BLOQ

Terror - qorxaqlıq nəzəriyyəsi...

Və ya it ürəyi yeyənlərin tula kompleksi

Terror - qorxaqlıq nəzəriyyəsi...
Xocavənddə mina terroru
  • Oxuma müddəti:

    9 dəqiqə

  • Sevimli yazıçım Mixail Bulqakovun “İt ürəyi” əsərində terrora meyllilərə cavab olaraq professor Filipp Filipoviç Preobrazhenski belə demişdi: “Terrorla heç nə etmək olmaz. Mən bunu təsdiq etmişəm, təsdiq edirəm və bundan sonra da təsdiq edəcəyəm. Onlar düşünürlər ki, terror onlara kömək edəcək. Xeyr, xeyr, mahiyyətindən fərqli olmayaraq - ağ, qırmızı, hətta qəhvəyi terror onlara kömək etməyəcək…”.

    İlk növbədə əziz oxucularıma terrorun nə olduğunu, ensiklopedik lüğətdəki anlayışını çatdırım:

    Terror (lat. terror – qorxu, vahimə) — siyasi, dini, ideoloji və iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni əməllərin, zorakılığın, gücün, hədənin tətbiq olunması deməkdir. Sovet ədəbiyyatlarında qeyd edildiyi kimi, real həyatda terror aktlarından daha çox günahsız kütlə, sivil şəxslər ziyan çəkir.

    2020-ci ilin müharibəsi sona çatan gündən mən Ermənistanın və Qarabağda yerləşdirilmiş erməni silahlı qüvvəllərinin hərbi hazırlıq imkanlarını daim nəzarətdə saxlayan mütəxəssis kimi dəqiq deyə bilərəm ki, bu gün sərhəddən uzaq, dərin Azərbaycan ərazisində inşa olunan, hər hansı silahlı qüvvələr tərəfindən ciddi nəzarətdə olan obyektə partlayıcı qurğunun yerləşdirilməsi qeyri-mümkündür. Burada açıq-aydın uzun müddət aparılan hazırlıq və xarici mütəxəssislərin peşəkarcasına cızdığı və bilavasitə iştirak etdikləri plan üzə çıxır. Sözsüz ki, Azərbaycanın hüquq-mühafizə orqanları bu işi araşdıraraq bir sıra izlərə çıxmağa müvəffəq olacaqlar, amma məsələnin kökünü anlamaq, bu gün, düşünürəm, elə də asan deyil.

    Əvvəlcə istifadə olunan mina haqqında – Mina-Sürpriz (MS-3) adlanan bu qurğu elə quraşdırılır ki, onun üzərində yerləşdirilən tank əleyhinə (və ya digər) minanı çıxarmağa cəhd edildikdə, MS-3 minası partlayır və bu da öz növbəsində əsas minanın partlamasına gətirib çıxardaraq külli miqdarda tələfata gətirib çıxarır. Struktur olaraq, partlayıcı xüsusiyyətləri və görünüşü baxımından MS-3, PMN-dən (Piyada Əleyhinə Mina) heç bir fərqi yoxdur. Sadəcə olaraq PMN misalında partlayış onun qapağına basarkən baş verirsə, MS-3-də əksinə, onun üzərindən yük qalxanda partlayır. Ermənilərin Azərbaycan ərazisində yerləşən silahlı qüvvələri bu üsuldan istifadə edə bilsəydi, biz bu faktlara 44 günlük müharibə və ya ondan sonra ərazilərin təmizlənməsində rast gələrdik. Yalnız belə olmadığı fakt bir daha sübut edir ki, bu texnologiya erməni terrorçularının cəbbəxanasında yenidir və onların yeni təlimçilərinin tövsiyələridir.

    Sözsüz ki, 44 günlük müharibə ermənilərə dərs oldu və biz bilməliyik ki, bu dərslərin nəticələrini ev tapşırıqları olaraq onlar 2020-ci ilin 8 noyabrından bu günədək öyrənirlər. Yeni silah və ya silahlara qarşı müqavimət texnikası və texnologiyalarını əldə etməklə yanaşı, xarici ölkələrdən müasir müharibə texnoloqlarını da dəvət edərək hərbi sahədə inkişaf edirlər. Hərbi sənətdə heç bir tərəf ciddi hazırlığı və ya dəstəyi (o cümlədən, xarici ölkələr tərəfindən) olmadan heç kim bu cür terror əməliyyatı keçirməz. Bu fakt bir daha sübut edir ki, bu hadisə küçə xuliqanlığı deyil, ciddi və aylarla hazırlaşdırılan hərbi təxribatdır və əməliyyat planının bir hissəsidir.

