Həyat absurdunun bir nümunəsi də arxivimdəki, bax, bu siqaret qutusudur.
1942-ci ildə "Bakı Qırmızı Oktyabr tütün fabriki" qeyrətə gələrək, cəbhədəki Azərbaycan snayperlərinə "Bəxtiyar" brendini, bax bu siqaret qutularını göndərir. Qutu üzərindəki snayper tüfəngi... içində əlisilahlı bizim Bəxtiyarlar...
Faşistləri lüləsinin ücunda güdürlərmişlər guya.
Absurdun şah əsəridir məncə bu. Muzeylərdə yeri yalnız bu ad altında ola bilər.
Birinci səhv - snayper siqaret çəkməməlidir.
Siqaretin gözü, közü qızardısa, vəssalam, şəkildəki faşist snayperi bizim Bəxtiyarı "bəxtsiz" edəcək. Dəqiq.
İndi, aradan düz 80 il ötdükdən sonra baxıram bu nadir artefakta, müharibə yadigarına... Qərarım qətidir - cəbhədəki Bəxtiyarları məhz bax bu siqaret hədiyyələru ölümə sürükləyib.
Şəkildəki yalançı snayper duelinə ağız büzürəm. Təxribat idimi bu? Yoxsa səhlənkarlıq? Məncə, hər ikisi.
Absurd qısaca həyatın əsl fəlsəfəsi, ana nüvəsidir. Siz məntiq, romantik münasibətlər, mənzərələr görən yerdə mən ancaq absurdu görürəm.
Sosialist realmində də absurd görürəm, divan, aşıq ədəbiyyatımızda da.
Hamınızda, elə özümdə də ancaq absurd kabusunu sezirəm.
Qutudakı şeiri tərsinə, absurdcasına eşidirəm: Sən qorumadın vətəni, Bəxtiyar, Vətən səni unudacaq, Bəxtiyar, Bundan sonra fəxr ilə analar körpəsinə adını qoymayacaqlar...
Bu hədiyyə isə ünvanına göndərilmiş əsl ölüm baratı idi, biləsiniz.