XƏBƏRLƏR / Neft və Qaz

Bu il AÇG üzrə hasil edilən neftin həcmi açıqlanıb

Bu barədə BP şirkəti xəbər verir

Bu il AÇG üzrə hasil edilən neftin həcmi açıqlanıb
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 2025-ci ilin ilk üç rübü üzrə "Azəri-Çıraq-Günəşli"dən (AÇG) gündə orta hesabla 327 min barrel, ümumilikdə isə təxminən 89 milyon barrel (12 milyon ton) neft hasil olunub.

    Bu barədə BP şirkəti xəbər verir. Məlumata görə, hasilat Çıraq (21 min barrel/gün), Mərkəzi Azəri (88 min), Qərbi Azəri (75 min), Şərqi Azəri (43 min), Dərinsulu Günəşli (52 min), Qərbi Çıraq (24 min) və ACE (24 min) platformalarından birlikdə əldə edilib.

    Bildirilib ki, 2025-ci ilin üçüncü rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.

    Qeyd edilib ki, fevralın 18-də AÇG layihəsi Mərkəzi Azəri platformasından ilk neftin əldə olunmasının 20 illiyini qeyd edib. Bu müddət ərzində yalnız həmin platformadan ümumilikdə 1,2 milyard barrel (155 milyon ton) neft hasil edilib.

    Üçüncü rübün sonunda AÇG-də istismarda olan quyuların ümumi sayı 203 olub. Onlardan 145-i neft hasilat, 48-i su injektor və 10-u qaz injektor quyularıdır.

    Qeyd edilib ki, cari ilin ilk üç rübü ərzində terminaldan ümumilikdə 159 milyon barrel neft və kondensat ixrac olunub. Bu həcmlərin hamısı Bakı–Tbilisi–Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə nəql edilib.

    Vurğulanıb ki, terminalın gündəlik texniki emal gücü hazırda 1,2 milyon barrel neft və kondensat, “Şahdəniz” qazı üçün isə təxminən 81 milyon standart kubmetr təşkil edir. Ümumi qaz emalı və ixrac gücü (AÇG səmt qazı da daxil olmaqla) gündə təxminən 100 milyon standart kubmetrə bərabərdir.

    Qaz ixracı əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), onun genişləndirilməsi sistemi (CQBKG) və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın paylama sistemi ilə birləşdirən Azərbaycan qaz kəməri vasitəsilə həyata keçirilib.

    İlk üç rüb ərzində terminaldan gündəlik orta hesabla 74,5 milyon standart kubmetr (təxminən 2,63 milyard standart kubfut) “Şahdəniz” qazı ixrac edilib.