XƏBƏRLƏR / Qayıdış

Cəbrayıla köçən 36 ailəyə evlərinin açarları təqdim olundu

İlkin olaraq bu şəhərə 117 nəfər köçürülüb

Cəbrayıla köçən 36 ailəyə evlərinin açarları təqdim olundu
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 14:36

    Bu gün ilk köç karvanı ilə Cəbrayıl şəhərinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

    Cəbrayıla qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara ANAMA əməkdaşları tərəfindən mina və partlamamış silah sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyatı qurumlara xəbər vermələri tövsiyə olunub.

    Daha sonra ailələr sevinc hissi ilə açarları təhvil alıb və öz evlərində məskublaşıblar.

    Bununla da Cəbrayıl şəhərində 36 ailə, yəni 117 nəfərin daimi məskunlaşması təmin edilib.

    ***

    12:58

    31 ildən sonra Cəbrayıl şəhəri öz doğma sakinlərinə qucaq açıb. Böyük Qayıdış proqramı üzrə Cəbrayıl şəhərinə ilk köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.

    Cəbrayıl şəhəri ilk köç prosesində 36 ailə olmaqla, 117 nəfərə qucaq açıb. Şəhərə qədəm qoyan ailələr böyük coşqu ilə qarşılanıb və Cəbrayıl şəhərində yaradılan gözəlliyi seyr ediblər.

    Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

    Qeyd edək ki, köçürülən ailələrin Cəbrayıl şəhərində dövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən binalarda məskunlaşması üçün bütün şərait yaradılıb.

    ***

    06:58

    Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

    İlkin olaraq Cəbrayıl şəhərinə 36 ailə - 117 nəfər köçürülüb.

    Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.