Gürcüstanın yeni prezidentinin inauqurasiyası oldu BİRBAŞA
Xarici dövlətlərin nümayəndələri bu mərasimdə iştirak etməyəcəklər YENİLƏNİB
11:44
Mixeil Kavelaşvili parlament binasında Gürcüstan xalqı qarşısında and içərək ölkənin sayca altıncı prezidenti oldu.
Bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb.
"Mən, Gürcüstan Prezidenti, Allah və xalq qarşısında Gürcüstanın Konstitusiyasını, ölkənin müstəqilliyini, bütövlüyünü və bölünməzliyini qoruyacağıma, prezidentin vəzifələrini vicdanla yerinə yetirəcəyimə, ölkəmin vətəndaşlarının təhlükəsizliyi və rifahının, xalqımın və Vətənimin dirçəlişi və qüdrətinin qayğısına qalacağıma and içirəm", - o bildirib.
M.Kavelaşvili xüsusi olaraq çap edilmiş və parlamentin muzeyində saxlanılacaq konstitusiya nüsxəsinə and içəcək.
O, andını bu gün üçün xüsusi çap edilmiş Gürcüstan Konstitusiyası nüsxəsi üzərində söyləyib. Bu nüsxə sonradan parlament muzeyinə veriləcək və növbəti inauqurasiyalar üçün istifadə edilməsi planlaşdırılır.
***
10:43
Orbeliani iqamətgahına vətəndaşlar toplaşır və bir müddət sonra prezident Salome Zurabişvili onlara müraciət edəcək.
O, “Gürcü Arzusu”nun seçdiyi prezident Mixail Kavelaşvilini qeyri-legitim hesab etdiyi üçün postunu tərk etmək fikrində deyil.
Kavelaşvilinin inaqurasiyası Tbilisi vaxtı ilə saat 11:00-da parlament binasında başlayacaq.
***
09:22
Bu gün Gürcüstanın altıncı prezidenti Mixeil Kavelaşvilinin andiçmə mərasimi keçiriləcək.
Saat 11:00-da başlayacaq mərasim parlamentin plenar zalında baş tutacaq.
Artıq Kavelaşvilini prezident seçmiş 300 seçicinin hamısına, o cümlədən deputatlara, Gürcü Pravoslav Kilsəsinin nümayəndələrinə, Konstitusiya və Ali Məhkəmələrin rəhbərlərinə, Mərkəzi Seçki Komissiyasına, Acarıstan hökumətinin başçısı Tornike Rijvadzeyə, hökumət üzvləri ilə yanaşı digər rəsmi şəxslərə dəvət göndərilib.
Xarici dövlətlərin Gürcüstanda akkreditə olunmuş səfirləri andiçmə mərasimində iştirak etməyəcəklər. İnauqurasiyaya Kavelaşvili ailəsinin üzvləri dəvət olunub.
Bu günə qədər parlament Kavelaşvilinin and içəcəyi Gürcüstan Konstitusiyasının xüsusi nüsxəsini çap edib. Konstitusiyanın bu nüsxəsi Parlament Muzeyində saxlanılacaq. O, hər dəfə dövlət başçısının andiçmə mərasimində istifadə olunacaq. Bütün mərasimin 40 dəqiqə ilə 1 saat arasında davam edəcəyi gözlənilir.
Gürcüstan Konstitusiyasına görə, Kavelaşvili and içdikdən sonra o, öz hüquq və səlahiyyətlərini rəsmən qəbul edir. Bundan sonra ölkənin hazırkı prezidenti Salome Zurabişvilinin avtomatik olaraq səlahiyyətlərinə xitam verilir.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Zurabişviliyə dəfələrlə xəbərdarlıq edib ki, əgər o, Kavelaşvilinin andiçməsindən sonra Prezident sarayını tərk etməsə, ona qarşı dövlət qurumunu qanunsuz ələ keçirdiyinə görə cinayət işi açılacaq.