XƏBƏRLƏR / İdman

Bu gün İtaliyada XXV Qış Olimpiya Oyunlarının açılışı olacaq

Azərbaycanı 2 idmançı dağ xizəyi və fiqurlu konkisürmə yarışlarında təmsil edəcək

Bu gün İtaliyada XXV Qış Olimpiya Oyunlarının açılışı olacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu gün Qış Olimpiya Oyunlarının açılış mərasimi İtaliyada keçiriləcək.

    Əsas mərasim Milandakı San Siro stadionunda keçiriləcək. İdmançıların paradı Kortina d'Ampezzo, Predazzo və Livinyoda keçiriləcək. 2026-cı il Olimpiya Oyunlarının açılış mərasimi Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

    Mərasimdə italyan tenor Andrea Boçelli, amerikalı müğənni Mariah Carey və italyan müğənni Laura Pausini çıxış edəcəklər. Olimpiya məşəli Milan və Kortina d'Ampezzoda alovlanacaq.

    Milli Olimpiya Komitəsinin (MOK) mətbuat katibi Murad Fərzəliyev bildirib ki, Azərbaycan nümayəndə heyəti fevralın 5-də İtaliyaya yola düşüb.

    Azərbaycan komandasının şef de-missionu MOK-un xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov olacaq. Qeyd edək ki, Anar Bağırov tanınmış sambo və cüdo mütəxəssisi Natiq Bağırovun oğludur.

    Qeyd edək ki, Milan və Kortina-d’Ampezzo şəhərlərinin ev sahibliyi edəcəyi XXV Qış Olimpiya Oyunları körlinq yarışları ilə start götürəcək. Açılış mərasimi fevralın 6-da Bakı vaxtı ilə saat 23:00 başlayacaq. Oyunlara fevralın 22-də yekun vurulacaq.

    Azərbaycanı Olimpiadada dağ xizəyində Anastasiya Papatoma, fiqurlu konkisürmədə isə Vladimir Litvintsev təmsil edəcək. Fiqurlu konkisürmə yarışları fevralın 6-da, dağ xizəyi üzrə mübarizə isə fevralın 7-də başlayacaq.

    Gender bərabərliyi prinsipinə uyğun olaraq, açılış və bağlanış mərasimlərində Azərbaycan bayrağını hər iki idmançı daşıyacaq.