Bu həftə IV Antalya Diplomatik Forumu başlayır
Forumda Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak edəcək

Bu həftə IV Antalya Diplomatik Forumu öz işinə başlayır. 11-13 aprel tarixlərində keçiriləcək forumda dünyanın bir çox ölkələrindən dövlət başçıları, diplomatlar, nazirlər, ekspertlər iştirak edəcəklər.
Forumun saytında dəvət edilən şəxslərin siyahısı dərc edilib.
Siyahıya görə, Forumda Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak edəcək.
Həmçinin, Prezidentin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, müdafiə naziri Zakir Həsənov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmraslanov, deputatlar Əziz Ələkbərli, Nigar Arpadarai, Ramil Həsənin də adı siyahıya daxil edilib.
Digər Cənubi Qafqaz ölkələrindən - Gürcüstan və Ermənistandan da Forumda iştirak edənlər olacaq.
Gürcüstandan Forumda Baş nazir İrakli Kobaxidze, xarici işlər naziri Maka Boçorişvili iştirak edəcəklər. Ermənistandan isə xarici işlər naziri Ararat Mirzoyan, Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Foruma qatılacaq.