Bu müqəddəs bayram günündə bəlkə də Molla İbrahimxəlil kimyagər demişkən, meymunu yada salmamaq daha yaxşı olardı. Amma olmur...
Qarabağda erməni separatizminin yeni baş qaldırdığı dövrdə ümumittifaq nəşrinin - "Literaturnaya qazeta"nın xüsusi müxbiri kimi tez-tez Xankəndinə gedən mərhum Emil Ağayev bir dəfə maraqlı müşahidəsini bölüşmüşdü. Deyirdi ki, bir də görürdün məni yaxşı tanıyan ermənilərdən biri əl-qolunu ölçə-ölçə üstümə gəlir, bağıra-bağıra bizimlə bir yerdə olmaq istəmədiklərini, bizdən çox çəkdiklərini, ayrılıb burada öz dövlətlərini quracaqlarını deyir, ünvanımıza ittihamlar yağdırırdı. Aradan iki dəqiqə keçməmiş başqa bir erməni yaxınlaşır, mehriban səslə "Эмил-джан, не обращай внимание. Человек три дня не спит. Совсем голову потерял. Сам не понимает, что говорит. Одержим какой-то дурацкой идеей"- deyib məni sakitləşdirməyə çalışırdı. Hər dəfə bu ssenari bir neçə dəfə təkrarlanırdı.
İki ildən bəri, xüsusən də bu son zamanlarda Paşikin də eyni ssenari üzrə hərəkət etdiyi aydın müşahidə olunur. Bir gün deyir ki, 29 800 kv. km-lik ərazimizdə sakit oturaq, ayrı heç nə istəmirik. Ertəsi gün Azərbaycana ərazi iddiası irəli sürür. Bir gün deyir ki, regionumuzda sülhün alternativi yoxdur. O biri gün revanş yanğısı ilə Hindistan və İranın qucağında oturur. Bir gün deyir ki, Azərbaycanın torpaq bütünlüyünü tanıyırıq. O biri gün tez əlavə edir ki, olmayan DQ məsələsinin həlli üçün beynəlxalq mexanizmlər lazımdır. Biri-birini əvəz edən əbləh fikirlərini saymaqla qurtarmaz. Deyəsən, gorbagor Jirikin yerinə göz dikib.
Nə isə, dəmir yumruq, dəmir təpik, dəmir iradə, dəmir söz və məntiq gərək davamlı olsun. Hətta günün birində sülh bağlansa da, çomağı, daha doğrusu Bayraktarı başlarının üstündən əskik eləmək olmaz!