11:50
Bu gün Gürcüstanın xarici işlər naziri Maka Boçorişvilinin Azərbaycana rəsmi səfəri çərçivəsində iki ölkə arasında strateji əməkdaşlıq, regional vəziyyət və Orta Dəhlizin perspektivləri müzakirə olunacaq.
Bunu Gürcüstanın Azərbaycandakı səfiri Giorgi Zakaraşvili bildirib.
Onun sözlərinə görə, səfər iki ölkənin il ərzində xarici siyasət sahəsində gördüyü işləri və əldə etdiyi nəticələri ümumiləşdirmək, gələcək əməkdaşlıq planlarını müəyyənləşdirmək üçün əlverişli fürsətdir.
Səfir qeyd edib ki, səfər çərçivəsində Maka Boçorişvilinin bir sıra rəsmi şəxslərlə görüşləri, həmçinin Xarici İşlər Nazirliyində danışıqları nəzərdə tutulur. Görüşlərdə regional vəziyyət, beynəlxalq siyasətdəki çağırışlar, xarici siyasət məsələləri üzrə koordinasiya və nəqliyyat dəhlizlərinin fəaliyyəti diqqət mərkəzində olacaq.
G.Zakaraşvili əlavə edib ki, Bakı limanının Mərkəzi Asiya yüklərinin qəbulu üçün genişləndirilməsi də fəal şəkildə davam edir. Səfirin fikrincə, Bakı və Gürcüstan limanlarının imkanlarının artırılması bir-birini tamamlayır və bu, Bakı limanına daxil olan yüklərin sonradan Gürcüstan limanları vasitəsilə daşınması üçün əlavə imkanlar yaradacaq.
***
10:07
Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili bu gün Azərbaycana səfər edəcək.
Səfər zamanı nazirin bir sıra görüşlər keçirməsi nəzərdə tutulur.
Qeyd edək ki, Maka Boçorişvili 2025-ci il yanvarın 16-17-də Gürcüstanın xarici işlər naziri kimi Azərbaycana ilk rəsmi səfərini edib.
Boçorişvili həmçinin Azərbaycan-Gürcüstan İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 10-cu iclasına qatılıb. Görüşlərdə iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı, siyasi dialoq, iqtisadi-ticarət əlaqələri, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri və regional əməkdaşlıq məsələləri müzakirə olunub.
Tərəflər Orta Dəhlizin inkişafı, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və yaşıl enerji sahəsində əməkdaşlığın perspektivlərini də nəzərdən keçiriblər.
2 dəqiqə