BLOQ

Bizim "Cəbiş müəllim"in ad günüdür

Süleyman Ələsgərovun anadan olmasından 110 il ötür

Bizim "Cəbiş müəllim"in ad günüdür
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Azərbaycan teatr səhnəsinin unudulmaz sənətkarlarından biri – Süleyman Ağababa oğlu Ələsgərov aktyorluğa olan böyük sevgisi, yaddaşlarda iz qoyan obrazları və sənətə bağlılığı ilə teatr tariximizdə dərin və silinməz iz qoyub.

    Bu gün sənətkarın anadan olmasından 110 il ötür.

    Süleyman Ələsgərov 20 iyun 1915-ci ildə Bakıda doğulub.

    Aktyorun yaradıcılığının düz 63 ili Gənc Tamaşaçılar Teatrı ilə bağlı olub. Onun bir növ ömür yolunun bələdçisi olan bu teatr S.Ələsgərovu xalqa sevdirib, burada fəxri adlara, mükafatlara layiq görülüb. Onun bu teatrda yaratdığı rolları saymaqla qurtaran deyil. Polad (“Qızıl quş”, Mirmehdi Seyidzadə), Fərzəli bəy (“Nəsrəddin”, Yusif Əzimzadə), Aqşin (“Babək”, Əbil Yusifov), Müşavir (“Qarlar Kraliçası” , Yevgeni Şvarts) və digər rolları ona böyük şöhrət qazandırıb. Süleyman Ələsgərov təkcə Azərbaycan dramaturqlarının əsərlərində deyil, Avropa və rus klassiklərinin əsərlərində də maraqlı rollar yaradıb. Onun maraqla baxılan rolları sırasında Eldostu (“Çiçəkli dağ”, Məmmədhüseyn Təhmasib), Hacı Nuru və Molla Salman (“Molla İbrahimxəlil kimyagər”, Mirzə Fətəli Axundzadə), Valentin və Pontolone (“İki ağanın bir nökəri”, Karlo Haldoni), Molla Səfi və Hacı Qəmbər (“Hacı Qəmbər”, Nəcəf bəy Vəzirov), Lorenso (“Romeo və Cülyetta”, Uilyam Şekspir), Yaşar (“Yaşar”, Cəfər Cabbarlı) və s. qəhrəmanları da var.

    Onun yaradıcılığının özəyi, mayası əsasən realist aktyor məktəbinin estetik prinsipləri ilə yoğurulmuşdur. Personajların ifası psixoloji dramatizmi, komik və satirik rolların təbiiliyi, koloritli gülüşü, estetik zərifliyi ilə səciyyəvi idi.

    S.Ələsgərov “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan bir çox filmlərdə epizodik rollarda çəkilib. “Yenilməz batalyon”, “Babamızın babasının babası” “Bakıda küləklər əsir”, “Bəxtiyar”, “Bir ailəlik bağ evi”, “Bir cənub şəhərində”, “Xatirələr sahili”, “İnsan məskən salır”, “İstintaq davam edir ”, “Torpaq. Dəniz. Od. Səma” və digər filmlərdə o, epizodik rollar yaratsa da, onları sevdirə bilib. Həmçinin S.Ələsgərov bir neçə televiziya tamaşasında, televiziyanın müxtəlif əyləncə proqramlarında özünəməxsus obrazlar yaratmışdır.

    Xüsusi olaraq qeyd edilib ki, Süleyman Ələsgərovun oynadığı "Bizim Cəbiş müəllim" filmindəki əsas qəhrəman olan Cəbiş müəllim rolu ekran yaradıcılığında parlaq nümunədir. Doğrudan da, Cəbiş müəllim çətin, məsuliyyət tələb edən bir obraz idi. Lakin bütün bunlara baxmayaraq Xalq Artisti Süleyman Ələsgərov bu rolu tamaşaçılara sevdirə bildi.

    Qeyd edək ki, ANS Şirkətlər Qrupuna daxil olan "BALANS" Milli Rəqəmsal Bərpa Studiyası 2024-cü ildə "Bizim Cəbiş müəllim" filmini tam bərpa edib.

    Görkəmli sənətkar 1954-cü ildə “Azərbaycan Respublikasının Əməkdar artisti”, 1982-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

    Süleyman Ələsgərov 1998-ci il dekabrın 10-da Bakıda vəfat edib.