    Nə istəyir Ermənistan bu dəfə? Öz ölkəsini kənarda qoymaqla Azərbaycan ərazisində yeni müharibəyə başlamaq və bununla ölkə iqtisadiyyatına ciddi zərbə vurmaq? Öz millətinin Qarabağda yaşayan hissəsini ciddi təhlükəyə ataraq, qırğına buraxaraq, dünya içtimaiyyətinə bir-iki şəkil nümayış etməklə Azərbaycanın imicinə xələl gətirmək cəhdi ilə beynəlxalq sanksiyalara salmaq? Havadarlarına və bu gün Ermənistana maliyyə dəstəyi olan havadarlarına real iş göstərmək və sədaqətliyini nümayiş etmək? Azərbaycanda yeni əsgər tabutları ilə siyasi vəziyyəti çalxalamaq və bununla ikinci daxili cəbhə yaratmaq? Yoxsa Azərbaycanın dərin daxılındə savaşı alovlandırmaqla diqqəti Ermənistan sərhədləri və Zəngəzurdan yayındırmaq?

    Hər bir halda, görünür, bu ideyaları da özlərini ciddi peşəkar hesab edən erməni hərbi-siyasi elitası və onların xarici məsləhətdaşları 2020-ci ilin payızında olduğu kimi ağılabatan hesab etməklərinə baxmayaraq yenə də ciddi səhvlər buraxırlar. Bu səhvlər erməni xalqının tarixində rəhbərlərinin siyasi təkəbbür, güclərin real balansını və onun nəticələrini qiymətləndirmək qabiliyyətindən məhrum olması, “3 qəpiklik” populizm və Qafqazda yaşayan bütün xalqların rifahı naminə geosiyasi problemi dəf edə bilməmək, xalqını qırğına dücar etmələri kimi qalacaq.

    2020-ci ildə müharibə dayanandan bu günədək erməni silahlıları tərəfindən qətlə yetirilmiş Azərbaycan vətəndaşları - jurnalistlər, Qarabağda tikinti və abadlaşdırma işləri aparan bir sıra təşkilatların əməkdaşları, habelə adi mülki adamların sayı çoxdan 50-ni adlayıb və boğaza yığılmış Azərbaycan Prezidenti İlham Əliyev bu dəfə 9 vətəndaşının həlak olmasına dözməyərək antiterror əməliyyatına başladı! Bu hələ 2020-ci ilin günəşli payızında başlayan əməliyyatının davamı və ola bilsin, sonu olacaq.

    Lakin bu münaqişədə hər şey Azərbaycanla bağlı deyil. Antiterror əməliyyatının elə ilk anlarında millətə müraciətlə çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda yerləşən rusiyalı sülhməramlılara müraciət edərək münaqişəni saxlamağa çağırdı… O saat KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) yada düşdü, Ukrayna ilə savaş vəziyyətində olan Belarus və Rusiyaya da müraciət olundu ki, diqqətləri Qarabağa istiqamətləndirilsin… Çox maraqlıdır ki, bu müraciətlər bir müddət əvvəl Ermənistan ərazisində ölkə ordusunun NATO qüvvələri ilə birgə təlimlərə start verdiyi anda baş verir. Paradoks. Lakin bu faktlara diqqət yetirən və Bakı badımcanı ilə Laçın xiyarının fərqini anlayan hər bir insan regionda qalmaqal salmaq istəyi ilə yaşayan erməni rəhbərlərinin bu terror əməliyyatının məhz bu vaxta təsaduf etməsini asanlıqla anlayar. 

    Amma Nikol Paşinyan özü, təmsil etdiyi erməni xalqının adından hələ keçən il Praqada Azərbaycanın, Qarabağ daxil, ərazi bütövlüyünü tanıdı! Bu o demək deyilmi ki, Qarabağda qanunsuz silahlı dəstələrlə antiterror əməliyyatı aparan Azərbaycanın hərəkətlərinə qiymət vermək suveren dövlətin daxili işlərinə qarışmaqdır?! Ay adam, camaat balaca bir kolbada müəmmalı maye üstündə İraq boyda dövlətə, türkün sözü “saldırır”. Burada isə bir gündə ölkə ərazisində terror aktı keçirilir və 20-yə yaxın adam həlak olur və yaralanır…

    Bir sözlə, bu çox mürəkkəb vəziyyətdə heç kimə sirr deyil ki, Azərbaycan çox ciddi, dövlətinə və millətinə vacib olan missiyanı yerinə yetirir. Ermənistan və Ağdamdan gələn ərzaq karvanlarını qəbul etməyən Qarabağ ermənilərinin havadarları nə istəyir, anlamaq çətindir. Bu münaqişəyə eyni zamanda İran, Rusiya və Qərbin bir sıra ölkələri, başda ABŞ da müdaxilə etməklə, öz maraq dairəsini qoruyur və ya yaradır. Və bu əjdahaların içində Azərbaycan üçün taleyüklü missiyanı yerinə yetirmək üçün təşkilati, siyasi, iqtisadi nöqteyi-nəzərdən hazırlıqlı olmaq lazımdır və heç bir mərhələdə səhvə yol vermək olmaz!

    Biz ANS Press olaraq, dünən ANS-in əməkdaşlıq etdiyi bir sıra beynəlxalq media qurumlarına məlumatlar yolladıq və bir sıra xarici, auditoriyası 100 milyonlarla hesablanan TV kanallarda çıxışlar etdik. Siz də arxada qalmayın, qardaşlar və bacılar! Bu əjdahalar oyununda güclü və poladdan olmaq lazımdır, çünki incə, zərif və zəif şeylər dağılıb gedəcək!