BLOQ

SEÇKİ-2024 YENİLƏNIR

Növbədənkənar Prezident seçkisinə 9 gün qalır

SEÇKİ-2024    YENİLƏNIR
  • Oxuma müddəti:

    7 dəqiqə

  • 10:37

    Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb

    2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının üzvləri, Katibliyin əməkdaşları, eləcə də müvafiq dairə seçki komissiyalarının sədrləri və katiblərinin də iştirakı ilə Milli Məclisin Mətbəəsində seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb.

    Bu barədə Mərkəzi Seçki Komissiyasından məlumat verilib.

    Bildirilib ki, proses açıq və şəffaf şəkildə gerçəkləşdirilib, beynəlxalq təşkilatlar, seçki müşahidə missiyaları, media nümayəndələri və maraqlı seçki subyektlərinin prosesi yaxından izləyə bilmələri üçün hər cür şərait yaradılıb.

    Bülletenlərin ilk gün – yanvarın 30-da Naxçıvan Muxtar Respublikasındakı seçki dairələri, işğaldan azad olunmuş ərazilərdəki seçki məntəqələrinin aid olduğu seçki dairələri, həmçinin respublikanın ucqar bölgələrini əhatə edən seçki dairələri də daxil olmaqla, ümumilikdə 36 seçki dairəsinə, növbəti 2 gün ərzində isə ölkənin digər bütün seçki dairələrinə təhvil verilməsi və prosesin tam yekunlaşdırılması nəzərdə tutulur.

    Yüksək təhlükəsizlik şəraitində hazırlanan seçki bülletenləri dairə seçki komissiyalarına verildikdən sonra onların daşınması, saxlanması və məntəqə seçki komissiyalarına paylanması prosesinin mühafizəsi Daxil İşlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən həyata keçirilir.

    Tədbir çərçivəsində seçki bülletenlərin hazırlanması və aidiyyəti üzrə çatdırılması ilə bağlı Seçki Məcəlləsinin tələbləri və prosesin təşkili barədə media nümayəndələrinə məlumat verilib, həmçinin jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

    Qeyd edək ki, Prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər qanunvericilikdə nəzərdə tutulmuş müddətdə Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edildikdən sonra, 2024-cü il yanvarın 24-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb və Komissiyanın qərarı ilə 6524203 (altı milyon beş yüz iyirmi dörd min iki yüz üç) seçki bülleteni çap olunub.

    Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada seçki bülletenləri dairə seçki komissiyalarına paylandıqdan sonra, səsvermə gününə azı 3 gün qalmışadək dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına veriləcək.

    ***

    29.01.2024

    12:50

    Erməni əsilli seçicilər Azərbaycan vətəndaşı kimi prezident seçkilərində səsvermədə iştirak edə bilərlər. Bunu jurnalistlərə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.


    O qeyd edib ki, milliyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları eyni səsvermə hüququna malikdir.

    ***

    Azad edilən ərazilərdə seçkilərə hazırlıq başa çatdı

    Laçın, Şuşa və azad olunmuş digər ərazilərdə prezident seçkilərinə hazırlıq başa çatıb.

    "Secki-2024.az" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

    MSK sədri beynəlxalq qurumların yaxşı müşahidə aparmasını vacib saydıqlarını bildirib: "Xüsusilə çox istərdik ki, ATƏT-in uzunmüddətli missiyası da azad olunan ərazilərdə prosesi izləsin. ATƏT-in vəzifəsi işğaldan azad olunmuş ərazilərdə ciddi müşahidə aparmaq olmalıdır. Çünki bilirsiniz, bu seçkiləri Zəfər seçkisi adlandırırıq. Hamımız fəal olmalıyıq".

    ***

    10:50

    Beyləqanda seçkilərə hazırlığı ATƏT/DTİHB-nin müşahidəçiləri izləyib

    83 saylı Beyləqan seçki dairəsində qeydiyyatda olan 54 562 seçici 59 seçki məntəqəsində səsvermə hüququndan istifadə edəcək.

    Bunu secki-2024.az saytına açıqlamasında həmin dairə seçki komissiyasının (DSK) sədri Zakir Vəlişov deyib.

    DSK sədri bildirib ki, 2 354 seçici ilk dəfə səsvermə hüququndan istifadə edəcək. Dairə üzrə yaşı 100-dən çox olan üç nəfər seçici var. Ən yaşlı seçici isə 108 yaşlı Muluxa İsmayılovadır.

    Zakir Vəlişov qeyd edib ki, fiziki məhdudiyyətli seçicilərin səsvermə hüququnun təmin edilməsi məqsədilə 26 seçki məntəqəsində panduslar quraşdırılıb: “Seçkilərin şəffaf və demokratik prinsiplərə uyğun təşkil edilməsi üçün müvafiq işlər görülür. Bütün seçki məntəqələrində təşviqat lövhələri qoyulub. Təşviqat materiallarının xüsusi mühafizəsi təşkil edilib. 7 seçki məntəqəsinə veb-kamera quraşdırılıb. Dairə üzrə 719 müşahidəçi qeydiyyatdan keçib”.

    DSK sədri bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) iki müşahidəçisi - Yevgeni Loginov və Lars Niholm dairədə seçkilərə hazırlıq prosesini izləyib.

    ***

    10:30

    “Seçki bülletenində namizədlərin ardıcıllığı əlifba sırası ilə yazılacaq”


    Bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov bildirib.

    Onun sözlərinə görə, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələbinə əsasən, seçki bülletenində namizədlərin ardıcıllığı əlifba sırası ilə olur və bülletenlər də bu qayda əsas götürülməklə çap olunur:

    R.Qasımov MSK-nın hazırda seçki bülletenlərinin çapını həyata keçirdiyini vurğulayıb.
     
    Qeyd edək ki, fevralın 7-nə təyin edilmiş Prezident seçkilərində 7 namizəd mübarizə aparacaq.

    Beləliklə, seçki bülletenində namizədlərin ardıcıllığı əlifba sırası ilə yazılacaqsa, onda sıralama aşağıdakı kimi olacaq:

    Əliyev Fuad Ağasi oğlu

    Əliyev İlham Heydər oğlu

    Həsənquliyev Qüdrət Müzəffər oğlu

    Musayev Elşad Nəbi oğlu

    Mustafa Fazil Qəzənfər oğlu

    Nurullayev Razi Qulaməli oğlu

    Oruc Zahid Məhərrəm oğlu

    ***

    Prezident seçkiləri ilə əlqədar 80 minə yaxın müşahidəçi qeydiyyatdan keçib

    Növbədənkənar Prezident seçkiləri ilə əlqəadar 80 minə yaxın müşahidəçi qeydiyyatdan keçib.

    Secki-2024.az saytı xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

    O bildirib ki, ölkədə 6300-dən çox seçki məntəqəsi var: "Hər məntəqəyə 15-ə qədər müşahidəçi düşür. Əsas məqsəd odur ki, müşahidəçilər fəal olsunlar, müəyyən məsələlərə müdaxilə etmək səlahiyyətləri var".

    M.Pənahov söyləyib ki, beynəlxalq müşahidəçilərin sayı 800-ə çatıb.