BLOQ

Bu gün ANS ÇM radiosunun yaranmasından 29 il keçir

MİLLİ QƏHRƏMAN ÇİNGİZ MUSTAFAYEV ADINA ANS ÇM RADİOSUNUN 29 İL və ANS PRESS İNFORMASİYA AGENTLİYİNİN 32 İLLİK YUBİLEYİ İLƏ BÜTÜN AZƏRBAYCAN XALQINI TƏBRİK EDİRƏM!

Bu gün ANS ÇM radiosunun yaranmasından 29 il keçir
  • Oxuma müddəti:

    5 dəqiqə

  • Azərbaycanlılar fəxrlə dolu millətdir, sevgi, məhəbbət və böyük nailiyyətlərlə bol xalqdır. Bu sırada keçmiş SSRİ-də ilk Müstəqil Televiziya yaradanlar da məhz Azərbaycanlılar olub.

    ANS - sadə və sıravi Azərbaycan ailəsi olan Mustafayevlərin yaratdığı və bütün dünyaya Vətənimiz haqda obyektiv həqiqətləri çatdıran bir media qurumu olub, lakin bir çoxları üçün bu böyük bir Dünya olub, var və daim olacaq!

    ANS öz yaradıcılığı ilə Azərbaycan media tarixini dəyişmiş, ona öz sanballı, əvəzsiz töhfələrini vermişdir. Bu gün ANS verilişlərindən sitat gətirilir, istinad edilir, haqqında danışılır və mübahisə edilir. Bu, danılmazdır, amma həqiqətdir - ANS adı həmişə və hər yerdə hörmətlə səslənir. Elə bir adam yoxdur ki,  ANS haqqında eşitməsin və ya verilişlərinə və ya çəkilişlərinə baxmasın. Axı niyə ANS həmişə dillərdədir? Cavab çox sadədir: Bu qurum və onu yaradanlar Azərbaycanın ən çətin dövründə, quruluş yolunun yolçuları olmuş və yalnız öz malı və canları ilə Dövlətçiliyimizi qoruyublar. ANS-in 28 Mayda yaranması da əslində təsadüf deyil - bu bir fəxarət rəmzidir, Azərbaycan üçün tarixin bu ilahi gününü yaşatmaq və Respublikamızı yaradan Kişilərin öyrətdiyi kimi, Azərbaycana təmənnasız qulluq etmək rəmzidir!

    Savadlı olmaq ağıllı olmaq deyil prinsipi ilə əməkdaşları işə qəbul edərkən bu gün Azərbaycanın hər sahəsində ANS məktəbi keçən yüksək peşəkar Vətənpərvərlər yetişdirdik.

    Məndən tez-tez soruşurlar: "Bəs siz uşaqlıqda nə ilə məşğul olurdunuz", mən cavab olaraq deyirəm - "Uşaqlıqda mənim TV və Radiom olub!". Mən ANS-i yaradanda cəmi 22 yaşım var idi, uşaq idim və mən elə düşünürdüm ki, dünyada hər şeyi bilirəm, bu il mənim 55 yaşım olacaq və mən 22 yaşımda olan mülahizələrimlə qəti razı deyiləm. Düşünürəm ki, bu yaşda hər şeyi bilən iddiası ilə yaşayan adamlar 22 yaşlarından bəri heç inkişaf etməyiblər. Şükür Allaha ki, mənim simamda bu belə deyil... :-)

    Hemenquey deyirdi ki, "Dünyadakı bütün insanlar iki kateqoriyaya bölünür. Birinciləri ilə yaşamaq çox asandır və eyni zamanda onlarsız yaşamaq da asandır. İkincilərlə isə çox çətindir, lakin onlarsız yaşamaq da mümkün deyil". Bəli, həyatı boyu bu burulmuş telefon şnurları rolunu oynayan və daim Bayquşların ağzına baxan nurşirovanların olmadığınız heç kim hiss etmir, amma onunla işləmək nə qədər çətin olsa da, ANS-in açıq yayımda olmadığını bu gün də hiss edirlər, axtarırlar, gözləyirlər...

    Lakin təəssüf ki, biz yaşadığımız zamanı, məkanı və şəraiti seçmirik. Biz, sadəcə, bizi seçən dövrdə necə yaşayacağımıza qərar verə bilirik və çalışırıq bunu edərək abrımızı, soyumuzu, köklərimizi və Azərbaycanlılığımızı qoruyaq!

    Deyəsən, çox dərinlərə getdim. Amma yenə də narahatlığa səbəb yoxdur, dostlar - insanların axmaq və qəddar olmasına baxmayaraq, görün bu gün nə gözəl gündür, günəş, quşların səsi, mülayim əsən Bakı küləyi və 28 May günü! Azərbaycanın Müstəqillik günü, Azərbaycan Demokratik Respublikasının yaranma günü, ANS-ÇM radiosu və ANS PRESS agentliyinin yarandığı gnüdür. Buna görə də biz xoşbəxtik!

    Xoşbəxtlik isə qocalığı istisna edir. ANS və ANS-çilər Azərbaycana sonsuz məhəbbət və sədaqət hissi ilə yaşayırlar. Bu qabiliyyətləri özündə saxlayan adamlar qocalmaz.

    Bu gün Azad və Xoşbəxt olmaq çətin deyil - bunun üçün yalnız tənbəlliyi qurban verməliyik. Bu düstura sadiq olaraq biz ANS PRESS saytını bərpa etdik. www.anspress.com - bu gün həqiqəti bilmək istəyən milyonlarla insan məhz bu saytla sabahını açır və gecəsi ilə vidalaşır. Burada siz ANS-ÇM radiosuna da qulaq asa bilərsiniz, bizim TV verilişlərimizə də baxa bilərsiniz! Soruşacaqsınız, niyə bunu etdik? Qanadlar quşa yalnız uçuşda azadlıq verir, yerdə gəzəndə onlar yalnız yükdür.

    Biz vaxtında "Sağ ol" və "Salamat qal" deməyə cəsarət tapdıq, elə bu səbəbdən həyat bizə yeni bir "Salam"la mükafatlandırdı!

    Beləliklə, Seyfulla Mustafayev, Sevda Həsənova, Aida Əliyeva və minlərlə digər əsl ANS-çiləri bugünkü bayram münasibəti ilə ürəkdən təbrik edir və yeni-yeni "Salam"lara hazır olmağı çağırıram!