XƏBƏRLƏR / Müttəfiq

Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan və Azərbaycan rəhbərlərinin bir araya gəldiyi Naxçıvan Zirvə toplantısı vacib qərarların qəbulu ilə tarixə düşüb

Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 09:59

    "3 oktyabr – Türk Dövlətlərinin Əməkdaşlıq Günü kimi qeyd olunur. Naxçıvan Sazişi ilə əsası qoyulan Türk Dövlətləri Təşkilatı ortaq kök, dil, tarix və mədəni dəyərlərlə bir-birinə bağlı olan türk dövlətləri arasında həmrəyliyin və strateji tərəfdaşlığın rəmzidir".

    Bu barədə Azərbaycan XİN-in paylaşımında deyilir.

    "Azərbaycan qardaş türk dövlətləri ilə birlikdə Türk dünyasının birliyinin möhkəmləndirilməsi, əməkdaşlığın genişləndirilməsi və ortaq gələcəyimizin daha da gücləndirilməsinə sadiqdir. Birliyimiz gücümüz, həmrəyliyimiz gələcəyimizdir!", XİN-dən bildirilib.

    ***

    08:00

    3 oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür.

    Bu mühüm tarix 2009-cu il oktyabrın 3-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsasını qoyan Naxçıvan Sazişinin imzalanmasından sonra təsis edilib.

    Dörd əsas təmələ – ortaq tarixə, dilə, kimliyə və mədəniyyətə söykənən Türk Dövlətləri Təşkilatı (TDT) iştirakçı ölkələr arasında həmrəyliyin və əlaqələrin dərinləşməsinə xidmət edən mühüm regional platforma rolunu oynayır.

    Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan və Azərbaycan rəhbərlərinin bir araya gəldiyi Naxçıvan Zirvə toplantısı vacib qərarların qəbulu ilə tarixə düşüb. Ölkələrarası əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni təşəbbüslərin irəli sürüldüyü Naxçıvan sammitində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təsis edilməsinə dair Sazişin və Naxçıvan Bəyannaməsinin imzalanması tarixi addım kimi yaddaşlara həkk olunub.

    TDT-nin qarşısına qoyduğu hədəflərə çatması və fəaliyyətini səmərəli şəkildə davam etdirməsi məqsədilə bir sıra mühüm qurumlar təsis edilib. Bunların sırasına Dövlət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, Ağsaqqallar Şurası, Baş Katiblik, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA), Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Ticarət və Sənaye Palatası, Türk Biznes Şurası daxildir.