Bu gündən bilməliyik ki, Günəş artıq çıxıb-batmayacaq
Azərbaycanı dəstəkləyən qüvvələr niyə hədəfdədir?
Hamı deyir ki, günəş hər səhər şərqdən çıxır və gün ərzində Azərbaycanın üzərindən uzun bir yol gedərək axşam qərbdə batır. Keçən həftə dünyada baş verən hadisələr də öz mahiyyətinə görə Azərbaycanın ətrafında fırlanırdı, lakin bəziləri yarıyolda "yerə düşdü"…
Bildiyiniz kimi, Azərbaycandan fərqli olaraq, İranda hakimiyyətin iki əsas qolu var – dini və siyasi. Dini hakimiyyətin başında 1989-cu ildə seçilən rəhbər Ayətullah Seyid Əli Xameneidirsə, siyasi rəhbərlik İranın 8-ci Prezidenti, 2021-ci ildə seçilən İbrahim Rəisinin boynunda idi. Hər iki xadim İranda 1979-cu ildə baş verən inqilabda fəal iştirak edən şəxslədir.
Xatırlayıram ki, 1988-ci ildə İranın ali lideri Ruhullah Xomeyni siyasi rəqiblərinə qarşı kütləvi repressiyalara başladı. Qətllərə rəhbərlik edən “Ölüm Komitəsi” adlı işçi qrupu yarandı və onun dörd vacib rəhbərindən biri mərhum Prezident İbrahim Rəisi idi. Həmin repressiyalar nəticəsində bir neçə il ərzində 30 minə yaxın adam edam edildi.
Bu iki hakimiyyət qolunun arasında və ya içində və ya başında 2019-cu ildən ən böyük qüdrət imkanlarına yüksələn "Sepah" təşkilatı da (İslam İnqilabı Keşikçiləri Korpusu) mövcuddur. Bir çox siyasətçilər bu, bütün İran ordusuna, daxili və xarici kəşfiyyata, jandarm və polisə, son onillikdə isə sivil layihələrə belə rəhbərlik və nəzarət edən qurumu “Dövlət içində Dövlət” adlandırırlar və doğrudan da bu gün İranda "Sepah"ın nəzarətindən kənarda heç bir iri dini, siyasi və iqtisadi layihələr həyata keçirilə bilməz. İranın 85 yaşlı, Ali Dini Rəhbərə rəsmən tabe olan "Sepah", Əli Xameneiinin yaşını və iş bacarığını nəzərə alsaq, bu gün tam müstəqil siyasət aparır desək, yanılmarıq. Və sözsüz ki, dini rəhbərin vəfatı və onun yerinə gələcək namizəd barədə "Sepah"ın öz top-tüfənginə arxalanan mülahizələri var. Unutmaq lazım deyil ki, rəhmətə gedən Prezident İbrahim Rəisinin də bir sıra siyasi klanlar tərəfindən Xameneinin varisi kimi qiymətləndirilməsi İran estableşmentini kritik vəziyyətə gətirməyə bilməzdi. Bıcağın sümüyə dirənməsi 2019-cu ildə özünün ən kritik fazasına daxil oldu. Dini rəhbərin ahıl yaşı ölkədə bir sıra siyasi klanları fəallaşdıraraq hakimiyyət uğrunda mübarizəni çılpaqlıqla bürüzə verməyə başladı. Hər şey "Sepah"ın rəhbəri, İranda şücaəti və vətənpərvərliyi ilə məşhur olan general Qasım Süleymaninin prezident seçkiləri ərəfəsində qətlindən başladı. Bundan sonra "Sepah"ı daha da gözdən salmaq üçün 22 yaşlı Əminə Məhsının hicab qaydalarının pozmasına görə qətlə yetirilməsi və bunun nəticəsi olaraq millətin bir neçə ay "Sepah" başda olmaqla güc strukturlarına qarşı olan mitinq və iğtişaşları oldu.
