə aşkarlamaq, deşifrələmək lazımdır?” sualına Antoni Blinken 1 iyul tarixində elə özü ipucu atıb.

    “Brookings Institution” kimi mötəbər, samballı, ağırbatman bir ünvanda Azərbaycan-Ermənistan sülh danışıqlarının müsbət dinamikasını xüsusi vurğulayıb. “Brookings Institution” əslində təkcə ABŞ-ın yox, ”mədəni dünya”nın bir nömrəli analitik mərkəzi kimi tanınır. İnstitutun 2002-ci ildən 2017-ci ilədək prezidenti kim olsa yaxşıdır? Adı, uzaq 1999-cu ildən qulaqlarımıza cingildəyən Stoub Telbot. Bəli. “Pol Qobl planı”nı 1999-cu ildə İrəvana və Bakıya imzalatmaq istəyən məhz həmin Stroub Telbot. ABŞ Dövlət katibinin təcrübəli, xüsusi missiyalı müavini.

    "Pol Qobl planı" ictimaiyyətə indiyədək tam açılmasa da... Açıqlanmasa da... Bəzi detalları ilə, vallah, Hollivud ssenaristlərinə də örnək, nümunə ola bilər.

    1999-cu ilin 27 oktyabrında Ermənistanın hərbi naziri Vazgen Sarkisyan bax bu Stroub Telbotla görüşdən dərhal sonra özü kimi digər 8 üst rütbəli Ermənistan rəsmiləri ilə birgə al-qana bulanır. Parlament binasındaca qətlə yetirilirlər. Eyni zamanda, eyni vaxt kəsiyində digər meydançada - Eçmiadzin kilsəsində yeni erməni kotolikosu Vazgen 2-ci müqəddəs taxt-taca yiyələnir həm də. 

    Nəticədə "Pol Qobl planı" danışıq masalarından yığışdırılıb verilir arxivlərə. Stroub Telbot isə az sonra hara göndəriş alır, soruşuram?  “Pol Qobl planı"nı hazırlayan elə həmin “Brookings Institution” instituna prezident təyin edilir.

    İndi, 2024-cü ilin 1 iyul tarixində bu bir nömrəli diplomatik meydançaya gələn Antoni Blinken lal mesaj verir regionumuza - yəni, plan yenə də həminkidir. "Pol Qobl planı"dır. Stroub Telbotun misiyasını isə indi mən davam etdirirəm - müasir ABŞ Dövlət katibi Antoni Blinken.
     
    İddialarım boş yedən qidalanmır, biləsiniz.  ABŞ diplomatiyasının qrammatik qanunlarını kimsə poza bilməz. Bir dəfə hazırlanan planı, özü də “Brookings Institution” kimi məktəbin hazırladığı dosyeni, bəli... kimsə poza bilməz. Arxivləşdirə bilməz. Koçaryan, Sarkisyan kimdir, hansı yuvanın quşudurlar ki, Pol Qobl, Stroub Telbot kimiləri təqaüdə göndərsinlər, Bakı ilə İrəvan, İstanbul arasında avara saxlasınlar?

    1 iyul 2024-cü ildə Antoni Blinken zamanın təkərini 25 il öncəyə yuvartlatdı. “Brookings Institution” mərkəzinin zati-aliləri qarşısında öz məharətini bir daha təsdiqlədi. Göstərdi ki, bəli,  ABŞ diplomatiyası üçün təzə projelər yox... Köhnə, xalça altına süpürülmüş projelər mühümdür. 

    1999-cu ildə ABŞ diplomatiyasına qarşı atılmış İrəvan atəşləri, güllələri indi artıq tam neytrallaşdırıldı.
    Məşhur “Pol Qobl planı”nın mətbuata sızmış detallarında ərazi mübadiləsi, sərhədlərin dəyişdirilməsi kimi vacib maddələr var. "Pol Qobl planı"nın 1-ci, 2-ci redaktələri məlumdur. İndi görünür növbəti 3-cü dəfə “Brookings Institution”da onun "üst-başını ütülədilər". 

    Ərazi bütövlüyünü bərpa edən qalib Azərbaycan da bilir ki, Antoni Blinken kimilər heç vaxt velosipedin 5-ci təkərini ixtira etmirlər. Həmişə köhnə projeləri azca dəyişib masaya atırlar.

    Ancaq rəsmi Bakı bu dəfə 1999-cu ildən fərqli olaraq qalib tərəfdir. Ərazi bütövlüyünü özü bərpa etdiyi üçün ərazi mübadiləsinə getməyəcək.

    Başqa mübadilə - əhali mübadiləsi isə... Hə... mümkündür bəlkə də. Bizimkilər qayıdır Meğriyə, Zəngəzura... və s. və ilaxır.

    P. S. “Blinken xəbərdarlıq edir: Azərbaycan Ermənistan üzərinə hücum edəcək” sərlövhəli bir müzakirə var “Exo Kavkaza” saytının 19 oktyabr 2023-cü il sayında. Orada Mehman Əliyevin Arsen Xaratyanla söhbətində... Yox. Cümləmi özüm bitirmək istəmirəm burada. Qoy mövzumuzu o söhbətdəki bəzi cümlələr bitirsin. Ərazi mübadiləsi əvəzinə əhali mübadiləsi ifadəsi ilk dəfə məhz bu müzakirələrdə anonslanıb.