XƏBƏRLƏR / Məhkəmə

Vaqif Xaçaturyanın məhkəməsində Azay Kərimov onu ifşa etdi

“Vaqif kimilər ermənilər məcbur ediliblər ki, azərbaycanlılara qarşı cinayət törətsinlər

Vaqif Xaçaturyanın məhkəməsində Azay Kərimov onu ifşa etdi
Vaqif Xaçaturyan
  • Oxuma müddəti:

    5 dəqiqə

  • 10:55

    Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmədə şahid qismində ehtiyatda olan polkovnik Azay Kərimov ifadə verib.

    Şahid bildirib ki, Vaqif Xaçaturyanı tanıyır: "Mən hərbçi olmuşam. 1990-cı il 20 yanvardan sonra baş leytenant kimi SSRİ ordusundan Azərbaycana qayıtmışam. Şuşada polisdə çalışmağa başladım. Artıq Qarabağda da münaqişə başlamışdı. Koçaryan, Sarkisyan, Vitali Balasanyan erməniləri qızışdırırdılar, mitinqlərə çıxarırdılar. Koçaryanın komandası mitinqə qoşulmayan, əlinə silah almayan erməniləri ölümlə hədələyir, onlara qoşulmayanların ailəsindəki qızları zorlayırdılar. İkinci bir komanda da var idi, onlar isə səngərdən qaçan erməniləri öldürürdü.

    Vaqif Xaçaturyan isə Şuşada saxlanılıb. Mən işlədiyim dövrdə 337 erməni tutulmuşdu. Saxlanılanlar arasında Vaqif də var idi. Biz onunla birlikdə 4 nəfəri tutmuşduq. Bir-iki ay saxladıq, sonra damarını dişi ilə deşdi. Xəstəxanaya apardıq, tikiş atdıq. Sonra bir yol tapıb çıxdı".

    Şahid deyib ki, münaqişə zamanı Malıbəyli batalyonuna rəhbərlik edib: “Hadisə günü oradan Meşəliyə getdim. Hadisəni törədən şəxslərə qarşı tədbirlər həyata keçirmişik. Kəndə çatanda 11 erməni kəndi qarət edirdi. Biz onlara zərərsizləşdirdik və ərazidən çıxartdıq”.

    Azay Kərimov Samvel Babayan, Qərib adlı şəxs və digərlərinin azərbaycanlılara qarşı ən ağır cinayətlər törətdiyini bildirib: “Vaqif kimlər erməniləri məcbur ediblər ki, azərbaycanlılara qarşı cinayət törətsinlər. Samvel Babayan bir nömrəli adam idi. Onu Şuşada saxlamışdıq, 9 ay həbsxanada qaldı. Lakin bir yol tapıb məhkəmədən azadlığa çıxdı. Mən polkovnikəm, yalan danışmaram".

    ***

    Bu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyanın cinayət işi üzrə növbəti məhkəmə keçiriləcək.

    Cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.

    Qeyd edək ki, V.Xaçaturyanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub.

    12 noyabr 2013-cü il tarixdə Xaçaturyan Vaqif Çerkezoviç barəsində Cinayət Məcəlləsinin 103 və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib, 14 noyabr 2013-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və 21 noyabr 2013-cü il tarixdə axtarışı elan edilərək müvafiq sənədlər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə və İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosuna göndərilib.

    29 iyul 2023-cü il tarixdə Xaçaturyan Vaqif Çerkezoviç səhhəti ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub və həmin tarixdə ona Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs V.Xaçaturyana Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib və sentyabrın 29-da isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

    İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb. Bu gün polkovnik Azay Kərimov şahid qismində ifadə verəcək.

    Xatırladaq ki, V.Xaçaturyanın müdafiəçisi Natiq Bəybalayev səhhəti ilə bağlı məhkəməyə müraciət edib. O, daha müdafiə çıxışlarına gələ bilməyəcəyini bildirib. Hazırda V.Xaçaturyanın hüquqlarını vəkil Radmila Abılova qoruyur.