Hazırkı Azərbaycanın iqtisadi sahədə qarşısında duran əsas məqsəd qeyri-neft sektorunun inkişafını sürətləndirmək, bu sektorun iqtisadi artımda rolunu yüksəltməkdir. Bu Azərbaycan üçün həm enerji bazarında yarana biləcək şoklardan özünü qorumaq, həm də davamlı iqtisadi inkişafı təmin etmək baxımından önəmlidir.
Son illərdə qeyri-neft məhsullarını ixracında artım müşahidə edilsə də və bu sektorun iqtisadi inkişafda rolu artsa da, hələ də iqtisadiyyatda neft və qaz sektoru dominantlıq etməkdədir. Statsitik rəqəmlərə baxsaq görərik ki, 2023-cü ildə ixrac edilən Azərbaycan mənşəli qeyri-neft məhsullarının ümumi ixracda payı 8.82%-ni təşkil edib. Son beş ildə qeyri-neft məhsullarının ixrac həcmi 49.5% və ya 990 milyon dollar artaraq 2.99 milyard dollara çatıb. Son illərdə qeyri-neft məhsullarının ixracının artım tempi yüksək olsa da həcmi azdır və xarici ticarətdə payı hələ də kiçikdir.
2023-cü ildə qeyri-neft məhsulları içərisində ixracda ən çox paya sahib olan məhsul növləri meyvə-tərəvəz və elektrik enerjisi olub ki, onlarında ixracda payı müvafiq olaraq 24.3% və 13.5% təşkil edib. Bu məhsulların birlikdə qeyri-neft ixracında payı 37.8%, ümumi ixracda payı isə 3.3% təşkil edib. Digər ən çox ixrac edilmiş məhsullara etilen polimerlәri, pambıq lifi, polipropilen, qara metallar və.s. məhsullar aid olub. Göründyü kimi, Azərbaycanda qeyri-neft məhsullarının ixracda payı az olmaqla yanaşı, qeyri-neft ixracı daha çox xammal ixracına əsaslanır və məhsul baxımından təmərküzləşmə böyükdür. Ona görə bu məhsullar əlavə dəyərin yaradılmasına çox tövhə verə bilmir.
Bundan başqa, qeyri-neft ixracının strukturunda məhsullar ilə yanaşı ölkələr baxımından da təmərküzləşmə böyükdür. Belə ki, qeyri-neft ixracının 33%-i Rusiyanın, 23%-i Türkiyənin, 10%-i isə Gürcütsanın payına düşür. Ümumilikdə bu ölkələr Azərbaycanın qeyri-neft ixracının 66%-nə sahibdir.
Azərbaycanın qeyri-neft ixracının az olması və onun strukturunda ölkələr və məhsullar baxımından təmərküzləşmənin yüksək olmasının obyektiv və vacib səbəblərindən biri Azərbaycanın gömrük ittifaqlarına üzv olmaması, bu üzvlük vasitəsilə güzəştlər əldə edə bilməməsi və bu məkanlar çərçivəsində ticarət zəncirinə qoşula bilməməsidir. Aydındır ki, qeyri-neft istehsalının və ixracının artırılması üçün yeni bazarlara daxil olan məhsulların istər keyfiyyət, istərsə də qiymət baxımından rəqabətqabiliyyətinin yüksək olması vacibdir. Ona görə də gömrük ittifaqlarına daxil olmaq və ya xüsusi əməkdaşlıq formalarının tapılması yerli istehsalçıların qeyri-neft sektoruna marağının artması və qeyri-neft ixracının stimullaşdırılması baxımından vacibdir.
Lakin, bu ittifaqlara daxil olmaq üçün Azərbaycanın qarşısında dayanan məhdudiyyətlər vardır. Məsələn, Azərbaycanın hazırda ən çox ixrac etdiyi qeyri-neft məhsulları olan kənd təsərrüfatı məhsulları AİB-ə üzv olan ölkələr tərəfindən də istehsal və ixrac edilir. Bu ölkələrdə Azərbaycanın ənənəvi qeyri-neft məhsulu olan meyvə və tərəvəzə tələbat böyük deyildir. Ona görə də AİB bazarına qeyri-neft məhsullarının ixracını genişləndirmək üçün Azərbaycan digər, qeyri-ənənəvi qeyri-neft məhsullarının istehsalını artırmalıdır ki, bu məhsullar həmin bazarda rəqabət qabiliyyətli olsunlar.
Aİ bazarı isə Azərbaycan üçün daha rəqabət qabiliyyətli istehsala keçid və dünya bazarında mövqeyin möhkəmləndirilməsi baxımından imkanlar açır. Lakin, Aİ bazarına daxil olmaqla bağlı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyün olmaması, yerli istehsalçıların Aİ standartlarına uyğunlaşması kimi problemlər mövcuddur. Ümumiyyətlə, dünya bazarına çıxış və qeyri-neft ixracının artırılması baxımından ÜTT-yə üzvlük vacibdir. Ona görə ki, ÜTT standartlarına keçmədən sərfəli şərtlərlə ixrac imkanları əldə etmək çətindir. Qeyri-neft ixracının artırılmasının ilkin mərhələsində isə təbii olaraq bu sərfəli şərtlərin əldə edilməsi vacibdir. Bu məsələlər həll olduğu halda Azərbaycan Aİ bazarına ənənəvi qeyri-neft məhslları, xüsusilə də kənd təsərrüfatı malları ilə çıxa bilər.