BLOQ

Bu gün Xalq artisti Sidqi Ruhullanın 138 yaşı tamam olur

Görkəmli aktyor və rejissor Azərbaycan teatrının inkişafına öz töhfəsini vermiş müqtədir sənətkarlardandır

Bu gün Xalq artisti Sidqi Ruhullanın 138 yaşı tamam olur
Sidqi Ruhulla
  • Oxuma müddəti:

    5 dəqiqə

  • S.Ruhulla 1886-cı ildə Bakının Buzovna kəndində müəllim ailəsində anadan olub, ibtidai təhsilini bir kənd müəllimindən alıb. Əsl adı Ruhulla, soyadı Axundov olsa da, gəncliyində "Vətən" dramında Sidqi rolunu məharətlə ifa etdiyi üçün yoldaşlarının məsləhəti ilə Sidqi ləqəbini qəbul edib.

    Sidqinin mənəvi inkişafında atası Molla Fətullahın da təsiri olub. Qışda Bakıda, yayda isə Buzovnada müəllimlik edən Molla Fətullah özü də elmə, şeir və sənətə çox həvəskar idi. Füzuli və Nəsimi kimi şairləri xüsusilə çox sevər və uzun qış gecələrində bu şairlərin əsərlərini oxuyub, oğluna izah edərdi. Sidqi uşaqlıq və gənclik illərini Buzovnada keçirib. 1903-cü ildə 17 yaşında ikən atası onu Bakıda varlı bir tacirin dükanına şagird verir. Qoca müəllimin məqsədi oğlunu ticarətə alışdırmaq idi. Lakin atanın xəbəri yox idi ki, onun öz oğluna təlim etdiyi kitablar, elm, şeir və sənət onun mənəviyyatını tamamilə başqa bir istiqamətə yönəldib. Onun fikri-zikri təhsilini davam etdirmək idi. Buna görə də onu "ipə-sapa yatmayan şagird" adlandırırdılar. Sidqi vaxtında dükana gəlməz, günlərinin çoxunu elm sahəsində özündən qüvvətli olan gənc ziyalı yoldaşları ilə birlikdə keçirərdi. Sidqinin gənclik yoldaşlarının çoxu maarifpərvər və inqilabçı gənclər idi.

    1904-cü ildə Sidqinin atası ölür. Sidqi dostlarının və yoldaşlarının təşviqi ilə atasından qalan ev şeylərini satıb Moskvaya oxumağa gedir. Moskvada Sidqi qohumlarının köməyilə təhsilini davam etdirə biləcəyinə ümid edirdi. Lakin bu ümid boşa çıxır. Sidqi Moskvada qala bilməyib Bakıya qayıdır.

    O, 1906-cı ildə birinci dəfə Azərbaycan səhnəsində böyük tragik Ərəblinskini Axundzadənin “Vəziri Xani Lənkəran” komediyasında Teymur Ağa rolunda görür. Bu andan Sidqinin gələcək taleyi həll olunur. Sidqi sanki çoxdan axtardığı bir fəaliyyət sahəsini tapır. Onda hələ uşaqlıqdan aktyor sənətinə böyük həvəs var idi. Ərəblinski ilə dostlaşan Sidqi Ruhulla səhnəyə olan həvəsini ona bildirir. O, Sidqinin səsində, qamətində, mimikasında, jestlərində böyük gələcəyi olan aktyoru əvvəlcədən görə bilir və Sidqini səhnəyə cəlb edir.

    1906-cı ildə Sidqi birinci dəfə Vəzirovun "Adı var, özü yox" komediyasında Telli rolunda səhnəyə çıxır. O vaxt milli teatr səhnəsində Azərbaycan qızları olmadığından qadın rollarını kişilər ifa edirdilər.

    Sidqi Bakının müxtəlif fəhlə rayonlarında çıxış edir, arabir şəhərdə də tamaşa verirdi. Sidqinin hələ ilk kiçik rolları onun fövqəladə bir istedada malik olduğunu aydın göstərirdi. Xüsusilə Ərəblinski Sidqinin istedadına çox böyük qiymət verirdi. Ərəblinski Haqverdiyevin "Dağılan tifaq" faciəsinin bir əlyazmasını Sidqiyə bağışlayıb üzərində yazmışdır: "Şagirdim Sidqi Ruhullaya".

    1908-ci ildə Bakıda "Morskoe Sobranie" zalında Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin" faciəsi tamaşaya qoyulur. Burada Rüstəm bəy rolu Sidqiyə tapşırılır. Bu rolda Sidqi öz ifasının təbiiliyi, rolu dərindən hiss edib yaşaması ilə diqqəti cəlb edir. Bu tamaşadan sonra Sidqi hər şeyi buraxıb peşəkar aktyor olmağı qərara alır. Ərəblinski ilə birlikdə bir neçə ay İrəvan, Naxçıvan, Tiflis, Batumi və Vladiqafqazı gəzib tamaşalar verir. Bir neçə il sonra Sidqi Ruhulla yenə səyyar aktyor kimi İrana gedir. Sidqini bu qastrola göndərən və həvəsləndirən Ərəblinski idi.

    50 illik səhnə fəaliyyəti dövründə Sidqi Ruhulla həmişə zəngin həyat təcrübəsi, müşahidə, bilik, məharət və bacarıq, gərgin əmək tələb edən 300-ə yaxın müxtəlif surətlər silsiləsi yaradıb. O, Azərbaycan yazıçılarından Cəfər Cabbarlı, Səməd Vurğun, Abdulla Şaiq, Mirzə İbrahimov, Məmməd Səid Ordubadi, Sabit Rəhman, Süleyman Rüstəm, Rəsul Rza, İlyas Əfəndiyevlə yanaşı rus klassiklərinin, qərb dramaturqlarının da əsərlərində müxtəlif rollar ifa edib.

    Sidqinin səhnə fəaliyyəti ilə yanaşı, öz sənəti ilə əlaqədar olan ictimai fəaliyyətini də qeyd etmək lazımdır. Aktyor və aktrisaların yeni nəslinin tərbiyəsində, başqa görkəmli səhnə ustaları kimi, Sidqinin də müəyyən xidməti olub. Onun arxivində əksəriyyəti gənclər tərəfindən yazılmış yüzdən artıq məktub var ki, bu məktub və şeirlərin çoxunda Azərbaycan teatrının yeni qüvvələri onlara xüsusi qayğı göstərdiyi üçün öz təşəkkürlərini bildirirlər.

    1931-ci ildə Sidqi Ruhulla Azərbaycan SSR-nin Əməkdar artisti, 1938-ci ildə Azərbaycan SSR Xalq artisti, 1949-cu ildə SSRİ Xalq artisti adını alıb.

    Sidqi Ruhulla 1959-cu ildə 73 yaşında vəfat edib.