Müstəqilliyin ilk illərində Azərbaycan münaqişə, işğal və etnik təmizləmə kimi problemlərlə qarşılaşdığından onun xarici siyasəti əsasən bu istiqamətlərə yönəldi. Bu dövrdə yaşanan siyasi və iqtisadi böhran, işğala görə böyük iqtisadi resursların əldən çıxması iqtisadi inkişaf imkanlarını ciddi şəkildə daraltdı. Buna baxmayaraq, Azərbaycan işğal dövründə iqtisadiyyatın əsas və strateji sahələrini inkişaf etdirə bildi.
Ona görə də, əgər münaqişə həm də Azərbaycanın iqtisadi inkişafının qarşısını almaq üçün nəzərdə tutulmuşdusa, bu baş vermədi. Azərbaycan mövcud olan bütün məhdudiyyətlərə baxmayaraq iqtisadi müstəqilliyini təmin etməyi bacardı. Sonrakı dövrdə sürətli iqtisadi inkişaf neft və qaz gəlirləri hesabına təmin edildi və digər sahələrin inkişafı üçün də zəruri infrastruktur formalaşdırıldı. Uğurlu neft-qaz-strategiyası Azərbaycanı böhran içində olan kasıb ölkədən yuxarı orta gəlirli ölkəyə çevirdi.
Artıq Azərbaycan münaqişəni həll edərək öz ərazi bötövlüyünü bərpa edib və bu xarici siyasətdə yeni prioritetlərin formalaşmasına imkan verir. İşğal faktının olmadığı yeni reallıqda Azərbaycan qarşısında dayanan iki əsas vəzifə var.
Birinci vəzifə qonşuluqda təhlükəsiz və stabil region formalaşdırmaqdır. Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı uzun illər Cənubi Qafqaz regionunu qeyri-stabil bölgəyə çevirməklə onun ümumi inkişafına mənfi təsir etdi. İşğal dövründə Azərbaycan regional əhəmiyyətə malik olan layihələr icra etsə də, münaqişə bölgədə mövcud olan iqtisadi potensialdan və əməkdaşlıq imkanlarından tam istifadə etməyə imkan vermirdi. Ona görə hazırda münaqişə bitdiyindən regionda iqtisadi əməkdaşlıq potensialından tam istifadə üçün şərait yaranıb. Belə şəraitdə Azərbaycan qonşuluqda stabil region formalaşdırmaqla həm regionun inkişafına tövhə vermək məqsədi güdür, həm də regionun aparıcı ölkələrindən biri kimi öz siyasi və iqtisadi mövqeyini möhkəmləndirməyə çalışır. Onu nəzərə alsaq ki, Cənubi Qafqaz regionu hər zaman rəqabət meydanı olub və Qarabağ münaqişəsinin həll edilməməsi məhz bu rəqabətin bir nəticəsi idi, o zaman rəqabət səviyyəsinin azaldılması və bununla yeni münaqişələrin qarşısının alınması böyük əhəmiyyət daşıyır.
İkinci vəzifə isə iqtisadi inkişafı sürətləndirməkdir. Azərbaycan özünün uğurlu neft qaz strategiyası ilə həm də səmərli iqtisadi diplomatiya formalaşdırmağa nail oldu. Bu diplomatiya onu Avropanın əsas enerji təminatçılarından birinə çeviməklə iqisadi mövqeyini daha da gücləndirdi, regionda öz formatlarını quraraq əməkdaşlığı genişləndirməyə şərait yaratdı.
Lakin Azərbaycan neft və qaz gəlirləri hesabına sürətli iqtisadi inkişafa nail olsa da, bu həm də onun bu sektordan asılılığını artırıb. Ona görə də hazırda iqtisadi inkişaf strategiyasının əsas məqsədi qeyri-neft sektorunun inkişafına nail olmaq və bununla da davamlı iqtisadi inkişafı təmin etməkdir. Qeyri-neft sektorunun inkişafında azad edilmiş ərazilərin sahib olduğu kənd təsərrüfatı və enerji resursları da böyük rol oynamaq potensialına malikdir. Eyni zamanda, Azərbaycanın yaşıl enerji ixracı istiqamətində irəli sürdüyü təşəbbüslər və həyata keçirdiyi layihələr də davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından əhəmiyyətlidir.
Yeni mərhələdə iqtisadi inkişafın sürətləndriməsində gömrük ittifaqları ilə əməkdaşlığın genişləndirilməsi də vacibdir. Hazırda Azərbaycanın ətrafında iki gömrük ittifaqı var: Avrasiya İqtisadi Birliyi (AİB) və Avropa İttifaqı (Aİ). Azərbaycan bu ittifaqlara üzv olmasa da, ora daxil olan bir çox ölkələr ilə sıx iqtisadi əlaqələrə malikdir. Azərbaycanın kənd təsərrüfatı ixracının böyük hissəsi AİB bazarına, enerji ixracının əsas hissəsi isə Aİ bazarına yönəlib. Bu ittifaqlara üzvlük Azərbaycanın qeyri-neft ixracını genişləndirməsi baxımından əhəmiyytəli olsa da özündə müəyyən siyasi risklər daşıyır.