BLOQ

Qapı

İnanıram ki, oxşar bir qapını gec-tez açaraq bir gün geri, Təbrizə dönəcəyəm

Qapı
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Təbrizdəki qapımızn son görüntülərindən biri. Beş-altı yaşı var.
    Sonra evin damı da uçdu, bax bu qapısı da...
    Son nəticədə doğma ata yurdum, guya sahibsiz bir mülk kimi keçdi "Setate İcrayeye Fərmane İmam" adlanan İmam Mehdi fonduna.
    İndi, mən İranda, Təbrizdə rəsmən(!) İmam Mehdi ilə ortağam. Şərikəm. Haqqımda qərarı o verə bilər, yaxud Qeyb İmamın özü.
    İmam Mehdini çox sevərəm. İndiki zamanın da sahibi, İmamı O du. İrandakı mollar isə İmam Mehdini lap unudublar, elə hey İmam Hüseyni önə çəkərlər şiə söhbətlərində.
    Düz deyil. Bizim İmam indi İmam Mehdidir.
    Mən də şəxsən ortağam bu İmamla.
    O ki qaldı Təbrizdəki qapımızın niskilli, qərib simasına... Heç, bir gün İçəri Şəhərdə gəzirdim qəmgin-qəmgin. Sanki Təbrizdəki o qapımı axtarırdım. Bir də gördüm... yahu, bu nə möcüzə?
    "Tverskaya 6" ünvanında, "Qazan xan məscidi" önündə bir qapı, eynən Təbrizdəki doğma qapımın sanki özüdür ki var!
    Girdim o qapıdan içəri. Həyəcanlı anlar yaşadım. Ev sahibləri - Zəhrə xala ilə Rəhim kişi də, mənim kimi o taylıydılar.
    Qısası, kökümüz də, taleyimiz də eyniydi... elə qapımız da.
    Qapı haqda bu ev sahiblərinə ölən günlərədək əsl həqiqəti demədim.
    Demədim niyə, bu evi, bu qapını, bu şəxsləri bu qədər qəfil basmışdım bağrıma.
    Özümə danışardım bu xırdalıqları, bu xatirələri.
    Bir də, Allaha.
    Bir də, İmam Mehdiyə.
    Necə sevirəm, necə bayılıram bu hər iki qapının oxşar cırıltısına, qəfil, arxamca sürətlə öz çərçivəsinə çırpılmasına.
    İndi bu iki qardaş qapılardan biri "öldü".
    Təbrizdəki qapımız "öldü".
    Qaldı Bakıdakı oxşarı.
    Eyni cırıltı, eyni taqqıltı, eyni qoxu...
    Həlləlik bu incəliklərlə ovuduram özümü...
    İnanıram ki, bir gün Qeyb İmamı da bu qapı önündə görəcəyəm.
    İnanıram.
    Vaxtiylə, uzaq keçmişlərdə bu qapıdan səhər-səhər çıxıb bir də geri qayıtmamışam. Anamı, yeddi bacımı ağlar qoymuşam. Ancaq inanıram ki, oxşar bir qapını gec-tez açaraq bir gün geri, Təbrizə dönəcəyəm.
    Təbrizdəki ünvan - Pastore cədid, ev 334. Bakıdakı qapı - Tverskaya 6.