Ermənistan mətbuatında yalan yarışı tuğyan edir
"Jurnalistlər" siyasət-siyasət oyununda əhalidə panika yaratdıqlarını və ölkələrin aralarını vurduğunu düşünür
Dünəndən Ermənistan mətbuatı və sosial şəbəkələrində əməlli başlı "xəbər qasırğası" hökm sürür.
Hər şey Ermənistan müdafiə nazirliyinin bu xəbərindən başladı:
“Martın 21-də saat 12:20 radələrində Ermənistan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu M.Q. avtomobillə döyüş mövqeyinə ərzaq daşıyarkən, zəif görünmə və duman şəraitində Azərbaycan tərəfinin nəzarətində olan ərazidə, ilkin məlumatlara görə, itkin düşüb.
Dərhal axtarış-xilasetmə işlərinə başlanılıb, hərbçinin Azərbaycanın nəzarətində olan ərazidə olması və geri qaytarılması istiqamətində tədbirlər görülür”.
Başladı, nə başladı! Xayların əksər KİV və sosial şəbəkələr istifadəçıləri sinxron şəkildə vay-şüvən qaldırdılar ki, "turkeslər" erməni əsgərini ələ keçirərək, qenasid edirlər. Vay aman! Qoymayın! Kəsdilər-doğradılar!
İş o yerə çatdı ki, Azərbaycan Müdafiə nazirliyi bu uydurmaları təkzib etməli oldu:
"Martın 21-də Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun nəqliyyat vasitəsi ilə guya azaraq Azərbaycan Ordusunun bölmələrinin mövqelərinə yaxınlaşması və bölmələrimiz tərəfindən əsir götürülməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır."
Bundan sonra Azərbaycan tərəfi Sülhməramlı kontingentin köməyi ilə Ermənistandan Azərbaycan ərazisinə qanunsuz hərbi yüklərin daşınmasını sübut edən kadrlar paylaşdı.
Buna güya cavab olaraq və diqqəti yayındırmaq məqsədiylə, erməni mənbələri itkin düşmüş əsgərlərinin axtarışına Rusiya hərbiçilərinin qoşulduğu xəbəri yaymağa başladılar. Daha sonra əsgəri azərbaycanlıların əlindən alması üçün gələn rus hərbiçilərinin avtomobilinin atəşə tutulduğu xəbəri dövriyəyə buraxıldı.
Xəstə təfəkkürün ən uca zirvəsi isə 2 rus hərbiçisinin azərbaycanlılar tərəfindən başlarından yaralandığları məlumatı oldu. Qeyd edək ki, bu məsələdə əsas canfəşanlıq edən Ermənistan hakimiyyətinə yaxın mənbələr oldu. Onlar öz uydurmalarından təsirlənərək əhvalatı faciyəvi finala - Gorus xəstəxanasının əməliyyat otağına çatdırdılar.
Yəni rus əsgərlərdən birini "başından aldığı ağır yaraya görə xilas etmək mümkün olmadı". Vay aman-2! Azərbaycanlılar rus əsgərini qətlə yetirdi! Eşidirsən, Putin?!
Bu boyda həngamə qalxandan bir az sonra Ermənistan müdafiə nazirliyi itkin əsgərin tapıldığı haqda rəsmi xəbər verir:
"Martın 22-də axtarış-xilasetmə tədbirləri nəticəsində martın 21-də avtomobillə istehkam ərazisinə ərzaq daşıyarkən itmiş Ermənistan Respublikası Silahlı Qüvvələrinin əsgəri M.Q. tapılıb. Əsgərin həyatı təhlükədən uzaqdır."
Erməni KİV-ləri və sosial şəbəkələr "aslanlarının" qurduğu konstruksiya yavaş-yavaş çökməyə başlayır. Gorus xəstəxanasından gələn rəsmi xəbər isə erməni dil pəhləvanlarının toxuduğu hörümçək torunu yerlə yeksan elədi:
"Sünik vilayət administrasiyasının mətbuat xidmətinin məlumatına görə, martın 21-də axşam saatlarında başından yüngül xəsarət almış (odlu silahdan deyil) iki rusiyalı hərbçi Gorus tibb mərkəzinə müraciət edib. Onlara yerindəcə ilkin tibbi yardım göstərilib və dərhal xəstəxanadan buraxılıblar."
Vəssalam, şüt tamam. Ermənilər "yalanın 40 gün ömrü olar" tezisini darmadağın etdilər. Səndemə erməni yalanının heç bir sutka da ömrü olmur.
PS: Deyirəm, bunlar görəsən niyə utanıb yerə girmirlər?
Çünki utanmaq üçün insanda ən azından gərək həya-abır olsun...