BLOQ

Bu gün Xalq şairi Xəlil Rza Ulutürkün doğum günüdür

Xəlil Rzanın anadan olmasının 93-cü ildönümü tamam olur

Bu gün Xalq şairi Xəlil Rza Ulutürkün doğum günüdür
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Xəlil Rza Ulutürk 1932-ci il oktyabrın 21-də Azərbaycanın Salyan rayonunun Pirəbbə kəndində dünyaya gəlib.
    .

    Xəlil Rza Ulutürk keçən əsrin 50-ci illərində yaradıcılığa başlamış, 60-70-ci illərdə bir sənətkar kimi püxtələşmiş, 80-90-cı illərdə Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparmışdır. Xəlil Rzanın yaradıcılığı ilk illərindən ədəbi ictimaiyyətin diqqətini cəlb etmiş, Məmməd Arif, Məmmədcəfər Cəfərov, Yaşar Qarayev, Əkbər Ağayev, Qulu Xəlilov, Şamil Salmanov və digər alimlər onun əsərləri haqqında təqdiredici elmi qənaətlərini söyləyiblər.

    Onun yaradıcılığını yüksək qiymətləndirən ədəbiyyatşünas-alim Yaşar Qarayev deyib: Vətənin və şairin taleyi ayrı heç yerdə, heç kəsdə bu qədər Xəlildəki qədər bir-birinə bənzəmədi. Yalnız həqiqətən xalis fitri şairlər həyatın, şəhidliyin sınağına, həm də poeziyanın imtahanına bu tamlıqda, bu səviyyədə hazır olurlar. Əslində, indiyə qədər də Xəlil qüvvətli ruhun, fəhmin təcəssümü olan bir varlıq idi, indən belə də ruhun simvolu olaraq qalacaqdır”.

    1991-ci il mayın 6-da şair “Türk milləti mükafatı laureatı” fəxri adına layiq görülüb. Bir ildən sonra ona “Xalq şairi” fəxri adı verilib.

    Xalq şairi Bəxtiyar Vahabzadə onun haqqında belə söyləyib: "Əgər məndən soruşsalar “Xəlil Rza Ulutürk sənin üçün kimdir?” mən bir cümlə ilə deyərəm: “Millətimizin istiqlal mücahididir”. Xəlil yalnız qələmi ilə deyil, əməli, fəaliyyəti ilə Vətənimizin istiqlalına xidmət göstərmişdir. Bunlarla da kifayətlənməyən şair öz balasını da bu yolda qurban verməkdən çəkinmədi. Bir sözlə, Xəlil bu Vətən üçün nə lazımsa, onu elədi. Xəlil Rzanın böyüklüyü ondadır ki, o, doğma torpağının azadlığı, xalqının səadəti yolunda öz canından belə keçməyə hazır olan, son dərəcədə cəsarətli, qeyrətli şair-vətəndaş idi. Onun zəngin və mərdanə poeziyası da məhz Vətən və xalq idealları ilə mayalandığı üçün əsrlər boyu ürəklərdə yaşayacaqdır".

    İstiqlaliyyəti uğrunda mübarizə aparan Azərbaycanı körpə ikən beşiyində boğmağa uzanan əlləri kəsmək üçün onu müdafiəyə qalxan və bu müqəddəs amal uğrunda ölümün şəhidlik zirvəsini fəth edən igidlərdən biri də məhz Milli istiqlal şairi Xəlil Rza Ulutürkün oğlu Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəylidir. Qəhrəmanlıq bir neçə anın, saniyənin işi deyil, qəhrəmanlıq fərdin, şəxsiyyətin iliyində, qanında, sümüyündədir.

    Bu fikirlər isə Xalq yazıçısı İsmayıl Şıxlıya məxsusdur: “Mən hər dəfə onunla rastlaşanda “məndə sığar iki cahan, mən bu cahana sığmazam” misralarını xatırlayırdım. Şair Xəlil, müəllim Xəlil bu məhdud, qapalı cahana sığmırdı”.

    Xəlil Rza Ulutürk 1994-cü il iyunun 22-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

    Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə Xalq şairi Xəlil Rza Ulutürk (ölümündən sonra) “İstiqlal” ordeni ilə təltif edilib.