XƏBƏRLƏR / İctimaiyyət

C6 ölkələrinin iştirakı ilə Bakıda beynəlxalq konfrans keçir

Tədbirdə üzv ölkələrin aparıcı beyin mərkəzlərini təmsil edən ekspertlər iştirak edir YENİLƏNİB

C6 ölkələrinin iştirakı ilə Bakıda beynəlxalq konfrans keçir
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 16:11

    Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə Bakıda “C6: Vahid region, ortaq gələcək – strateji dialoqun gücləndirilməsi” mövzusunda Azərbaycan–C6 ölkələrinin beyin mərkəzlərinin beynəlxalq konfransı keçirilib.

    Tədbirdə C6 formatına daxil olan ölkələrin aparıcı analitik mərkəzlərinin ümumilikdə 60-a yaxın nümayəndəsi təmsil olunub.

    BMTM-nin sədri Fərid Şəfiyev bildirib ki, Azərbaycanın 2025-ci ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qoşulması regional əməkdaşlıqda yeni mərhələdir.

    Türkmənistan nümayəndəsi, Strateji Araşdırmalar Mərkəzinin direktoru Şiri Şiriyev C6 formatını yalnız dialoq platforması deyil, həm də qeyri-sabit qlobal şəraitdə ortaq həllər formalaşdıran praktik mexanizm kimi dəyərləndirib.

    Tematik sessiyalarda formal institutların zəruriliyi və çevik əməkdaşlıq formatlarının effektivliyi, Transxəzər regionu və Orta Dəhliz çərçivəsində regional sinerji və rəqabət məsələləri, təhlükəsizlik sahəsində mövcud ümumi və fərqli təhdidlər müzakirə və təhlil edilib.

    Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun nümayəndəsi Sanat Kuşkumbayev qeyd edib ki, Azərbaycanın C6 formatına qoşulması regiona dəniz bağlantısı qazandırır.

    Tacikistanlı ekspert Komroni Hidayotzoda Orta Dəhlizin ölkəsi üçün prioritet istiqamətlərdən biri olduğunu bildirib və daimi nəqliyyat çıxışının əhəmiyyətini vurğulayıb.

    Qazaxıstanlı politoloq Sultan Akimbekov qloballaşmanın zəifləməsi fonunda regional inteqrasiyanın gücləndiyini və bunun yeni imkanlar yaratdığını qeyd edib.

    Özbəkistan nümayəndəsi Akramjon Nematov isə Mərkəzi Asiyada təhlükəsizlik arxitekturasının yeni mərhələyə qədəm qoyduğunu bildirib.

    Konfrans sual-cavab müzakirələri ilə başa çatıb.

    ***

    09:59

    Bakda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “C6: Vahid region, ortaq gələcək strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilir.

    Konfrans çərçivəsində “Dialoqdan dayanıqlı mexanizmlərə: C6 əməkdaşlığının gələcəyi”, “Əlaqəlilik və inkişaf: C6 əməkdaşlığının iqtisadi ölçüsü və dayanıqlı inkişaf”, həmçinin “Qlobal qeyri-sabitlik şəraitində C6 regional təhlükəsizliyi” mövzularında panel müzakirələrinin keçirilməsi nəzərdə tutulub.

    Tədbirdə C6 formatına üzv ölkələrin aparıcı beyin mərkəzlərini təmsil edən ekspertlər, analitiklər və tədqiqatçılar iştirak edirlər.

    Konfransın məqsədi C6 çərçivəsində strateji dialoqun dərinləşdirilməsi, ortaq yanaşmaların formalaşdırılması və regionun dayanıqlı inkişafına töhfə verəcək əməkdaşlıq mexanizmlərinin təşviq edilməsidir.