XƏBƏRLƏR / İctimaiyyət

Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiqlədi

YENİLƏNİB

Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiqlədi
  • Oxuma müddəti:

    4 dəqiqə

  • 17:36

    Sentyabrın 21-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası keçirilib.

    İclas 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinin elan olunmasına həsr edilib. İclasın yekununda Milli Məclisə seçkilərin nəticələri təsdiqlənib.

    İclasda növbədənkənar parlament seçkilərinin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasından (MSK) daxil olmuş materiallar üzrə xüsusi konstitusiya icraatı qaydasında konstitusiya işinə baxılıb.

    Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açıq elan etdikdən sonra məhkəmə heyəti və katib təqdim edilib.

    Xatırladaq ki, sentyabrın 16-da Mərkəzi Seçki Komissiyası seçkilərin ümumi yekunlarına dair protokolun təsdiqlənməsi üçün əlavə edilmiş müvafiq sənədlərlə birgə Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib.

    ***

    16:20

    Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun parlament seçkiləri bağlı keçirilən iclasında hakimlər qərarın elan olunması üçün müşavirəyə gediblər.

    Müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Plenumun qərarını elan edəcək.

    ***

    15:20

    Mərkəzi Seçki Komissiyasının (MSK) sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokola Konstitusiya icraatı qaydasında baxılıb.

    Bunu parlament seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclasında Konstitusiya Məhkəməsinin hakimi Rövşən İsmayılov deyib.

    Qeyd edib ki, MSK seçkilərin nəticələrinə dair bütün məntəqələrdən daxil olmuş məlumatları ümumiləşdirərək seçki protokolunun təsdiq olunması üçün müvafiq sənədlərlə birgə Konstitusiya Məhkəməsinə təqdim edib.

    İclasda çıxış edən məruzəçi Kamran Şəfiyev seçkilərlə bağlı ölkə üzrə fəaliyyət göstərən Apelyasiya məhkəmələrində baxılan işləri diqqətə çatdırıb. O qeyd edib ki, Şəki, Şirvan, Sumqayıt, Gəncə və Naxçıvan Ali Məhkəmələrinə daxil olan müvafiq ərizələr araşdırılıb, müvafiq qərarlar qəbul edilib.

    Məruzəçi hakim onu da əlavə edib ki, Baş prokurorluğun məlumatına görə, seçkilərlə əlaqədar 6 müraciət üzrə cinayət işi başlanması bağlı rədd qərarı verilib. Digər müraciətlər isə aidiyyəti üzrə MSK-ya yönləndirilib.

    ***

    07:25

    Bu gün Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası keçiriləcək.

    Toplantıda Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə baxılacaq.

    Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilər sentyabrın 1-də 125 seçki dairəsi və 6 min 478 seçki məntəqəsi üzrə keçirilib. Seçkilərdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.

    Sentyabrın 16-da seçkilərin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının yekun protokolu tərtib olunub və Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, Milli Məclisə seçkilərin ümumi yekunlarına dair MSK-nın Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması qərara alınıb.

    Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkilərin yekunlarının və nəticələrini yoxlayaraq təsdiq etməlidir.