Bu il Azərbaycanın qeyri-neft sektoru 4% artacağı gözlənilir
Bu barədə Beynəlxalq Valyuta Fondu proqnoz yayıb
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın qeyri-neft sektorunun 2026-cı ildə təxminən 4% artacağını proqnozlaşdırır.
BVF bu barədə APA-Economics-in sorğusuna cavab olaraq məlumat verib.
Azərbaycanın ümumi iqtisadi artımının 2026-cı ildə təxminən 2,5% olacağı və sonrakı illərdə bu səviyyəyə yaxın qalacağı gözlənilir.
Fondun qiymətləndirməsinə görə, bu bərpa 2025-ci ildə müşahidə olunan zəif artımdan sonra iqtisadiyyatın tədricən normallaşmasını əks etdirir. Xüsusilə, 2026-cı ildə neft hasilatının azalmasının cəmi 0,5% olacağı gözlənilir ki, bu da ümumi iqtisadi artıma məhdud mənfi təsir göstərir.
BVF qeyd edib ki, əlverişli baza təsirləri və neft qiymətlərinin yüksək qalacağı ehtimalı nəzərə alınmaqla qeyri-neft iqtisadi artımının 3,7%-ə qədər artması mümkün olacaq.
BVF həmçinin regional proqnozlara da toxunaraq bildirib ki, Mərkəzi Qafqaz və Mərkəzi Asiya (CMA) regionunda iqtisadi artımın 2026-cı ildə 4,7% səviyyəsində qalacağı gözlənilir. Bu rəqəm kreditləşmənin genişləndirilməsi, maliyyə stimullaşdırılması və artan karbohidrogen istehsalı ilə əlaqələndirilir. BVF orta müddətli dövrdə artım templərinin yavaşlaya biləcəyini və regionun şaxələndirmə və özəl sektorun aparıcı rolu da daxil olmaqla yeni inkişaf mənbələrinə əsaslanan artım modelinə keçməsinin vacibliyini vurğuladı.
1 dəqiqə