Eyni zamanda sirr deyil ki, İranda gedən bu qarşıdurmanın predmetlərindən biri də Azərbaycana olan münasibətdir. Məhz bu qarşıdurmada olan establişment Azərbaycan mövzusunda da birmənalı mövqedə deyil. Birinci və İkinci Qarabağ müharibələrinin nəticəsində Azərbaycan torpaqları tam şəkildə azad olunandan sonra İran establişmentinin bir sıra rəhbər vəzifəli şəxsləri bizim ölkəyə qarşı ciddi düşmənçilik mövqeyi tutdular. Buna sübut olaraq 2021-ci ilin sonunda cənub sərhədlərimizə İran ordusunun ağır texnika və qoşun hissələrinin cəmləşməsi ilə Azərbaycana demarş edilməsi və 2023-ci ilin əvvəlində İran polisinin gözü qabağında bir terrorçunun Azərbaycan səfirliyinə daxil olaraq əməkdaşlarımıza atəş açmasını da xatırlamaq olar. Hər iki hadisə silahlı qüvvələrə nəzarət edən qurumlar tərəfindən başlamışdı desək, yanılmarıq. İki ölkə arasında vəziyyət ən kritik nöqtəsinə çatdı… Lakin Rusiya tərəfindən qaynaqlanan bir sıra diplomatik hərəkətlərdən sonra bu hadisələrin zənciri qırıldı və ölkələr arasında süni yaradılan soyuq münasibətlərə məhz Prezident İbrahim Rəisi son qoymağa qərar verdi. Belə ki, yuxarıda adı çəkilən, Azərbaycana qarşı törədilən hadisələrin günahkarları ciddi cəzalandırıldı və ölkəmizin rəhbərliyi ilə bir sıra diplomatik görüşlərdən sonra vacib saziş və müqavilələr bağlandı, çox milyonluq birgə layihələr işə salındı və sonda Xudafərində 19 may 2024-cü ildə prezidentlərin dostluq şəraitində görüşü baş tutdu…
Yuxarıda yazdıqlarımın hamısını mənimlə birlikdə bütün Azərbaycan xalqı da yaşayıb, lakin bu cür analiz etmək üçün jurnalist olmaq lazımdır. ANS işləyəndə biz regionda baş verənlər barədə xalqa daim məlumat verirdik. Peşəkar siyasətçilər, İran, Rusiya və Türkiyə müxbir məntəqələrimizdən reportyorlarımız ANS TV və ANS ÇM - Çingiz Mustafayev adına Radioya siyasətçi və digər sahələrin peşəkarlarını çıxarmaqla millətə vacib geosiyasi məlumat verirdik. Bu nəyə lazımdır? Bu ona lazımdır ki, millət daim savadlı və xəbərdar olsun və Ali Baş Komandanın bir sözü ilə qarşıda düran vəzifəni yuxarıdan gələn əmr kimi deyil, ağlının kəsdiyi və anladığı Dövləti qorumaq istiqamətində atılan vacib addım kimi qəbul etsin!
Azərbaycana dəstək olan, ağır texnika və sürsatla ölkəni təmin edən Slovakiyanın Baş naziri Robert Fitso üç güllə yarası aldıqdan sonra həyat mübarizəsi aparır. Bundan üç gün sonra Azərbaycanla hər bir sahədə iş birliyinə dəstək olan İran Prezidenti Rəisi helikopter qəzasında həlak olur...
Dost ölkələrin liderlərinə qarşı təcavüzlər və ölümlər zəncirini kim planlaşdırır? Buna qarşı hər hansı iş aparılırmı? Əgər əvvəllər hər hansı bir ölkənin strateji təhlükəsizliyinin kollektiv orqanı, əslində, strateqlərdən ibarət olmalı idisə, bugünkü reallıqlara görə “Təhlükəsizlik Şura”larına hər şeyə hazır və hər an oyunun qaydalarını dəyişməyi bacaran ssernaristlər, yaradıcı insanlar lazımdır ki, ən qeyri-standart həllər yaratmağa qadir olsunlar, lap bədii filmlərdəki kimi.
Artıq bu günkü dünya reallığında qalib mövcud və yazılı qaydalara uyğun yaxşı oynayan deyil. Bu gün qalib o şəxsdir ki, yol boyu oyun qaydalarını yenidən yaza bilsin.
Prezident Rəisinin qətlindən sonra İranda siyasi vəziyyətin və ya ən azı ölkə rəhbərliyində güc tarazları yəqin ki, dəyişəcək. İran qanunları Azərbaycan qanunlarından fərqlidir. Prezident vəfat edəndən sonra 50 günə yeni seçkilər təyin olunur və yeni Prezident seçilir. İnanmıram ki, heç 2 ay olmayan bu müddətdə güclər mobil şəkildə dislokasiyasını dəyişə bilsin. Bu ssenarinin başında duranlar isə yəqin ki, dəyişikliklərə hazırdır.
Hər halda Azərbaycan bir neçə ssenarini modelləşdirib simulyasiya etməlidir ki, hər şeyə hazır olsun. Ən azı, biz azərbaycanlılar başa düşməliyik ki, Günəş şərqdən çıxıb qərbə getmir… Günəş daim yerində dayanıb – biz planet olaraq onun ətrafına fırlanırıq… və bununla kifayətlənməyərək, biz hələ öz başımıza da fırlanırıq.
Allah köməyimizdə olsun!