"Qarabağ" komandası Qarabağda görüş keçirir FOTO
Komanda üzvləri ilk olaraq Şuşada sakinlərin qarşısına çıxıb

11:38
"Qarabağ"ın rəhbərliyi, baş məşqçisi Qurban Qurbanov və futbolçuları Xankəndidə tələbələrlə görüşüblər.
Qarabağ Universitetində baş tutan görüş zamanı təhsil ocağının rektoru Şahin Bayramov komanda üzvlərini salamlayaraq, onlara universitet barədə məlumat verib.
"Qarabağ"ın əldə etdiyi nailiyyətlərdən də söz açan rektor komandaya gələcək oyunlarında uğurlar arzulayıb. "Qarabağ" klubu tərəfindən universitetə imzalı top və forma hədiyyə olunub. Daha sonra komanda üzvləri Qarabağ Universiteti ilə tanış olublar.
Qeyd edək ki, "Qarabağ"ın üzvləri bu gün, həmçinin Xankəndi, Ağdam və Füzulidə də sakinlərlə görüşəcəklər.
***
10:30
"Qarabağ"ın rəhbərliyi, baş məşqçisi Qurban Qurbanov və futbolçuları Şuşada sakinlərlə görüşüblər.
Şuşa şəhəri 1 saylı tam orta məktəbdə reallaşan görüşdə komanda alqışlarla qarşılanıb. Həm Qurban Qurbanov, həm də futbolçular sakinlərlə səmimi söhbət edib, şəkil çəkdiriblər.
Sonra məktəbin minifutbol meydançasında futbolçular topla müxtəlif hərəkətlər nümayiş etdiriblər.
Qeyd edək ki, "Qarabağ"ın üzvləri bu gün, həmçinin Xankəndi, Ağdam və Füzulidə də analoji görüşlər keçirəcəklər.
***
08:42
Bu gün "Qarabağ" futbol klubunun Şuşa, Xankəndi, Ağdam və Füzulidə yerli sakinlərlə görüşləri olacaq.
Komanda üzvləri ilk olaraq Şuşa stadionunda şəhər sakinlərinin qarşısına çıxacaq.
Daha sonra Xankəndidə Qarabağ Universiteti ilə tanışlıq olacaq, eləcə də təhsil ocağının tələbələri ilə görüş keçiriləcək.
Ardınca "Qarabağ" təmsil etdiyi Ağdama yollanacaq. Burada şəhər sakinləri ilə görüş və "İmarət" Kompleksinə baxış keçiriləcək.
Qarabağda son dayanacaq isə Füzuli olacaq. Şəhər mərkəzində yerli sakinlərlə görüşəcək komanda üzvləri daha sonra Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbə baş çəkəcəklər.