Bu gün Su çərşənbəsidir

Fevralın 21- i ilk Novruzqabağı çərşənbədir

  • Oxuma müddəti:

    1 dəqiqə

  • Novruz bayramının ilk çərşənbəsi.

    Bu çərşənbəni "Əzəl çərşənbə", "Sular Novruzu" da adlandırırlar.  Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər.

    Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər.

    Xalqın inamına görə, Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur.

    Su çərşənbəsinə aid bayatılar

    Su axir samanlıqdan,

    Yol keçir qaranlıqdan.

    Çalış, yaxşılıq elə,

    Nə çıxar yamanlıqdan?

    * * *

    Su tək ağlaram sənsiz,

    Qara bağlaram sənsiz,

    Gecələr sübhə kimi

    Dərddən ağlaram sənsiz.

    * * *

    Su gələr axar, doymaz,

    Dağ-daşı yaxar, doymaz.

    Gözlərim yar gözünə

    Ölüncə baxar, doymaz.