BLOQ

Çingiz Mustafayevin doğum günüdür

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb

Çingiz Mustafayevin doğum günüdür
  • Oxuma müddəti:

    4 dəqiqə

  • Çingiz Fuad oğlu Mustafayev 29 avqust 1960-cı ildə Həştərxan vilayətinin Vladimirovski rayonunun Kapustin-Yar kəndində Fuad və Naxış Mustafayevlərin ailəsində anadan olubmuşdur. 1964-cü ildə ailəsi ilə Bakı şəhərinə köçmüşdür. Atası onu hərbçi görmək istədiyindən, Çingizi Cəmşid Naxçıvanski adına hərbi liseyə yollayır. O, burada 3-cü sinifdən 10-cu sinfə qədər təhsil alır. Lakin sonradan hərbi məktəbi tərk edib, orta məktəbə daxil olmuşdur. 1977-ci ildə Yasamal rayonunda 167 saylı məktəbi bitirmişdir.

    İslahatçı-novator olan Çingiz Mustafayev 1970-ci illərdə SSRİ-də və Azərbaycanda ilk disko-klubun yaradıcısı olmuşdur. O, Azərbaycanın ilk DJ-i kimi tanınır. 1981-ci ilin sentyabr ayında, Mustafayevin başçılığı altında, 12   nəfərdən - "light DJ" və "texnik"lərdən ibarət olan “3M” adlı qrup yaratmışdır. Anası onu həkim görmək istədiyindən, Çingiz Mustafayev 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olur, 1983-cü ildə institutu müvəffəqiyyətlə bitirir. Təhsilini başa vuran Çingiz Mustafayev təyinatla Dəvəçi rayonunda (indiki Şabran) üç il həkim işləyir. Tibb İnstitutunu bitirdikdən sonra, o, İnşaat Mühəndisləri İnstitutunun yataqxanasına baş həkim təyin edilir.

    1983-cü ildə dünyada ilk dəfə olaraq Azərbaycan dilində "Dünənki keçdi" rep janrlı mahnısını səsləndirib. 1985-ci ildə yaratdığı "Cəngi" birliyindəki fəaliyyəti Azərbaycan gəncləri arasında populyarlıq qazanır. Birlik Sovet İttifaqında başlanan yenidənqurma prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. 1990-cı illərdə Azərbaycan televiziyasında "Ekspromt" verilişinin və "Ozan" rok qrupunun yaradıcısı olmuşdur. 1988-ci ildə rejissor Vaqif Mustafayevin "Yaramaz" bədii filmində çəkilib. 1990-cı il 20 yanvar hadisələri zamanı Çingiz Mustafayev klinikanı terapevt mərkəzi kimi istifadə edib. 1991-ci ilin noyabrından jurnalist və Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyət göstərmişdir. Amma Çingiz Mustafayev Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənmir. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında həqiqətlərin ABŞ və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapır. Dövlət televiziyasında mövcud olan senzura və ciddi qadağalar Çingizi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona görə də Çingiz, əlahiddə olaraq, "215 KL" studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı və yaradıcısı olur. Onun reportajları bir qayda olaraq cəbhədən olduğundan, tamaşaçılar "215 KL" studiyasını məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər. 

    Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqqında xüsusi reportajlar və bütün bunlarla yanaşı, Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllif yaradıcılığı idi.

    Çingiz Mustafayev səkkiz ay ərzində Qarabağ müharibəsi haqqında 18 sənədli film çəkmişdir. O, döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. Çingiz Mustafayev cəbhədə bir əsgər, zabit və hətta komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Laçından çıxan əsgərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı teletarixin dramatik səhifələri kimi yadda qalmışdır. Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi kadrlarla tanıdı. Çingiz Mustafayevin məhz bu kadrları ilə Ermənistanın reputasiyası bütün dünyada ciddi sarsıntıya məruz qaldı.

    Çingiz Mustafayev 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olur. Belə ki, minaatandan açılan atəş zamanı Çingiz Mustafayev ağır yaralanır, onun sağ ayağının bud sümüyündən arterial damar zədələnir və o, sürətli qanaxmadan döyüş meydanında şəhid olur. Lakin Çingiz Mustafayevin kamerası çəkməkdə davam edir...

    1992-ci ildə Bakıda Şəhidlər Xiyabanında dəfn edilir.

    Şəxsi həyatı

    1990-cı ildə ailə qurub. 1991-ci ilin sentyabrında Fuad adlı oğlu dünyaya gəlib. "ANS" Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev və vitse-prezidenti Seyfulla Mustafayevin böyük qardaşıdır.