Bu gün Azərbaycan Milli Məclisinə seçkilər keçirilir
Parlament seçkilərində 990 deputatlığa namizəd mübarizə aparır YENİLƏNİR
12:26
Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri üzrə səsvermədə saat 12:00-a olan seçici fəallığı açıqlanıb.
Bu barədə MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.
İndiyədək seçicilərin 20,39 faizi (1 milyon 309 min 522 ) səsvermə hüququndan istifadə edib.
O vurğulayıb ki, hesabat vermiş məntəqələrin sayı 6478-dir.
***
11:17
Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri üzrə səsvermədə saat 10:00-a olan seçici fəallığı açıqlanıb.
Bu barədə MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirilən mətbuat konfransında MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib.
O bildirib ki, saat 10:00-a qədər respublika üzrə 636842 nəfər səs verib. Seçici fəallığı 9,92 faiz olub.
Hesabat vermiş məntəqələrin sayı 6478 -dır.
MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 12:00, saat 15:00, saat 17:00 və saat 19:00-da ilkin məlumatlar veriləcək.
***
09:50
Sentyabrın 1-də səhər saat 8:00-da ölkəmizin bütün suveren ərazisində VII çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər başlayıb.
Parlament seçkiləri 125 seçki dairəsi üzrə 6478 məntəqədə keçirilir. Bu məntəqələrdən 54-ü işğaldan azad olunmuş ərazilərdə yerləşir və orada səsvermə hüququna malik 42 mindən artıq seçici var. Məntəqələrdə 6 milyon 421 min 960 seçicinin səs verməsi üçün hər cür şərait yaradılıb. Məntəqələrə 6 milyon 516 min 567 seçki bülleteni paylanılıb.
Parlament seçkilərində 990 deputatlığa namizəd mübarizə aparır. Onlardan 305 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 684 nəfərin namizədliyi öz təşəbbüsü ilə, 1 nəfərin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.
Milli Məclisə seçkilərlə əlaqədar 598 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Bu müşahidəçilər 51 beynəlxalq qurumu və 69 ölkəni təmsil edirlər. Qeydiyyatdan keçmiş yerli müşahidəçilərin sayı isə 112 min 749 nəfərdir.
Səsvermənin şəffaflığını təmin etmək üçün bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində quraşdırılmış veb-kameralar MSK-nın rəsmi internet səhifələrinə (www.msk.gov.az; www.cec.gov.az; www.infocenter.gov.az) qoşulub.
Səsvermə günü saat 10:00-da, 12:00-da, 15:00-da, 17:00-da və 19:00-da “Seçkilər” İnformasiya Mərkəzinin informasiya zalından seçkilərin gedişinə dair məlumatlar yayımlanacaq.
Səsvermə saat 19:00-da başa çatacaq.