Bu gün Milli Qəhrəman Çingiz Mustafayevin anım günüdür
Çingiz Mustafayevin şəhadətinin 32-ci ilidir AUDİO / VİDEO
Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimirovski rayonunun Kapustin Yar kəndində Fuad Mustafayev və Naxış Mustafayevanın ailəsində anadan olub. 1964-cü ildə ailəsi ilə Bakı şəhərinə köçüb. Atası onu hərbçi görmək istədiyindən, Çingizi Cəmşid Naxçıvanski adına hərbi liseyə yollamışdı. O, burada 3-cü sinifdən 10-cu sinfə qədər təhsil aldı.Sonra o, hərbi məktəbi tərk edib, müntəzəm orta məktəbə daxil olub. 1977-ci ildə Yasamal rayonunda 167 saylı məktəbi bitirib.
Özünü islahatçı-novator görən Ç. Mustafayev 1970-ci illərdə SSRİ-də və Azərbaycanda ilk disko-klubun yaradıcısı olub O, Azərbaycanın ilk DJ-i kimi tanınır. 1981-ci ilin sentyabr ayında Ç.Mustafayevin başçılığı altında 12 nəfərdən "light DJ" və "texnik"lərdən ibarət olan "3M" adlı qrup yaradılıb.
Anası onu həkim görmək istədiyindən, Çingiz Mustafayev 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olur, 1983-cü ildə institutu müvəffəqiyyətlə bitirir. Təhsilini başa vuran Ç.Mustafayev təyinatla Şabran rayonunda üç il həkim işləyir. Tibb İnstitutunu bitirdikdən sonra, o, İnşaat Mühəndisləri İnstitutunun yataqxanasında baş həkim təyin edilir.
1983-cü ildə dünyada ilk dəfə olaraq Azərbaycan dilində "Dünənki keçdi" rep janrlı mahnını səsləndirib. 1985-ci ildə yaratdığı "Cəngi" birliyindəki fəaliyyəti Azərbaycan gəncləri arasında populyarlıq qazanır. Birlik Sovet İttifaqında başlanan yenidənqurma prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi.
1990-cı illərdə Azərbaycan televiziyasında "Ekspromt", "Cümə axşamı" verilişlərinin, "Gənclik" estrada tamaşasının və "Ozan" rok qrupunun yaradıcısı olub.
Jurnalist fəaliyyəti
1990-cı il 20 Yanvar hadisələri zamanı Çingiz Mustafayev klinikanı terapevt mərkəzi kimi istifadə edirdi. 1991-ci ilin noyabr ayından jurnalist və Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyət göstərir. Ancaq Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənmir. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapdı. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona görə də Çingiz əlahiddə olaraq "215 kl" studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı və yaradıcısı oldu. Onun reportajları bir qayda olaraq cəbhədən olduğundan, bir çox tamaşaçılar 215 kl studiyasını məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.
Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqqında xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllif yaradıcılığı idi.
Çingiz Mustafayev səkkiz ay ərzində Qarabağ müharibəsi haqqında 18 sənədli film çəkib. O, döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. O, cəbhədə bir əsgər, zabit və hətta komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Laçından çıxan əsgərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı teletarixin dramatik səhifələri kimi yadda qalıb.
Çingizdə öz həssaslığı və romantizmi ilə əsl azərbaycanlı xarakteri var idi. O, həmişə haqlı olsa da, heç vaxt öz həqiqəti uğrunda döyüşməyib. O, həmişə qorxaqlara, satqınlara qarşı amansız olub. Bununla belə o, yoldaşı ilə axırıncı çörək tikəsini də bölməyə hazır idi. Ən əsası – Çingiz Mustafayev Vətəni təmənnasız olaraq sevirdi.
Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın reputasiyası bütün dünyada ciddi sarsıntıya məruz qaldı.
Çingiz Mustafayev 1992-ci ilin iyun ayının 15-də Əsgəran rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olur. Lakin Çingiz Mustafayevin kamerası çəkməkdə davam edirdi...
1992-ci ildə Bakıda Şəhidlər xiyabanında dəfn edilib.
Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Mustafayev Çingiz Fuad oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Evli idi, Fuad adlı oğlu var.
Bakıda yaşadığı binanın önündə barelyefi vurulub. Cəmşid Naxçıvanski adına hərbi liseydə büstü qoyulub. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şüvəlandakı istirahət guşəsi, Bakı küçələrindən biri, ANS ÇM radiostansiyası, "Palmali" şirkətlər qrupuna məxsus tanker onun adını daşıyır.
2011-ci il 31 avqustda Almaniyada 3 min nüsxə ilə Mustafayevin təsviri olan poçt markası buraxılıb. 2013-cü ildə Şabranda onun vaxtilə işlədiyi və adını daşıyan parkın açılışı olub.
"Çingiz zirvəsi" kimi tanınan Şahdağda 4062 metr hündürlükdə yerləşən zirvə onun adını daşıyır və ilk dəfə 2000-ci ildə fəth olunub. Zirvədə onun adını daşıyan lövhə var.
1999-cu ildən Çingiz Mustafayev adına Fond fəaliyyət göstərir. Fondun təşəbbüsü ilə Şəkidə "Çingiz Klubu" yaradılıb.